Paşinyan Dağlıq Qarabağın Ermənistana "aid olduğunu" ilk dəfə bəyan edib

Şəklin mənbəyi, Gov.am
Ermənistanın Baş naziri Nikol Paşinyan Ümumerməni Oyunların keçirilməsiylə bağlı Xankəndinə (Stepanakert) gələrək orada Ermənistanın Dağlıq Qarabağa iddiasını indiyədək erməni rəsmilərinin dilə gətirmədiyi açıqlığı ilə ortaya qoyub.
İdman tədbirinin açılışında çıxış edən Baş nazir Paşinyan Dağlıq Qarabağın Ermənistanın olduğunu vurğulayıb.
"Əminəm, indi sizdən çoxları soruşur ki, bəs nə üçün Artsax (Dağlıq Qarabağ - red.) haqqında heç deyilmir? - Ermənistanın gələcək 30 ilin inkişaf perspektivləri barədə danışan baş nazir Paşinyan qeyd edib, - Cavabı aydındır. Çünki Artsax Ermənistandır, vəssalam!"
Ümumiyyətlə Paşinyan öz nitqində bir neçə dəfə: "Artsax Ermənistandır, vəssalam", - ifadəsini səsləndirib.
Paşinyanın sözlərinə görə, Ermənistan və Dağlıq Qarabağ hökumətləri üçün "yalnız Ermənistan və Qarabağ xalqları tərəfindən təqdir edilən danışıqların yekunları əsasında qəbul olunmuş istənilən həlli məqbul hesab edilə bilər".
Ermənistan Baş nazirinin son bəyanatlarını rəsmi Bakı cavabsız qoymayıb.

Şəklin mənbəyi, Gov.am
Azərbaycan XİN-i Paşinyanın bəyanatlarını "aqressiv" adlandıraraq onların Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə "böyük zərbə" vurduğunu qeyd edib.
"N.Paşinyanın Xankəndidə etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu", - Azərbaycanın xarici diplomatiya idarəsi vurğulayıb.
Rəsmi Bakı XİN xəttiylə verdiyi bəyanatında Dağlıq Qarabağın ərazi mənsubluğu qeyd olunan beynəlxalq sənədlərə istinad edib.

Şəklin mənbəyi, Gov.am
"Bütün beynəlxalq ictimaiyyət işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrimiz də daxil olmaqla Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü tanıyır. Ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək istər, BMT TŞ-nin müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərar və qətnamələrində, istərsə də ikitərəfli əsasda qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapıb", - Azərbaycan XİN-in bəyanatında vurğulanıb.
Yeni "DQR konstitusiyasına" əsasən, erməni qüvvələrinin nəzarəti altında olan Dağlıq Qarabağ bölgəsi "Artsax Respublikası" və ya "Dağlıq Qarabağ Respublikası" kimi qeyd olunur.







