Rəşadət Axundov: "21-ci əsrdə siyasi məhbus həyatı yaşamaq çox çətindir"
N!DA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundov azadlığının ilk günündə BBC Azərbaycancaya deyib ki, həbsxananın ona həm maddi, həm də mənəvi təsirləri olub.
"21-ci əsrdə siyasi məhbus həyatı yaşamaq çox çətin məsələdir. Hər an, hər saniyə dəyişən dünyada yaşayırıq. Dünya yenilənir, amma sən ondan geri qalırsan, bunu hiss edirsən."
Cənab Axundov əlavə edib ki, həbsxanada olarkən nənəsini və babasını itirib.
"Onların acılarını içəridə yaşamaq çox fərqli və ağır bir travma idi."
"Digər tərəfdən Şahin Novruzlunun atası İbrahim əmi həyatını itirdi ki, bu, bizə yük oldu, acı təcrübə oldu. Bizim üçün çox əziyyəti olmuş vəkil dostumuz Elton Quliyevi itirdik, bu acını da yaşadıq. Nərgiz Yaqublunu itirdik", Axundov qeyd edib.
Gələcək planlar barədə ətraflı məlumatın yaxın vaxtlarda veriləcəyini dəyən Axundov "əqidəsində heç bir dəyişiklik olmadığını və N!DA üzvü kimi fəaliyyətini davam etdirəcəyini" deyib.
Rəşadət Axundov 2013-cü ilin martında “mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, -partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə”də ittiham edilib və 2014-cü ilin mayında 8 il müddətinə azadlıqdan məhrum edilib.
Human Rights Watch təşkilatı illik hesabatında onu "vicdan məhbusu" adlandırıb.
Azərbaycan prezidenti İlham Əliyev martın 17-də Əfv fərmanıimzalayıb, bu sərəncamla 150-yə qədər məhbus azad edilib.