Vikipediyada meymunun "selfie" qalmaqalı

Onlayn ensiklopediya olan Vikipediya, britaniyalı fotoqrafın kəkilli qara makakaya məxsus "selfie" (avtofotoportret) fotolarını yığışdırmaq tələbini rədd edib. Belə ki, şəkillər meymunun özü tərəfindən çəkilib.

Fotoqraf David Slater deyir ki, bu şəkillər 2011-ci ildə İndoneziyada meymun tərəfindən çırpışdırılmış kamerası vasitəsilə çəkildiyi üçün, şəkillər də ona məxsusdur.

Vikipediya isə hesab edir ki, şəkillərin fotoqrafın kamerası vasitəsilə çəkilməsinə baxmayaraq, fotoqraf şəkilləri özü çəkmədiyindən müəllif hüquqlarına da sahib deyil.

Vikimediya Fondunun sözçüsü Katherine Maher bildirib ki, ABŞ qanunlarına görə, bu halda heç kim müəllif hüquqlarına sahib deyil.

Fotoqraf isə meymuna "köməkçi" kimi baxır: onun sözlərinə görə, foto üçün bütün hazırlıq işlərini özü görüb, meymun isə sadəcə düyməni basıb.