Neandertallar suyun həm üstündə, həm də altında üzə bilirlərmiş

İtaliyadakı bir mağarada tapılmış balıqqulaqlarını analiz edən mütəxəssislər bu qənaətə gəliblər ki, təxminən 30 min il əvvəl nəsli tükənmiş neandertallar suyun həm üstündə, həm də altında üzə bilirlərmiş.

Mütəxəssislərin fikrincə, bu tapıntı neandertalların primitiv və vəhşi varlıqlar olduğu barədə düşüncənin yanlış olduğunu göstərir.

İndiyə qədər onların üzə bilməsiylə bağlı hər hansı fakt yoxuydu.

Ancaq indi alimlər deyirlər ki, İtaliyanın Latium bölgəsindəki Qrotta dei Moskerini mağarasında 90 min il əvvəl yaşamış neandertallar dəniz yatağından molyusk çıxararaq onlardan kəsici alətlər düzəldiblər.

Araşdırmanın nəticələri "Plos One" adlı elm jurnalında dərc edilib.

"Dəniz yatağından çıxardıqları molyusklardan kəsici alətlər düzəldiblər"

Kolorado Universitetinin ekspertləri arxeoloqlar tərəfindən 1940-cı ildə aşkar olunmuş, balıqqulağından hazırlanmış 171 aləti analiz ediblər.

Onlar deyirlər ki, dəniz dalğalarının sahilə atdığı molyusklardan hansının o zaman hələ canlı olduğunu ayırd etmək mümkündür.

Bəzilərinin qabığı qumla təmas nəticəsində aşınmış və bozarmış olur, bəzilərində isə digər dəniz canlıları tərəfindən açılmış deşiklərə rast gəlinir.

Qrotta dei Moskerini mağarasında tapılmış molyuskların çoxu bu vəziyyətdədir. Amma nümunələrin dörddə birində molyuskların üstü parlaq və zədəsizdir. Bu onu deməyə əsas verirki, onlar dənizin dibindən və hələ canlıykən çıxarılıb.

Hazırda molyuskları Adriatik dənizi sahillərində kiçik gəmilər 10 metr dərinlikdən çıxarır.

Dənizin şimal hissəsində sahil qumlarının yarım və ya bir metr dərinliyində dəniz darağı tapmaq mümkündür. Yəni, bu molyuskları suyun içində gəzməklə də aşkar etmək olar.

Araşdırmaçılar qrupunun rəhbəri Paolo Villa deyir ki, neandertallarda dalğıc avadanlıqları olmadığı üçün onların 2-4 metr dərinlikdə ov etdiyini təxmin etmək olar.

Bu onların əsasən böyük heyvanları ovlamaqla məşğul olması barədə indiyə qədər mövcud olmuş mülahizəylə ziddiyyət təşkil edir.

Neandertalların çaylarda və dayaz sularda midiya yığdıqları da deyilirdi.

Londondakı UCL Arxeologiya İnstitutunun əməkdaşı Matt Pope deyir ki, yeni tapıntılar neandertalların dəniz heyvanlarından sadəcə qida olaraq yox, alət düzəltmək üçün də istifadə etdiklərini göstərir:

"Onilliklər boyu hesab olunub ki, bizim əcdadlarımız olan homo sapiensləri neandertallardan fərqləndirən əsas xüsusiyyət onların toplayıcılıq fəaliyyətidir. Artıq bu fərq aradan qalxdı".