You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"O, həyatını azad insan kimi yaşaya bilmir." Qafqazda məişət zorakılığının xüsusiyyətləri nədədir?
- Müəllif, Natalya Zotova
- Vəzifə, BBC
Çeçenistanlı qadın ailəsindən qaçıb. Onu zorla sığınacaqdan çıxarıb ailəsinə təhvil veriblər. BBC-nin Rus xidməti Qafqazdakı qadınların özlərini məişət zorakılığından necə qorumağa çalışdıqlarını araşdırıb.
İyunun 11-də polis Mahaçqalada məişət zorakılığına məruz qalmış bir neçə qadının sığındığı bir mənzilə həmlə edib.
Qadınların sözlərinə görə, polis onları döyərək saxlayıb.
Əsas hədəf 22 yaşlı Çeçenistan əsilli Halimat Taramova olub - Dağıstan polisi onu Çeçenistan nömrəli avtomobillərdə mülki geyimli adamlara təhvil verib. İyunun əvvəlində Taramova hüquq müdafiəçiləri və bir rəfiqəsinin köməyi ilə Qafqazı tərk etməyə çalışırdı.
Çeçenistandan qaçan qızı Dağıstanda qadınlar üçün bir sığınacaqda tutdular.
"O mənzilə sığınanların hamısı məhz həmin o kobud, dəhşətli bir qüvvədən qaçmışdılar. Fincanlarımızın, diş fırçalarımızın olduğu mənzilin qapısının necə yarıldığını görmək... Çox qorxunc idi", - hücum zamanı mənzildə olmuş hüquq müdafiəçisi Svetlana Anoxina BBC-yə deyir.
Onu və digər saxlanılan qadınları polisə müqavimət göstərməkdə ittiham edərək inzibati maddə ilə məhkəməyə verdilər, lakin qadınlar məhkəmədən bəraət aldılar. Mənzilə polis basqınından sonra qadınların bədənlərində göyərmələr qalmışdı.
Halimat Taramovanın başına nə iş gəlib?
Çeçen qızı xilas etmək üçün Qafqaza gələn Halimatın rəfiqəsi, 26 yaşlı Sankt-Peterburqlu Anna Manilova, polis hücumu zamanı ikisinin balkon vasitəsilə mənzildən çıxdıqlarını, amma tutulduqlarını jurnalistlərə söyləyib.
Hər ikisi əvvəlcə Mahaçqalanın Leninski rayonu Daxili İşlər Nazirliyinə gətirilib və bir neçə saat davam edən söhbətdən sonra polis Taramovu mülki geyimli, Çeçenistan nömrəli cip maşınlarında oturmuş insanlara təhvil verib.
"Halimatı asfalt üzərində sürüyə-sürüyə maşına gətirib salıblar. O, müqavimət göstərirdi, qışqırdı. Mən ona heç cür kömək edə bilmədim - məni saxladılar", - Manilova "Xolod" nəşrinə verdiyi müsahibəsində bildirib.
Halimat Taramovanın nüfuzlu qohumları var: o, Ramzan Kadırovun silahdaşı və Çeçenistan administrasiyası aparatının keçmiş başçısı Ayub Taramovun qızıdır. Qız beş ildir evlidir - söyləyirdi ki, boşanmaq istəyir, ancaq valideynləri bu məsələdə onu dəstəkləmirdilər.
Mayın 28-də Halimat Rusiya LGBT şəbəkəsinə (cinsi və gender azlıqların hüquqlarının qorunması və sosial adaptasiyası ilə məşğul olan Rusiya bölgələrarası ictimai hərəkatı) kömək üçün müraciət edib.
Yaxın dostu Anna Manilovanın dediyinə görə, evdə qız cinsi oriyentasiyası səbəbindən zorakılıq və təhdidlərə məruz qalıb, rabitə vasitələrindən məhrum edilib və onunla ünsiyyət qurmağa qadağa qoyulub.
Bütün bunları Taramovanın özü də polis üçün yazılmış videoda söyləyib: "Könüllü olaraq müntəzəm döyülmələr və təhdidlərdən qaçaraq evdən çıxdım. Xahiş edirəm harada olduğumu bildirməyin, çünki bu mənim həyatım üçün təhlükə yaradacaq."
Müraciət fayda vermədi: Cümə günü axtarılan qız mənzildən çıxarıldı. Bazar ertəsi günü Çeçenistan Dövlət Televiziya və Radio Yayımları Şirkəti Xalimat Taramova ilə valideynlərinin evində lentə alınan bir video reportaj yayımladı. Videoda Taramova otağın küncündə dayanır (Qafqazda kişilər otaqda olarkən qadınların ayağa qalması adətdir) və hüquqlarının pozulmadığını və yaxşı işlədiyini cavablandırır. Eyni müsahibədə Halimat LGBT-yə mənsub olduğunu inkar edir.
Çeçenistanın Milli Siyasət, Xarici Əlaqələr və Mətbuat Naziri Əhməd Dudayev, Taramovanın guya "zehni problemləri" olduğunu və təhlükəsizlik qüvvələrinin onu qaçırmadığını, əksinə "təxribatçılar" tərəfindən qaçırma cəhdinin qarşısını aldığını söyləyib.
"Çeçenistan Respublikasında prinsipcə mövcud ola bilməyən bəzi azlıqları bizə aid etmək cəhdləri edilir", - Dudayev deyib.
Qafqazdakı qadınların mövqeyi Rusiyanın qalan hissəsindən nə ilə fərqlənir?
"Mənə deyirlər: hər yerdə ailədaxili zorakılıq var. Xeyr, burada fərqli çox şey var, - dağıstanlı hüquq müdafiəçisi və jurnalist Svetlana Anoxina BBC-yə verdiyi müsahibəsində israr edir. - Bir insanın Ryazan və ya Sızrandan çoxsaylı qohumlarını yığaraq arvadının və ya qızının gizləndiyi uzaq yerə gedib onu orada təqib edəcəyini təsəvvür etmək çətindir. Burada isə həmin "yaramazın" axtarışına böyük sayda adam qoşulur."
Qafqazdakı qaydaların Ryazan qaydalarından əsas fərqi oradakı cəmiyyətin kollektivist olmasındadır, Marem insan haqları qrupunun könüllüsü Katerina Neroznikova izah edir. Bu qrup şiddət qurbanlarına (əsasən Qafqazda) hüquqi və psixoloji yardım göstərir.
"Həm qadın, həm də kişi böyük bir ailə strukturunun bir hissəsidir. Halimata bənzər bir qadın ailədə özünü pis hiss etdiyini desə, bu, dərhal onun əri, sonra da qardaşları haqqında pis təsəvvür yaradacaq", - o deyir.
Burada qadının davranışı onun öz şəxsi işi deyil, ailənin nüfuzunun göstəricisidir.
Qafqaz adət-ənənəsinə görə isə, cəmiyyət qarşısında qadının özünü necə aparmasının məsuliyyəti, cavabdehliyi kişinin üzərinə düşür - bu səbəbdən qadınların davranışlarına ciddi nəzarət edilir.
"Kimsə axşam saatlarında küçədə gəzən bir qız görsə, bu barədə nə düşündüyünü həmin qıza yox, o qızın qardaşına bildirəcək ki, bacısına nəzarət etmir, - sosioloq İrina Kosterina izah edir. - Elə bu səbəbdən də bir çox kişilər məsələn, arvadlarının, bacılarının internetdə yazışmasını, telefonlarını yoxlayırlar. Onlar öz nüfuzlarına görə qorxurlar: bəlkə qadın qınanılacaq nəsə edir".
Rəsmi olaraq, Qafqazda digər bölgələrdə də olduğu kimi Rusiya qanunları qüvvədədir - amma həqiqət budur ki, həyat tərzi yalnız mövcud qanunlarla müəyyən edilmir. İrina Kosterina qeyd edir ki, Rusiya qanunlarından başqa İslam etikası da böyük əhəmiyyətə malikdir - Şəriət qanunları və "adi hüquq" deyilən adət-ənənəyə əsaslanan yazılmamış qaydalar toplumu.
Bütün bu qaydalar qəribə şəkildə bir-biri ilə əlaqəlidir. Dağıstanlı insan haqları fəalı Svetlana Anoxina bu cür vəziyyəti lazım olduqda papağından tələb olunan qanunu və ya adəti çıxaran sehrbazın hərəkətinə bənzədir.
Buna görə də, Qafqazda qanunların tətbiqi prinsip etibarilə ölkənin qalan bölgələrindəki tətbiqindən fərqlənir - bu, o cümlədən, qadın hüquqlarına da aiddir.
Gəlin qaçırılması Qafqazda qeyri-adi bir hadisə sayılmır və adətən bu hərəkətə görə cinayət işi açılmır. Rusiyanın əksər bölgələrində, boşanma zamanı məhkəmə uşaqları anada saxlayır. Qafqazda isə, əksinə, uşaqlar atanın ailəsinə verilir. Katerina Neroznikova bunu izah edir: "Qadın gedirsə - qoy tək getsin, ona heç nə verməyəcəyik", - Katerina Neroznikova bu məntiqi belə təsvir edir. Halimat Taramova üçün sığınacaq olmuş mənzili kirayələyən də məhz Katerina Neroznikova idi.
Boşanmanın özü - əgər təşəbbüs qadından gəlirsə - o zaman bu proses də çətinə düşür.
"Qadın boşanıb sərbəst həyatını yaşaya bilmir. Heç kim onu tək yaşamağa qoymaz. Boşansa, atasının evinə qayıtmalıdır. Valideynləri isə bir çox hallarda onun geri dönməsi ilə razılaşmır", - Svetlana Anoxina deyir.
Nəticədə ailə və dostluq münasibətləri, adət-ənənə qanunlardan daha vacib olur - və nəticədə, Halimat Taramovanın düşdüyü vəziyyət kimi hallar mümkün olur.
Neroznikovanın dediyi kimi, əvvəllər "Marem" təşkilatı bir neçə dəfə məişət zorakılığı qurbanlarının adının axtarışa verilənlərin siyahısından çıxarılmasına kömək edə bilib.
Bu prosedur, əslində, qadının polisə özünün yoxa çıxmadığını, öz könlü ilə evdən getdiyini və axtarılmasına ehtiyacın olmadığını bildirməsindən ibarətdir. Ancaq Halimat Taramova məsələsində bu prosedur nəticə vermədi.
Marem könüllülərinin söylədiyinə görə, hücumdan bir neçə saat əvvəl sığınacağa bir polis gəlib dəymişdi. O, mətbəxdə Halimat ilə sakitcə söhbət etdi, qadın ona qohumlarının onu tapmasını istəmədiyini bildirdi və Halimata qarşı heç bir söz deyilmədi.
Svetlana Anoxinanın sözlərinə görə, gələn həmin adam birbaşa kömək və müdafiə vəd etmişdi. Buna baxmayaraq, bir neçə saatdan sonra mənzilə çoxsaylı təhlükəsizlik əməkdaşları daxil oldular.
Svetlana Anoxina deyir ki, polislərlə yanaşı mənzilə Halimatın atası da girmişdi - yəni nədənsə təhlükəsizlik qüvvələri ilə birlikdə əməliyyatda mülki şəxsin iştirakına da icazə verilmişdi, Svetlana nəticə çıxarır.
"Bu, əslində polisin işi deyildi, bunun belə olmamasına qərar verən bir dəstə kişi idi. Bu necə belə olur, axı?" - Anoxina narazı halda sual qaldırır.
Qafqazda qadınları qoruyan təşkilatlar varmı?
Bir qadını öz ailəsindən qorumaq Qafqazda adət-ənənəyə qarşı çıxmaq deməkdir. Bu o deməkdir ki, qadın üçün adət-ənənəni deyil, ona dəstək verəcək kimi isə tapmaq çox çətindir.
"Yardım üçün çeçen və inquş insan haqları fəallarına, çox cəsur kişilərə müraciət edirdim. Həmin cəsur kişilər də geri çəkilirdi. Onlar şiddət ilə müşayiət olunan qanunsuzluqla mübarizədə cəsurdular, lakin atanın və ya ərin qadın üzərində haqqı kimi qüvvəyə qarşı çıxmırlar", - Svetlana Anoxina BBC-yə deyib.
Odur ki, Qafqazda qadınların müdafiəsinə yalnız qadınlar qalxır. Və belə qadınlar tək-tükdür. Halimat Taramovanın qaldığı sığınacaq mənzili Marem qrupunun könüllüləri kirayələmişdi.
"Marem" təşkilatını bir neçə qadın bir araya gələrək yaradıb. Onların məqsədi Qafqazdakı digər qadınlara böyük pul və resurslar olmadan kömək etməkdir. Onların əksəriyyəti adlarını gizlədir, çünki əks halda qohumları onların ictimai iş görməsinə mane ola bilərlər.
Marem qrupunun yaradıcılarından biri, insan hüquqları müdafiəçisi və Daptar nəşrinin baş redaktoru Svetlana Anoxinadır. Nəşr Şimali Qafqazdakı qadınların vəziyyətini işıqlandırır.
Digər bir iştirakçı, Instagram-da "Dağlı qadının gündəliyi" bloqunun və xüsusən də qızların yaşadıqları cinsi zorakılığa dair hekayələrinin yer aldığı bir neçə kitabın müəllifi Məryəm Əliyevadır. Bu yaxınlarda Əliyeva Manijanın Eurovision müsabiqəsindəki çıxışında da görünmüşdü - ekranda müğənni ilə birlikdə mahnı oxuyan yüzlərlə qadının arasında idi. İnternetdə o, bir müsəlman qadın olaraq "liberallığa", "mürtədliyə" yol verdiyinə görə qınağa məruz qalmışdı.
"Marem" məhz ona görə ortaya çıxdı ki, Qafqazda qadınlara kömək edən təşkilatların sayı çox azdır, Anoxina BBC-yə izah edib.
"Rəsmi" yardım təşkilatları mövcuddur, məsələn, böyük ailələrə, tək analara və şiddət yaşamış qadınlara kömək edən Çeçenistandakı "Qadınlar İnkişaf üçün" adlı təşkilat.
Və ya Dağıstanın "Ana və uşaq" ictimai təşkilatı.
Qadınlar üçün sosial otellər də fəaliyyət göstərir. Ancaq bütün bu yerlərdə sığınacaq almaq üçün ən azı sənədlərə ehtiyac var.
Rusiyanın daha təhlükəsiz böyük şəhərlərinə köçmək üçünsə hələ pul da tələb olunur.
Qaçaq düşmüş qadınların isə çox vaxt bunlardan heç biri olmur və xeyriyyəçi təşkilatlar üçün işləmək və işləri üçün vəsait toplamaq çətin olur.
Ancaq pul da olsa belə, qadınlar ailə dəstəyi olmadan özlərini gücsüz hesab edirlər. Ən mühafizəkar respublikalarda - Çeçenistan və İnquşetiyada - tənha qadınlara çox vaxt sadəcə mənzil kirayəyə verilmir, çünki hesab olunur ki, qadın tək yaşamamalıdır.
Katerina Neroznikova deyir ki,"Marem" üçün kirayəyə götürdüyü mənzil xüsusi təchiz olunmuş bir sığınacaq deyil - sadəcə getməyə yeri olmayanların orada bir müddət qala biləcəyi bir yerdir.
"Belə bir mənzilə ehtiyac bir neçə gün ərzində qalmaq üçün yarana bilər ki, qadın sənədlərini yığsın, Moskvada sığınacaq almaq üçün Covid-19 testini versin və bu kimi digər hazırlıq işi görülsün", Neroznikova BBC-yə söyləyir.
Marem, internetə çıxışı və ya telefonu olmayan, hətta rus dilində yaxşı danışmayan və Rusiyanın iri şəhərlərinə köçmək istəyən Qafqaz qadınları ilə Rusiyadakı qadınlar üçün böhran mərkəzləri arasında bir növ vasitəçiyə çevrilib.
Təxminən bir il işlədiyi müddət ərzində bu qrupun mənzilindən uşaqları nəzərə almadan sığınacaq kimi 10 nəfər istifadə edib.
Ancaq daha çox sayda insana könüllülər pulsuz psixoloq, vəkil və ya sadəcə məsləhət verməklə kömək ediblər: sənədləri necə hazırlamaq, hara getmək, polis tərəfindən axtarılmamaq üçün nə etmək lazımdır - bu kimi məsələlərdə ehtiyacı olanlara yardım göstərilib.
Bundan sonra Halimatın aqibəti necə olacaq?
Halimat Taramova aparıldıqdan dərhal sonra Rusiya LGBT Şəbəkəsi Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) "39-cu qayda " ilə müraciət edib - bu maddədən təcili hallarda istifadə olunur ki, Avropa Məhkəməsinin ədalətsizliyə reaksiyasını qısa bir zaman kəsiyində almaq mümkün olsun.
Məhz 39-cu qayda əsasında bu il AİHM Navalnının həbs olunmasından qısa müddət sonra onun azad olunmasını tələb edib. Eyni qaydadan 2017-ci ildə jurnalist Əli Feruzun Özbəkistana deportasiya təhlükəsi yarananda da istifadə olunub (orada ona işgəncə verilib).
Avropa Məhkəməsi Rusiyaya suallar ünvanlayıb və onların cavablandırılmasına 10 gün vaxt ayırıb.
AİHM Taramovanın tutulub saxlanılıb-saxlanılmamasını, əgər saxlanılıbsa, bu hansı əsasla edilib, onun yanına vəkil buraxılıbmı, Taramovanın həqiqətənmi Çeçenistana aparılıb-aparılmaması, əgər aparılıbsa, bunu kimlər edib - fərdlər yoxsa təhlükəsizlik əməkdaşları, Taramovanın Çeçenistanda həbs altında olub-olmadığını, olunubsa, bunun səbəbi nə olub - bu kimi suallarla maraqlanır.
LGBT şəbəkəsi eləcə də Çeçenistanın İstintaq Komitəsinə qızın oğurlanması barədə məlumatla müraciət edib.
Çeçenistan, Rusiyada LGBT insanlar üçün ən təhlükəli yerdir. 2017-ci ildə homoseksualların kütləvi şəkildə tutulması və onlara işgəncə verilməsi barədə məqalələr olub, Novaya Gazeta nəşri bir neçə qətl hadisəsi barədə məlumat yayıb.
Çeçenistan hakimiyyəti təkcə geylərə qarşı zorakılıq ittihamlarını deyil, həm də onların respublikada mövcud olması faktını da inkar edib.
Halimatin rəfiqəsi Anna Manilova, qızın cinsi oriyentasiyası səbəbindən qətllə təhdid olunduğunu təsdiqləyib.
"Namus qətli" Şimali Qafqazın ən mühafizəkar bölgələrində mövcud olan bir praktikadır.
Bu praktika ailənin nüfuzunu bərpa etmək üçün "rüsvay olunmuş" qadının öz qohumları tərəfindən öldürülməsini nəzərdə tutur.