İranda "Happy" videosunda çəkilən gənclər "buraxılıb"

Amerikalı pop-ulduz Pharrell Williams-ın hitə çevrilmiş Happy mahnısına klip çəkdirdikdən sonra həbs olunan iranlılar zaminə buraxılıb, Tehrandan gələn məlumatlarda buna işarə edilir.

Videoda iştirak edən qadınlardan biri, fotoqrafçı Reihane Taravati Instagram tətbiqində paylaşdığı fotonun altında yazıb: "Salam, qayıtmışam".

O və videoda çəkilən digər beş nəfər çərşənbə axşamı həbs olunub. ISNA agentliyinin verdiyi xəbərə görə, polis rəisi Hossein Sajedinia deyib ki, bu "vulqar video" cəmiyyətin "mənəviyyatını" pozur.

"Happy we are from Tehran" ("Tehrandan olduğumuz üçün xoşbəxtik") adlı musiqili videoklipdə altı gəncin – üç oğlan və başı örtülməmiş üç qızın - Tehranda binaların damında Happy mahnısı havasına şən əhval ruhiyyəli rəqs etdikləri əks olunub.

@reihanet instagram səhifəsi

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, "Salam, qayıtmışam. @pharell və bizə görə nigaran olan hamıya təşəkkürlər, sizi çox sevirəm, sizin üçün çox darıxmışdım" - Reihane Taravati Instagram səhifəsində yazıb

Bu ilin əvvəlində Happy mahnısı Oskar mükafatına namizəd olmuş Pharrell Williams İranda gənclərin həbsi ilə bağlı etirazını bildirib.

İranın dövlət televiziyasında ötən gün getmiş verilişdə gəncləri göstərib Happy mahnısına rəqs etmiş gənclərin kamera qarşısında ifadə verdikləri nümayiş etdirilib.

Youtube-da yerləşdirilmiş Happy musiqili klipinin iştirakçıları verilişin subtitrində "aktyorlar" kimi təqdim edilib.

Gənclər videoklipin çəkilişinə "aldadılaraq cəlb edildiklərini" bəyan ediblər. Bundan öncə isə gənclərin İranda da xoşbəxt olmağın mümkünlüyünü göstərmək üçün belə bir klip çəkdikləri deyilirdi.

Klipdə çəkilənlərlərdən birinin sözlərinə görə, onlara film çəkildiyi və bunun üçün rəsmi razılığın olduğu bildirilmişdi.

"Onlar məni aldadıblar", həbs olunmuş gənclərdən biri İran televiziyasına bildirib.

Klipdə iştirak etmiş başqa bir gənc qızın təbirincə isə, onlara videonun dərc edilməyəcəyi söz verilibmiş.

Video

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Klipdə 6 gənc – 3 oğlan və 3 qız - Pharrell-in Happy mahnısı havasına Tehranda binaların damında şən rəqslər edirlər.
Video

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Vidoya 40,000 -dən artıq dəfə baxılıb.
Pharrell Williams

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Happy mahnısı bu ilin mart ayında Oskar mükafatına nominasiya olunmmuşdu.

Gənclər Happy mahnısına çəkilmiş klipin Youtube-da yerləşdiriləcəyindən xəbərsiz olduqlarını, çəkilişlərin sınaq səciyyəli olduğunu zənn etdiklərini qeyd ediblər.

Təsdiqlənməmiş məlumatlara əsasən, ümumilikdə video ilə bağlı 13 nəfər həbs olunub, lakin rəsmi mənbələr həbs edilənlərin dəqiq sayını təsdiqləməyib.

İranda İslam İnqilabından sonra 1979-cu ildən qüvvədə olan qanunlara görə qadınlar onları başdan ayağa örtən geyimdə gəzməlidirlər.

"Happy we are from Tehran" videosu ilk dəfə mayın 19-da dərc edildikdən sonra klipə 40 mindən artıq dəfə baxılıb.

İranlı jurnalisit Golnaz Esfandiari ifaçıların həbsilə bağlı tvitterində yazıb ki, “İranda xoşbəxt (Happy) olmaq cinayətdir”.

Happy klipinə görə həbs olunanların azad edilməsi məqsədilə İran rəsmilərinə təzyiq etmək üçün, Twitterdə bir çox istifadəçilər #freehappyiranians həştəqindən istifadə etməyə başlayıblar.