You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qəzza zolağında "dünyanın ən pis zooparkı" bağlanılıb - şəkillərdə
Soyuq havalar, işçilərin səhlənkarlığı, yemin qıtlığı, baytarlıq xidmətinin zəif olması və İsraillə münaqişənin fəsadları Qəzza bölgəsindəki özəl Xan-Yunis zooparkının bağlanılmasında öz rolunu oynayıb. Həyəcan siqnalı çalan Four Paws beynəlxalq xeyriyyə cəmiyyəti zooparkda qalan sonuncu heyvanları xilas etmək üçün yardım kampaniyasını təşkil edib.
Bir vaxtlar Xan-Yunis zooparkında yüzədək heyvan saxlanılıb. Onlar buraya qaçaqmalçıların gizli tunelləri vasitəsilə çatdırılıb. Lakin münaqişə bölgəsində acınacaqlı şərait zooparkın böhran həddinə çatmasına səbəb olub.
Qəzzanın kiçik əraziyə sahib olmasına rəğmən burada 6 zoopark mövcuddur. Heyvanların çoxu dar qəfəslərdə saxlanılır. Onlar arasında müxtəlif xəstəliklərdən əziyyət çəkənlər var.
Bir neçə il bundan əvvəl Four Paws xeyriyyə təşkilatı bir neçə yerli zooparkda heyvanların vəziyyətilə bağlı narahatlığını bildirərək yardım kampaniyasına başlayıb.
Yerli hakimiyyət zooparkı maliyyələşdirmədən imtina etdikdən sonra Four Paws əlavə vəsait toplamağa başladı. Xeyriyyə cəmiyyəti zooparkı yem və baytarlıq xidməti ilə təmin etdi.
Qəzzadakı zooparklar arasında ən acınacaqlı vəziyyət 2014-cü ildə ictimaiyyət üçün bağlı elan olunan Xan-Yunis zooparkında yaranmışdı.
Zooparkın sahibi artıq heyvanlara baxa bilmədiyi üçün onları yeni sahiblərə vermək qərarına gəldi. Bu həftə ərzində Four Paws təşkilatının işçiləri heyvanları İordaniya, İsrail və Cənubi Afrikadakı mərkəzlərə çatdırmalıdırlar.
Four Paws təşkilatı Xan-Yunis zooparkında saxlanılan heyvanların İordaniya, İsrail və Cənubi Afrikadakı heyvanları xilasetmə mərkəzinə göndəriləcəyini bildirir.
Bir vaxtlar Xan-Yunisdə 40-dək böyük pişik saxlanılıb. Hazırda isə onlardan yalnız biri qalıb. Bu, Laziz adlı pələngdir.
Zooparkda saxlanılan demək olar ki, bütün heyvanların tibbi yardıma ehtiyacı var.
Avqustun 24-dən "dünyanın ən pis zooparkı" bağlı sayılır.