Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlandı

Şəklin mənbəyi, Getty Images
Azərbaycana İrandan gələn daha 3 şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, Nazirlər Kabineti yanında operativ qərargah açıqlayıb.
"Hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləri normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir", - məlumatda deyilir.
Qərargah virusa yoluxanların ikisinin İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşı, birinin isə Almaniya vətəndaşı olduğunu bildirib.
Çərşənbə günü İranda olan 276 nəfər Azərbaycan vətəndaşı Azərbaycana keçib, Nazirlər Kabinetinin yanında operativ qərargah bildirib.
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva BBC News Azərbaycancaya deyib ki, "İrandan Azərbaycan vətəndaşlarının təxliyəsi könüllü müraciət əsasında həyata keçirilir".
Qərargahın məlumatına görə, İrandakı Azərbaycan vətəndaşlarının Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğunun qaynar xəttlərinə daxil olan müraciətləri qeydiyyata götürülür.
"Vətəndaşlarımızın qayıdışı sərhəd keçid məntəqəsində əvvəlcədən müəyyən edilmiş vaxtlarda fəaliyyət göstərən xüsusi dəhliz vasitəsilə həyata keçirilir. Bu məqsədlə İrandan Astara sərhəd-keçid məntəqəsinə gələn vətəndaşlar müvəqqəti qalma yerləri və zəruri şəraitlə təmin edilib".
Qərargah sözügedən vətəndaşların xüsusi ayrılmış avtobuslarla karantin zonalarına aparıldığını bildirib.
İrandan qayıdan vətəndaşlar mütləq şəkildə 14-29 gün müddətinə karantin rejiminə yerləşdirilir.
Bundan əvvəl Azərbaycanda 224 nəfərin koronavirus şübhəsi ilə həkim nəzarəti altında olduğu bildirilmişdi.
Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev cümə axşamı günü keçirilən müşavirədə bildirib ki, Azərbaycanda hazırda ümumilikdə karantində 500-dək adam var.
Martın 4-də Səhiyyə Nazirliyində koronavirusla bağlı müşavirə keçirilib.
Nazirlər Kabineti yanında operativ qərargah məlumat verir ki, müşavirədə "epidemiya təhlükəsinə qarşı tədbirlərin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla, birgə səylərlə davam etdirilməli" olduğu bildirilib.
Müşavirədə Azərbaycanda koronavirus infeksiyasının yoxlanılması ilə bağlı "kifayət qədər test ehtiyatının olduğu" bildirilərək ehtiyac yarandığı təqdirdə ölkəyə əlavə testlərin gətirilməsi məsələləri müzakirə olunub.
Nazirlər Kabineti yanında operativ qərargah bundan əvvəl bildirmişdi ki, ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb.
"İran İslam Respublikası ilə sərhəddə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə səyyar çadırlar qurulub", - Nazirlər Kabineti bildirmişdi.
Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub, Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında qeyd olunub.

Bir müddət əvvəl sosial mediada yayılan videoda aralarında uşaq və hamilə qadının da olduğu deyilən 10-dan çox adamın xəstəxanada gözlədildiyi, lakin hər hansı müayinənin aparılmadığı iddia olunurdu.
Videoda danışan şəxs deyir ki, onlara bir saat ərzində müayinə olunacaqları deyilsə də, 6 saatdır ki, saxlanılırlar. O həmçinin palatalarda qalmaq üçün lazımi əşyaların, eləcə də gigiyenik vasitələrin olmadığını, su və qida ilə təmin olunmadıqlarını bildirir.
Görüntülərdə xəstəxananın həkimi saxlanılan adamların "yuxarıdan əmr gələndə buraxılacağını" deyir.
TƏBİB xəstəxanadakı çatışmazlıqların "aradan qaldırıldığını", videomaterialda adamların çarpayılarda mələfə və yastıqların olmamasını barədə şikayətinə isə çəkilişin "yataq dəstlərinin dəyişdirildiyi zaman aparıldığını" bildirib.
Məlumatda deyilirdi ki, Astara Rayon Mərkəzi Xəstəxanası gömrük-keçid məntəqəsinə yaxın olduğu üçün "karantin bölgəsi kimi istifadə olunur".
Qurum xəstəxanada "şəraitin yaxşılaşdırılması və lazımi vasitələrlə təmin olunması" yönündə işlərin davam etdiyini, gün ərzində "karantində olan vətəndaşların ehtiyaclarının təmin olunacağını" bildirib.
TƏBİB qurum rəhbərliyinin bir neçə gün öncə Astara Rayon Mərkəzi Xəstəxanasındakı şəraitlə tanış olduğunu və işində yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyevin işdən azad edildiyini qeyd edib.
Gürcüstana Azərbaycandan getmiş şəxsdə koronavirus tapılıb
Gürcüstanın səhiyyə naziri Yekaterina Tixaradze çərşənbə günü bildirib ki, İrandan Azərbaycandan keçməklə yenicə qayıdan 50 yaşlarında olan Gürcüstan vətəndaşında virus aşkar edilib.
Həmin şəxs bir həftə İranda qalıb və Azərbaycanın Astara gömrük-keçid məntəqəsindən keçməklə Gürcüstana daxil olub.
Yerli mətbuatın yazdığına görə, Yekaterina Tixaradze xəstənin tibbi vəziyyətinin qənaətbəxş olduğunu və Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasında karantində saxlanıldığını deyib.
Nazir bildirib ki, virusa yoluxmuş şəxs çərşənbə axşamı günü marşrut taksidə olmuş digər 12 nəfərlə birgə Gürcüstana Azərbaycanla sərhəddən daxil olub. Həmin şəxslərin hamısı xəstəxanaya yerləşdirilib, Reuters xəbər verir.
"Koronavirus yalnız bir nəfərdə tapılıb," - Yekaterina Tixaradze deyib.

Şəklin mənbəyi, Getty Images
Nazir əlavə edib ki, Gürcüstanda hazırda epidemiya təhlükəsi yoxdur.
Gürcüstanın Daxili İşlər Nazirliyinin Patrul Polis Xidmətindən BBC News Azərbaycancaya deyilib ki, "hazırda Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb və məhdudlaşdırılmayıb".
Bundan başqa, daha 4 Azərbaycan vətəndaşı Gürcüstanda xəstəxanaya yerləşdirilib, - Gürcüstanın Rustavi-2 Tv-si xəbər verib.
"Şübhə doğuran əlamətlər qeydə alınmayıb"
Gürcüstan vətəndaşının olduğu marşrut taksinin Azərbaycana, yoxsa Gürcüstana məxsus olması, sürücünün Azərbaycanaya qayıdıb-qayıtmaması, Astaradan Gürcüstan sərhədinə qədər yolda bu maşına minib-düşənlərin olub-olmadığı bəlli deyil.
Azərbaycanın Səhiyyə Nazirliyi (SN) çərşənbə günü İrandan Azərbaycana gələrək, daha sonra Gürcüstana getmiş şəxsdə Covid-19-un aşkarlanması ilə bağlı BBC News Azərbaycancaya bildirib ki, "həmin şəxs Astara gömrük-keçid məntəqəsində yoxlanıb və onda virus əlamətləri aşkarlanmayıb".
"Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilib və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib.
Mümkündür ki, xəstəliyin xarakterinə uyğun olaraq, Astara gömrük-keçid məntəqəsindən Gürcüstan sərhədinə qədər məsafənin qət edildiyi 10-12 saat ərzində xəstəliyin əlamətləri üzə çıxıb. Beləki, virusun inkubasiya dövrü 14 günə qədərdir və həmin müddətdə xəstəliyin simptomları gizli qala bilər," - Səhiyyə Nazirliyindən bildiriblər.
Qurumdan, həmçinin "göstərilən faktla bağlı bütün tədbirlərin görüldüyünü, dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslərin, o cümlədən gömrük, sərhəd, tibb işçilərinin şəxsiyyəti müəyyənləşdirilib və onların tibbi nəzarətdə olduğu" bildirilib.
İranla sərhəd bağlanıb
Fevralın 29-da Azərbaycan koronavirusa görə İranla sərhədini bağladı. Şənbə günü İrandan Azərbaycana qayıdan iki Azərbaycan vətəndaşında koronavirus aşkar edilib. Bununla da xəstələrin ümumi sayı 3-ə çatıb.
"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini və digər dövlətlərin təcrübələrini nəzərə alaraq, koronavirus riskinin yayılması ilə əlaqədar 29 fevral 2020-ci il tarixindən saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar qəbul olunmuşdur", - şənbə günü yayımlanan Nazirlər Kabinetinin qərarında deyilir.
Prezident İlham Əliyev martın 3-də Azərbaycanda koronavirusla mübarizədə "lazımi tədbirlərin daha sürətli görülməsi üçün" 10 milyon manat vəsait ayırıb.
Azərbaycanda indiyədək 3 nəfərdə koronavirusun aşkarlandığı, 224 nəfərin isə koronavirus şübhəsi ilə həkim nəzarətində olduğu bildirilirdi.
Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev cümə axşamı günü keçirilən müşavirədə bildirib ki, Azərbaycanda hazırda ümumilikdə karantində 500-dək adam var.










