You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Ermənistan: baş nazir Nikol Paşinyan xalqı niyə köməyə çağırıb?
"Görsək ki, xalq növbədənkənar seçkilərin keçirilməsini istəyir, biz xalqla birlikdə parlament tərəfindən yeni baş nazir seçilməsinə yol verməyə bilərik", Ermənistanın baş naziri Nikol Paşinyan "bir çağırışı ilə minlərlə insanın meydana çıxıb onu dəstəkləməyə hazır olmağına" işarə edib.
O, bunu çərşənbə axşamı Facebook vasitəsilə canlı yayımda Milli Məclis binası yanında toplaşmağa çağırdığı mitinqdə deyib.
Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov isə baş naziri qanunverici orqanın işinə qarışmaqda günahlandırıb.
Nikol Paşinyan mitinqi ona görə çağırmışdı ki, sabiq hakim Ermənistan Respublikaçılar Partiyası fraksiyası növbədənkənar parlament seçkisinin keçirilməsini əngəlləyən qanunvericilik təşəbbüsünü irəli sürmüşdü.
Ermənistan Respublikaçılar Partiyası parlamentdə çoxluq təşkil edir.
Baş nazir Paşinyan sözügedən "mübahisəli" layihənin geri çağrılmasını təklif edib və layihəni dəstəkləyən siyasi qüvvələri əks-inqilabi qüvvələr adlandırıb.
"...Xalq hakimiyyətinə qarşı getmək istəməyən millət vəkillərini isə Milli Məclisə getməmək, qeyd olunmamaq və bu biabırçı layihəyə səs verməməyə çağırıram", - deyə baş nazir tərəfdarlarını "sevgi və həmrəylik məntiqi ilə dinc etiraz aksiyasına" çıxmağa çağırmışdı.
Az bir vaxtda minlərlə insan parlament binası ətrafına yığışmışdı.
Ancaq bu, Ermənistan Respublikaçılar Partiyasının müvafiq qanuna dəyişiklik təşəbbüsünün qabağını almayıb və qanun layihəsi 67 səslə birinci oxunuşda qəbul olunub.
Həmin qanun layihəsində nə təklif olunur?
Parlament çoxluğu tərəfindən qəbul olunmuş qanun layihəsinə əsasən, hər hansı səbəbə görə, məsələn, fövqəladə vəziyyət və ya millət vəkillərinin iclasda iştirakının əngəllənməsi nəticəsində müəyyən bir məsələnin müzakirəsi baş tutmazsa, iclasın vaxtı təxirə salına bilər.
Bu hal, Paşinyanın fikrincə, parlamentin buraxılması imkanlarını xeyli məhdudlaşdırır.
Bu arada, parlamentin sədr müavini, Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov qanun layihəsinin "heç də millət vəkillərini xarici təzyiqdən müdafiəsinə" yönəlmədiyini bildirib.
Jurnalistlərlə söhbətində Şarmazanov baş nazir Paşinyanı qanunverici orqanın işinə qarışmaqda günahlandırıb.
Qanun layihəsinin əleyhdarları hesab edirlər ki, növbədənkənar parlament seçkilərində məğlub olacaqlarından şübhələnməyən siyasi qüvvələr parlamentin buraxılmasından sığortalanmaq istəyirlər.
Çünki bu yaxınlarda keçirilən Yerevan bələdiyyə seçkiləri "qanuni, ədalətli seçkilər nəticəsində" bu qüvvələrin qələbəyə şansları olmadığını göstərdi, qanun layihəsinin əleyhdarları deyiblər. Həmin seçkidə Paşinyanın tərəfdarları səslərin 81,5 faizini qazanmışdı.
Nə üçün növbədənkənar parlament seçkiləri?
Bu ilin mayında "məxməri inqilab" nəticəsində Serj Sarkisyan istefa verməyə məcbur oldu, "xalq namizədi", etiraz hərəkatlarının lideri Nikol Paşinyan baş nazir seçildi.
Ermənistan Konstitusiyasına görə, baş nazir vəzifəsinə Milli Məclisdə səsvermə üsulu ilə çoxluq təşkil edən siyasi qüvvənin nümayəndəsi seçilir.
Məxməri inqilabdan sonra yaranmış vəziyyətdə mövcud parlament ictimai əhval-ruhiyyəni əks etdirmir və Paşinyanın məxməri inqilabdan sonra planlaşdırdığı təxirəsalınmaz işlərdən biri də növbədənkənar parlament seçkilərini keçirməkdir, siyasi təhlilçilərin rəyi belədir.
Baş nazirin tərəfdarları hazırkı parlamentin "saxtalaşdırma, rüşvət vermə, inzibati resurslarından istifadə" şəraitində keçirilən seçkilər nəticəsində formalaşdığını iddia edir.
Yerevan bələdiyyə seçkiləri göstərdi ki, ədalətli seçkilər keçirmək də mümkündür, Paşinyan mitinqdəki çıxışında bildirib.
Konstitusiya üzrə mövcud parlament iki dəfə baş nazir seçə bilmədiyi təqdirdə buraxılmalı və yeni seçkilər keçirilməlidir.
Belə ki, növbədəkənar seçkilər keçirmək üçün Nikol Paşinyan istefa verməlidir və parlament iki həftə ərzində baş nazir seçə bilməsə, onda yeni parlament seçkiləri təyin olunur.
Nazirlərin istefası
Baş nazir Paşinyan elə buradaca, Bağramyan prospektində parlament binası qarşısında mitinqdə başçılıq etdiyi hökumət kabinetində Firavan Ermənistan və Daşnaksutyun partiyalarından təmsil olunan nazirlərin istefası fərmanını imzaladı və prezidentdən onların istefasını təsdiqləməyi təklif edəcəyini bildirib.
Bundan başqa Paşinyan bu partiyadan olan qubernatorları da vəzifədən azad edəcəyini bəyan edib.
Baş nazirin müavini, Firavan Ermənistan Partiyasının üzvü Mher Qriqoryan vəzifədə qalmaq istədiyini bildirib və Nikol Paşinyan mitinqdə onu azad etmədiyini bildirib.
Paşinyan özü də nazirlərin istefası haqqında fərmanlar qanuni qüvvəyə minəndən sonra istefa verəcəyini bildirib.
"Nazirlərin və qubernatorların istefası fərmanları qüvvəyə minən kimi, - konkret müddəti deyə bilmərəm - mən istefa verərəm. 7 gündən sonra parlament baş nazir seçməlidir, baş nazir seçilməsə, ikinci tur olar. Bu müddətdə də parlament baş nazir seçməsə, növbədənkənar parlament seçkiləri olar", - Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, özü və Nazirlər Kabineti istefadan sonra da (müvəqqəti olaraq) öz vəzifələrini icra edəcəklər.