You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov vəzifəsindən azad edildi
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev qərar verib.
Bazar ertəsi günü Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında hüquq-mühafizə orqanları əməkdaşlarının əməliyyat keçirdiyi, bəzi vəzifəli şəxslərin saxlandığı iddia edilib.
BBC News Azərbaycancanın Cəlilabaddakı qeyri-rəsmi mənbələrdən əldə etdiyi və rəsmən təsdiqlənməmiş məlumata görə, "hazırda Cəlilabad Rayon İcra Hakimiyyətində və icra hakimiyyəti başçısının evində axtarış aparılır".
İddiaya görə, "rayonun Mənzil Kommunal Təsərrüfatı İdarəsində, eləcə də poçt idarəsində əməliyyat-axtarış tədbirləri davam edir".
BBC News Azərbaycancanın Cəlilabaddakı mənbəsi iddia edir ki, bu əməliyyat korrupsiya halları ilə bağlıdır.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti və Dövlət Təhlükəsizliyi Xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə BBC News Azərbaycancaya qurumda bu barədə məlumatın olmadığını bildirib.
Cəlilabad Rayonunun İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovdur. O, 2018-ci ilin fevralın 6-da bu vəzifəyə təyin olunub.
Azərbaycanda 2020-ci ilin ilk beş ayı ərzində 6 icra başçısı həbs edilib və ya işdən çıxarılıb.
Həmin şəxlərin çoxu "səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında" ittiham olunublar.
Azərbaycan hökuməti həbslərin "islahatların bir parçası" olduğunu bildirib və İlham Əliyevin "yeni hökumət qurması" kimi izah edib.