Mirşahin Ağayev: "Məhkəmə qərarından şikayət edəcəyik"

Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasına xitam verilib.

ANS Şirkətlər Qrupunun baş direktoru Mirşahin Ağayev məhkəmə qərarından şikayət edəcəklərini bildirib.

"Biz bu qərardan razı deyilik və müvafiq instansiyalara şikayətlə müraciət edəcəyik," cənab Ağayev deyib.

Milli Televiziya və Radio Şurası iyulun 18-də "Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək" məqsədilə telekanalın yayımının müvəqqəti dayandırılması barədə qərar verib.

Qərara əsasən “ANS ÇM Yayım və Media” Şirkətinin eyni tarixli lisenziyasına xitam verilib. ANS Şirkətlər qrupuna aid olan anspress.com saytı da fəaliyyətini həmin gündən dayandırıb.

Qərardan sonra MTRŞ ANS televiziyasının "qanunazidd fəaliyyəti ilə bağlı" onun işinə xitam verilməsi haqda məhkəməyə müraciət edib.

Hadisə ANS televiziyasının əməkdaşının ABŞ-da yaşayan və Türkiyə rəsmilərinin iyul ayının 15-i ölkədə baş verən çevrilişə cəhddə günahlandırdığı Fethullah Gülen-dən müsahibə almasından sonra baş verib.

Cənab Ağayevin bildirdiyinə görə telekanlada müsahibənin anonsu yayımlanmayıb.

"Bu gün məhkəmənin özündə də etiraf olunub ki, biz heç bir anons verməmişik və ona görə də ümid edirəm ki, tezliklə haqq-ədalət öz yerini tapacaq," telekanalın baş direktoru deyib.