"Ordan-burdan" tapdığı ilə dolanan qaçqın ailə
"Heydərin vaxtında yardım verirdilər, un, yağ, pesok. Amma indi heç nə", 1993-cü ildə Kəlbəcərdən köçkün düşən Dilbər Fəttahova deyir.
Hazırda Bərdə rayonunun Mirzəxan kəndində, anbarın həyətində yaşayan ailə üzləşdiyi bir çox çətinliklərdən danışıb.
Dilbər Fəttahovanın oğlu dolanmaq üçün "gündə 6-7 manata" fəhləlik etdiyini bildirir.
Onun uşaqları isə "biri 1-ci sinfə, biri 2-ci sinfə keçməlidir, amma hələ ki, heç biri məktəbə getmir".
Fəttahovlar ailəsi sosial yardımdan çox yeni evə ehtiyac duyduğunu bildirir, çünki hazırda yaşadıqları yerdə ilanlar, kərtənkələlər və qarışqalar içəri girir.
Onlar problemlərini kinorejissor Elvin Adıgözələ danışıb.