Putin: "İnternet Mərkəzi Kəşfiyyat İdarəsinin layihəsdir"

Şəklin mənbəyi, Reuters
Prezident Putin hesab edir ki, internet ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) layihəsi kimi yaranıb.
Rusiya lideri Sankt-Peterburqda keçirilən Mediaforum iclasında çıxış edərkən deyib ki, internet "ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi layihəsi kimi yaradılaraq inkişaf etdirilib".
Onun sözlərinə görə, ABŞ-dan keçən informasiya axınına bu ölkə tərəfindən nəzarət edildiyindən, Rusiyanın iri millli internet resurslarının serverlərini ölkə daxilində yerləşdirmək lazımdır.
Putinin sözlərinə görə, Rusiya şirkətlərində irimiqyaslı kapital yatırımları üçün əvvəllər kifayət qədər vəsaiti olmayıb, lakin "indi bunun üçün imkanlar yaranıb".
Rusiya Dumasında bu həftə internet xidməti göstərən şirkətlərin fəaliyyətinə nəzarətin gücləndirilməsi üçün qanunvericiliyə müvafiq düzəlişlər edilib.
Söhbət elektron poçt, SMS və İP telefon xidmətləri göstərən şirkətlərdən və sosial şəbəkələrdən gedir.
Qanuna görə həmin xidmətləri göstərən şirkət və saytlardan istifadəçilərin ötürdüyü məlumatları saxlamaq və məhkəmə qərarı olarsa, həmin məlumatları hüquq-mühafizə orqanlarına təqdim etmək tələb oluna bilər.
