"Qarabağ münaqişəsinin həlli tərəflərin maraqlarını əks etdirməlidir" - Sergey Lavrov

Qarabağ problemini münaqişə tərəflərinin maraqlar balansına əsaslanaraq həll etmək mümkündür, bazar ertəsi Yerevanda mətbuat konfransı zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan "hər hansı planın tərkib hissəsini" təşkil edir.

Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən "Dağlıq Qarabağı danışıqlar masası arxasına qaytarmaq" cəhdlərinə dair sualla bağlı cənab Lavrov qeyd edib ki, danışıq iştirakçılarının tərkibini tərəflər müəyyən edib razılaşdırmalıdır.

"Bu məsələ ilə bağlı həm prezidentlər, həm Baş nazir, həm xarici işlər nazirləri fikir bildiriblər. Bir daha qeyd edim ki, danışıq iştirakçılarının tərkibini tərəflər müəyyən edib razılaşdırmalıdır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarla bağlı məsləhətləşdirmələrin ilk mərhələsində, döyüşlər dayandırıldığı zaman Dağlıq Qarabağ müvafiq razılaşmaların, atəşkəsdən sonra başlanan müvafiq danışıqların iştirakçısı olub. Hansısa bir mərhələdə Ermənistanın əvvəlki prezidentlərindən biri qərara gəlib ki, Dağlıq Qarabağın maraqlarını Yerevan təmsil edəcək", - Rusiya xarici işlər naziri deyib.

Sergey Lavrovun sözlərinə görə, Rusiya vasitəçi ölkə olaraq "yalnız danışıqlar prosesinin ümumi razılıq şəraitində davam etməsinə" nail olmağa çalışa bilər.

"Hamıya aydındır ki, Dağlıq Qarabağ xalqı, Dağlıq Qarabağ əhalisinin razılığı olmadan heç bir razılığın rəsmiləşdirilməsi mümkün deyil. Ermənistan onu sadəcə, imzalamaz. Və biz bunu nəzərə alırıq", - Lavrov izah edib.

Lavrov, bu gün görüş zamanı Ermənistan Baş naziri Nikol Paşinyanın daha əvvəl də səsləndirdiyi: "Yekun razılaşmalar Ermənistan, Qarabağ və Azərbaycan xalqlarının maraqları nəzərə almalıdır", - bəyanatını xatırlatdığını deyib.

"Bununla mübahisə etmək çətindir", - Lavrov əlavə edib. Münaqişənin tənzimlənmə prinsiplərinə gəldikdə, bu sualı cavablandıran Rusiya xarici işlər naziri bildirib ki, "tərəflər arasında müzakirə edilən bütün sənəd variantlarında" problemin həlli ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etmək hüququ və dinc sülh yolu ilə həlli prinsipləri nəzərdə tutulur.

"İstənilən halda, son qərar bu prinsipləri nəzərə almalıdır. Bunu heç kəs - nə Yerevan, nə də Bakı - mübahisə etmir. Sonrası - diplomatiya məharətidir, əslində isə kompromisə hazır olmaqdır. ...İstənilən saziş, ələlxüsus belə bir mürəkkəb məsələ üzrə, kompromis [tələb edir]. Biz isə, həmsədrlər isə, çalışırıq ki, kompromislər təmiz olsun, ədalətli olsun, həqiqi maraqlar balansını əks etsin", - Sergey Lavrov deyib.

Bu, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanda "məxməri inqilab"dan sonra ilk rəsmi səfəridir.

Lavrov Ermənistan Baş naziri Nikol Paşinyan, Ermənistan Prezidenti Armen Sarkisyanla görüşüb, ikitərəfli və beynəlxalq təşkilatlarda Rusiya-Ermənistan əməkdaşlığı, region və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.

Sergey Lavrov həmçinin Yerevanda Böyük Vətən müharibəsinin başa çatmasının 75 illiyinə həsr olunmuş sərgisinin açılış mərasimində iştirak edib.

Azərbaycan Lavrova cavab verib

Nazirliyin bəyanatında deyilir ki, yalnız bu bölgədən "didərgin salınmış azərbacanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması" münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki: azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan "yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar" aça bilər.

Azərbaycan XİN bəyan edib ki, bunun üçün isə ilk növbədə münaqişənin həlli ilə bağlı "substantiv danışıqlar aparılmalı və Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır".