Zığın 20 illik susuzluğu
Bakının Zığ kəndinin Həzi Aslanov, Səcarət Həmidov, Nizami, Xanlar, Sabir və Hatəm Allahverdiyev küçəsinin bəzi hissələrində yaşayan sakinlər 20 ildən çoxdur ki, susuzluqdan şikayət edir.
Sakinlərin BBC Azərbaycancaya dediyinə görə, su problemi ilə əlaqədar çoxsaylı müraciət etdikləri Suraxanı rayon icra hakimiyyəti və digər qurumlar cavab verməyib. Bu səbəbdən sakinlər çıxış yolunu etiraz aksiyaları keçirməkdə görüb.
Məhz çoxsaylı şikayət və etiraz aksiyasından sonra AzərSu Səhmdar Cəmiyyəti 2014-cü ilin sentyabrından başlayaraq 4-5 ay ərzində kəndə 850 kmlik su kəməri çəkib, amma sonradan işlər dayandırılıb.
Sonradan tikinti işləri iyun ayında Bakı-2015 İlk Avropa Oyunlarına bir neçə gün qalmış sakinlərin keçirdiyi növbəti etiraz aksiyasından sonra bərpa edilib və kəndin mərkəzinə kimi 3 kilometrlik kəmər uzadılıb.
Ancaq su çəkilməsi prosesi təxminən 2 həftədir dayandırılıb, Zığ sakinləri BBC Azərbaycancaya bildirib.
AzərSu Səhmdar Cəmiyyətinin sözçüsü Anar Cəbrayıllı BBC Azərbaycancaya bildirib ki, magistral xəttin böyük bir hissəsini tikilib, növbəti mərhələdə şəbəkə qurulması və suyun verilməsi planlaşdırılır.
"Zığın bəzi ərazilərində sürüşmə təhlükəsi olduğundan biz müvafiq dövlət qurumlarından suyun verilməsinin sürüşmə təhlükəsi yaradıb-yaratmayacağına dair rəyini gözləyirik, ondan sonra su veriləcək", cənab Cəbrayıllı qeyd edib.
Lakin rəsmi suyun nə zaman veriləcəyi tarixi açıqlamayıb.
BBC Azərbaycanca məsələylə bağlı Suraxanı İcra Hakimiyyətinin şərhini ala bilməyib.
Bu ərazilərin sürüşmə zonasına aid olmadığını deyən sakinlərsə, tezliklə bu magistral xəttə su verilməsini və boruların evlərə qədər uzadılmasını istəyir.
Video reportajı BBC Azərbaycanca müxbiri Xanım Cavadova hazırlayıb.