Paşinyan KTMT-nin "Ermənistana yardımla bağlı" sənədini imzalamayıb

Yerevanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti başa çatıb. Ermənistanın Baş naziri Nikol Paşinyan təşkilata üzv olan ölkə başçılarının iştirakı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bəyan edib ki, o, "Ermənistana yardım göstərmək haqqında" sənədləri imzalamağa hazır deyil.

Baş nazirin mətbuat xidmətinin açıqlamasında qeyd olunur ki, söhbət "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Kollektiv Təhlükəsizlik Şurası (KTMT KTŞ) bəyannaməsi" və "Ermənistana yardım haqqında birgə tədbirlər layihəsi"ndən gedir. Layihələrin mətni hələlik ictimayyətə açıqlanmayıb.

Paşinyan sammit əsnasında qəbul olunan 15 qərardan bu iki sənədin tamamlanmasına ehtiyac olduğunu bildirib. Baş nazir deyib ki, Yerevan təşkilatdan "Ermənistan ərazilərinin işğalına siyasi qiymət verilməsini" gözləyirdi, lakin bu, səslənmədi.

"Son iki il ərzində KTMT üzvü olan Ermənistan azı üç dəfə Azərbaycan tərəfindən təcavüzə məruz qalıb. Məyus edən odur ki, Ermənistanın KTMT üzvü olması Azərbaycanı aqressiv hərəkətlərdən saxlamadı və faktiki olaraq, bugünədək biz Azərbaycanın Ermənistana qarşı təcavüzünə dair heç bir qərara nail ola bilməmişik. Bu faktlar KTMT-nin imicinə istər bizim ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda böyük xələl vurur. Və mən bunu Ermənistanın KTMT-də sədrliyinin ən böyük uğursuzluğu kimi qiymətləndirirəm. Bunu müttəfiqlərimiz Qırğızıstan və Tacikistan arasında sərhəddə eskalasiya haqqında da demək olar", - deyə, o, çıxışında bildirib.

Ermənistan mətbuatı yazır ki, KTMT-nin baş katibi Stanislav Zas jurnalistlərə açıqlamasında deyib ki, qurumun "Ermənistana kömək göstərilməsi tədbirləri haqqında" qərar layihəsi "yüksək hazırlıq vəziyyətindədir", amma "müəyyən müddəalarının işlənməsinə ehtiyac var":

"Ümumilikdə, əlbəttə, Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlı bu heç də sadə olmayan situasiyada Ermənistana köməklik göstərilməsinə dair kompleks tədbirlər razılaşdırılıb və müəyyənləşdirllib".

Ermənistan mətbuatı həmçinin yazır ki, çərşənbə günü paytaxt Yerəvanda erməni fəallar və ukraynalılar KTMT və Rusiya əleyhinə aksiya keçiriblər.

Ermənistanı Belarus əvəz edəcək

Qurumun yeni sessiyalararası dövrü üçün sədrlik Belarusa keçib. Bununla bağlı qurumun yeni sədri Belarus prezidenti Aleksandr Lukaşenko gələn il KTMT-də həyata keçiriləcək ölkənin prioritetlərini təqdim edib. Onlar KTŞ-nin sessiyasının qərarlarının icrası üzrə müvafiq planda öz əksini tapacaq.

KTMT sədrliyini Belarusa təhvil verməzdən öncə, Paşinyan Ermənistanın 14 aya yaxın sədrliyinin "istər qlobal, istər regional baxımından ciddi sarsıntılar dövrünə" təsadüf etdiyini bildirib.

"Bildiyiniz kimi, cari ilin sentyabrın 13-dən 14-dək Ermənistan Azərbaycan tərəfindən əsassız və təhrik edilməmiş təcavüzlə qarşılaşıb, nəticədə tək müəyyən suveren əraziləri deyil, həm də hərbçiləri və mülki əhalisi arasında itkiləri olub, xeyli mülki infrastrukturu dağıdılıb".

"Azərbaycanın bu günədək KTMT-nin reaksiyasına dair heç bir qərara gələ bilmədiyimiz növbəti təcavüzü həm KTMT, həm də təşkilatın Ermənistan cəmiyyətində qavranması üçün son dərəcə əhəmiyyətli olan fundamental suallar doğurur" -deyə, Baş nazir əlavə edib.

Paşinyan qeyd edib ki, Ermənistanın mövqeyinə görə, 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsinə əsasən, MDB-nin təsisçi ölkələri müstəqil dövlətlər olaraq bir-birinin ərazi bütövlüyü və mövcud olan sərhədlərinin sarsılmazlığını tanıyıblar:

"Bu, o deməkdir ki, sözügedən ölkələr Sovet İttifaqı zamanı respublikalar arasında mövcud olan inzibati sərhədləri ilə müstəqilləşiblər. Keçmiş inzibati sərhədlər dövlət sərhədlərinə çevrilib və həmin ölkələrin əraziləri bu sərhədlər daxilində müəyyənləşib. Ermənistan məhz həmin sərhədləri daxilində BMT və KTMT -yə üzvü olub".

Təcavüz ittihamlarını rədd edən Azərbaycan tez-tez Ermənistanı qarşılıqlı olaraq, bir-birilərinin sərhədlərini tanımağa çağırıb. Tərəflər bu ilin oktyabrında baş tutan Praqa görüşəndə Almatı Bəyyanəməsinə sadiqliklərini təsdiqləyib.

Ermənistan KTMT-dən nə gözləyir?

Baş nazir qeyd edib ki, Ermənistan yuxarıda qeyd olunan faktın aydın siyasi ifadə formasında təsdiqlənməsini istəyir:

"Ermənistanla Azərbaycan arasında sərhəd yoxdur deyərək, bundan imtina etmək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasının olmamasını israr etmək deməkdir. Məsuliyyət zonası yoxdursa, onda təşkilatın özü də yoxdur. Hər halda, belə də təfsir etmək olar".

Paşinyan Ermənistanın Azərbaycanı KTMT ilə müharibəyə təhrik etmək cəhdlərinə dair şərhlərə də münasibət bildirib:

"Bu, əsil manipulyasiyadır, çünki Ermənistan müharibədə maraqlı ola bilməz, heç olmasa ona görə ki, müharibələrdən kifayət qədər əziyyət çəkib, o cümlədən bu ilin sentyabrında".

Baş nazir bunun həm mənəvi cəhətdən, həm "müttəfiqlik münasibətlərinin məntiqi təzahürü" cəhətdən zəruriliyini qeyd edib:

"Əlbəttə, bu, ölkəmizin ərazi bütövlüyünün bərpası nöqteyi-nəzərindən də vacibdir. Lakin bu səy heç də hərbi müdaxilə demək deyil. KTMT nizamnaməsinin 3-cü maddəsinə görə, kollektiv surətdə üzv dövlətlərin ərazi bütövlüyünün müdafiəsi üçün siyasi vasitələrə üstünlük verilir".

Ermənistanın Baş naziri ölkəsinin "KTMT Kollektiv Təhlükəsizlik Şurasının qərarına əsasən, Azərbaycan tərəfi ilə Azərbaycan qoşunlarının təxirə salınmadan və şərtsiz Ermənistan suveren ərazisindən 11 may 2021-ci il tarixində yerləşdiyi mövqelərinin çıxarılmasına yönəlmiş lazımi siyasi-diplomatik işlərin tezləşdirilməsini təklif etdiyini" vurğulayıb.

Putin "ümid edir"

Ermənistan mətbuatının yazdığına görə, Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində çıxış edərkən, "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına ümid etdiyini" deyib.

Putin əlavə edib ki, Soçidə aparılmış üçtərəfli danışıqlar əsas məsələlərin həlli üçün yaxşı bünövrə olub. Onun sözlərinə görə, Soçidə 2020 və 2021-ci ildə qəbul edilmiş üçtərəfli razılaşmalara ən yüksək səviyyədə sadiqlik ifadə olunub:

"Sərhədin delimitasiyasına, nəqliyyat kommunikasiyalarının açılmasına, humanitar problemlərin həllinə, Ermənistan və Azərbaycan arasında münasibətlərin dayanıqlı normallaşdırılmasına yalnız bu razılaşmalara ardıcıl əməl etməklə nail olmaq olar. Ümid edirik ki, bu, son nəticədə Yerevan və Bakı arasında sülh müqaviləsinin imzalanmasına imkan verəcək".

2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş verən 44 günlük müharibədən sonra Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin birlikdə 10 Noyabr bəyannaməsini imzalayıblar. 44 günlük müharibədən sonra Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Təmas xəttinə və Laçın dəhlizinə Rusiya sülməramlıları yerləşdirilib.

Azərbaycan tərəfi Ermənistan ərazisinin təcaüvüzlə bağlı ittihamlarını qəbul etmir və sadəcə öz ərazi bütövlüyünü bərpa etdiyini bildirir.

Azərbaycan 44 günlük müharibədən sonra bir neçə dəfə Ermənistan və Rusiyanı 10 Noyabr bəyannaməsinin şərtlərinə əməl etməməkdə ittiham edib. Azərbaycan Müdafiə Nazirliyinin çərşənbə günü yaydığı açıqlamaya görə, "Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini son iki gündə də atəşə tutub".

Noyabrın 23-də Ermənistanın paytaxtı Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti keçirilib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hazırda altı ölkə - Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Tacikistan daxildir.

Videonu YOUTUBE kanalımızda izləyin.