Ermənistan: etirazçılar itaətsizlik aksiyalarını başa vurub axşam mitinqinə toplaşır

Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan tərəfdarlarını səhərdən başlanan itaətsizlik tədbirlərini başa vurub, bütün yolları saat 17-də açaraq Respublika meydanına toplanmağa çağırıb.

O, bugünkü aksiyaların misilsiz miqyas aldığını, hazırda Yerevanda, respublikada bağlı olmayan yol qalmadığını bildirib.

"Mən saat 17-dən bütün bağlı yolları açmağa çağırıram. Yolları açın ki, istəyənlər saat 19-da mitinqə gələ bilsinlər. Sizdə yolları açıb Respublika meydanına gəlin", - Facebook vasitəsilə video müraciətində Paşinyan deyib.

Dünən parlamentdə çoxluq təşkil edən Respublikaçılar Partiyasının səyləri sayəsində Baş nazir vəzifəsinə seçilə bilməyən etiraz hərəkatının lideri Respublika meydanında bütün gün parlament iclasının gedişini izləyən minlərlə tərəfdaşlarının yanına gedərək yenidən "itaətsizlik aksiyaları"na başlamağa çağırıb.

Səhər saat 8:15-dən etirazçılar paytaxt Yerevanda körpü və yolları bağlamağa, nəqliyyat hərəkətini dayandırmaq tədbirlərinə başlayıblar.

"Sizdən zəhləmiz gedir"

Yol bağlamaqdan başqa, gənclər müxtəlif improvizasiyalar da düşünüblər. Bir qrup gənc fəal Milli Məclisin hasarına "Sizdən zəhləmiz gedir" plakatı asıb.

Bu ifadəni mayın 1-də parlament iclasında çıxış edən müxalif millət vəkili Sasun Mikayelyan hakim Respublikaçılar Partiyası nümayəndələrinə xitabən demişdi. "Gənclər mübarizəyə qatılıblar, çünki onların sizdən zəhləsi gedir, çünki siz insanların taleyini zay etmisiniz", - o deyib.

Aksiyalar Respublikaçılar fraksiyası üzvlərinin evləri önündə də təşkil edilir. Etiraz iştirakçıları burada "satqınlar", "ar olsun" kimi ifadələr işlədir, Yerevan müxbirimiz Aleksey Manvelyan xəbər verir.

"Total itaətsizlik"

Bir-iki saatdan Nikol Paşinyanın elan etdiyi "total itaətsizlik aksiyası" paytaxtda və rayonlarda "nəticə" verməyə başlayıb. Demək olar bütün ölkədə nəqliyyatın hərəkatı iflic edilib.

Yerevan metrosu və Yerevan-Gümri dəmiryol qatarının da hərəkəti çərşənbə günü dayandırılıb, BBC Azərbaycanca müxbiri Aleksey Manvelyan Yerevandan xəbər verir.

Şirkətin mətbuat katibi Vardan Aloyanın sözlərinə görə, etirazçılar müxtəlif yerlərdə dəmir yollarını bağlayıblar. "Bu gün Yerevan-Tbilisi qatarının işləyib-işləməyəcəyi məlum deyil", - o deyib.

Bölgələrdən administrasiya işçilərinin də etiraz aksiyalarına qatıldığı haqqında məlumatlar alınır.

Bu gün Tavuş rayon administrasiyası işçilərinin və vilayət mərkəzi İcevan şəhəri meriyası əməkdaşlarının - bələdiyyə başçısı Hovik Abrahamyandan başqa - tətil elan etdiyi bildirilir.

Ermənistan prezidenti danışıqları davam etdirməyə çağırır

Ermənistan prezidenti Armen Sarkisyan "hadisələrə cəlb olunmuş siyasi qüvvələri" böhrandan çıxmaq üçün yaxın həftələr ərzində məsləhətləşmələri davam etdirməyə çağırıb.

"Bir gün əvvəl Milli Məclis Baş nazir seçə bilmədi. Çox təəssüf edirəm ki, hamı onun ölkənin gələcəyini təhdid etdiyini bəyan etsələr də, siyasi böhran davam edir", - Ermənistan prezidenti mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Aeroport tətilə birləşib

BBC Azərbaycancanın müxbiri Alexey Manvelyan xəbər verir ki, "Zvartnots" hava limanının işçiləri də tətil elan edib.

"Bu ölkədə özünə hörmət edən hər bir insan mövcud hakimiyyətin sonunadək mübarizə etməlidir", - aksiya iştirakçılarından biri jurnalistlərə deyib.

Bundan bir neçə saat sonra məlumat yayılıb ki, uçuşa gedənlər üçün aeroportun yolu vaxtaşırı açılacaq.

Alexey Manvelyan bildirir ki, bu gün yetərsay olmadığından Milli Məclis səhər öz işinə başlaya bilməyib. Parlamentin sədri Ara Babloyan bəyan edib ki, kvorumun təmin edilməsini 4 saat gözləməlidirlər.

"Tsarukyan bloku" fraksiyasının üzvü Vahe Enfiacyan deyib ki, ölkədə görünməmiş bir durum yaranıb və buna görə fraksiya boykot elan edib: yaxın günlərdə onlar parlamentin iclaslarına qatılmaqdan imtina edirlər.

Ermənistan parlamenti tərəfindən çərşənbə axşamı baş nazir vəzifəsinə namizədliyi təsdiq olunmayan etiraz hərəkatının lideri Nikol Paşinyan bu gündən "hər yerdə dinc vətəndaş itaətsizliyi" aksiyalarına başlamağa çağırıb.

Səhər saat 8-dən sonra etirazçılar yolları bağlamağa başlayıblar.

"Zvartnots" beynəlxalq aeroport istiqamətində adamlar cərgəylə düzülüb və maşınlarla yolu kəsiblər.

Onlarla qara geyimli, qara beretli xüsusi polis əməkdaşları gətirilib. Onların əlində heç bir silah, xüsusi vasitə - dəyənək və sipər yoxdur.

Polis kənara çəkilib, yolu aşmağa cəhd etmir. Yolu bağlayan əhali polisi çəpiklərlə alqışlayır. Bəziləri "Polis bizimdir" qışqırır, müxbirimiz deyir.

Çantalı və çemodanlı adamlar etirazçıların arasından keçərək, piyada aeroport istiqamətində gedirlər.

Etirazçıların sayı get-gedə artır, çoxlu məktəb yaşlı uşaq var.

Dünən səsvermədən sonra verilmiş qərar

Səsvermədən sonra Paşinyan parlament iclasının gedişini Yerevanın Respublika meydanında quraşdırılmış iki böyük televiziya ekranında izləyən minlərlə tərəfdaşlarının yanına tələsib.

"Sabah saat 8:20-dən bütün avtomobil yolları, metro, küçələr bağlanır, ümumi tətil elan edilir, tələbələr, məktəblilər dərsə getmir, dəmir yolu, aeroport təcrid edilir", - ən azı 12 saat meydanı tərk etməmiş izdiham qarşısında çıxışında o deyib.

Onun sözlərinə görə, əvvəlki günlərdən fərqli olaraq, vətəndaşlardan narahatlıq üçün üzr istəmək lazım deyil.

"Çünki bu gün etirazçıların hərəkətlərindən narazı olanları barmaqlarla saymaq olar: Ara Babloyan, Vahram Bağdasaryan, Armen Aşotyan..." - deyə, Paşinyan respublikaçı parlament sədri, fraksiya rəhbəri və s. üzvlərini xatırladıb.

Dünənki parlament yığıncağında verilmiş qərar

Çərşənbə axşamı Ermənistan parlamenti Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyini təsdiq etməyib.

Müxalif millət vəkilin lehinə 45, əleyhinə 56 deputat səs verib, 2 nəfər səsvermədə iştirak etməyib. Qələbə üçün Paşinyanın 7 səsi çatmayıb.

Nikol Paşinyan yeganə namizəd idi, onun namizədliyini parlamentdə 9 üzvü olan "Yelk" fraksiyası təklif edib.

Ermənistan konstitusiyasına əsasən, belə olan halda 7 gündən sonra təkrar seçkilər keçirilməlidir. Lakin ikinci seçki turunun namizədləri ayrıca fraksiya deyil, ən azı Milli Məclis üzvlərinin üçdə biri tərəfindən təklif edilməlidir.

Bu dəfə də hökumət başçısı seçilməzsə, Milli Məclis buraxılmalı və 30-dan 45 günə qədər müddətdə növbədənkənar parlament seçkiləri keçirilməlidir.