BBC Rusiyada işini müvəqqəti dayandırmağa qərar verib

Buna səbəb Rusiya Dövlət Dumasının bu gün qəbul etdiyi qanundur. Bu qanuna görə, Rusiya ordusunun Ukraynadakı hərəkətləri barədə yalan məlumat yaymaqda təqsirli bilinən şəxsləri 3 ilə, bir qrup tərəfindən yayılarsa, 10 ilə, xəbər ağır nəticələrə səbəb olarsa, 15 ilə qədər həbs cəzası gözləyir.

Bundan sonra Rusiyanın informasiya texnologiyaları və KİV-ə nəzarət (Roskomnadzor) xidməti "Meduza" və "Azadlıq Radiosu", BBC Rusca, eləcə də Ukraynanın bir neçə xəbər mənbələrinə girişi məhdudlaşdırıb.

BBC-nin baş direktoru Tim Davie deyib ki, Rusiyada qəbul olunmuş müstəqil jurnalistika fəaliyyətini "cinayət hesab edir".

"Bu arzuolunmaz gedişin bütün nəticələrini qiymətləndirərkən, BBC News-un bütün jurnalistlərinin və onların Rusiya Federasiyası daxilindəki yardımçı heyətinin işini müvəqqəti dayandırmaqdan başqa seçim qalmır".

Tim Davie əlavə edib ki, BBC News-un rusca xidməti işini kənardan davam etdirəcək.

"İşçilərimizin təhlükəsizliyi hər şeydən üstündür və biz onları sadəcə öz işlərini yerinə yetirdiklərinə görə cinayət təqibi riskinə məruz qoymağa hazır deyilik. Mən onların hamısına cəsarətlərinə, qətiyyətlərinə və peşəkarlığına görə təşəkkür etmək istərdim.

Biz xəbər xidmətlərimizdən istifadə edən milyonlarla rus da daxil olmaqla, bütün dünya üzrə auditoriyaya dəqiq, müstəqil məlumatı təqdim etməyə sadiqik.

Ukraynadakı və dünyanın hər yerindəki jurnalistlərimiz Ukraynanın işğalı barədə məlumat verməyə davam edəcək".