Rəsul Cəfərov: "Fəaliyyətim bundan sonra da hüquq müdafiəsilə əlaqəli olacaq"

Əfv fərmanı ilə azad edilmiş İnsan Haqları Klubu təşkilatının rəhbəri, hüquq müdafiəçisi Rəsul Cəfərov həbsdən sonra əvvəlki fəaliyyətini bərpa etmək istəyir.

"Bizim qeyri-hökumət təşkilatları digərləri ilə müqayisədə maliyyə, infrastruktur, kadr baxımından çox zəifdir. Mən QHT-lərin rolunu dərk edirəm. Vətəndaş cəmiyyətinin ölkənin, millətin inkişafında rolunu görürəm. Fəaliyyətim hüquq müdafiəsi ilə əlaqəli olacaq", Rəsul Cəfərov əlavə edir.

Həbsinin səbəblərindən danışan hüquq müdafiəçisi bildirir ki, müəyyən fəaliyyətini hakim dairələrdə narahatlıq yaratdığı üçün həbsini gözlənilən hesab edib.

"Mən ona cəhd edirdim ki, həbsdə olan şəxslər azadlığa çıxsın, cəhd edirdim ki, ölkədə insan hüquq və azadlıqları daha yaxşı şəkildə müdafiə olunsun", cənab Cəfərov qeyd edir.

Rəsul Cəfərov həbsxana şəraitindən danışarkən, istintaq təcridxanası və 10 saylı cəzaçəkmə məntəqəsində standartların qənaətbəxş olduğunu bildirir. Onun sözlərinə görə, ən ciddi problem istintaq təcridxanasında yeməyin keyfiyyəti ilə bağlı olub.

Cənab Cəfərov əfv sərəncamına adının düşəcəyinə tam əmin olmadığını deyir. O, əfvə düşməsinin səbəbini həbs edilməsinin 3-cü ayında dövlət başçısına müraciət etməsi ilə bağlayır.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunaraq ötən ilin aprelində 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəsul Cəfərov özünü heç bir ittihamda təqsirli bilməsə də, 2015-ci ilin iyul ayında ittiham edildiyi vergidən yayınma maddəsinin nəzərdə tutduğu 7000 manata yaxın borcu ödəyib.

Ötən il apellyasiya şikayətinin yekun baxış iclasında onun həbs müddəti cəmi 3 ay azaldılıb.

Hüquq müdafiəçisi ilə BBC Azərbaycanca müxbiri Günel Səfərova söhbət edib.