Novruz yarmarkaları: qiymətlər bazarda fərqlidirmi?

Azərbaycanda Novruz Bayramının keçirilməsi ilk olaraq alış-verişin artdığı bazarlarda hiss olunur.

BBC Azərbaycanca müxbirləri bayram bazarlığı ilə əlaqədar Bakıda bazar və Novruz Bayramı üçün təşkil edilmiş yarmarkaya baş çəkib.

Nərimanov rayonunda yerləşən bazarın satıcıları deyir ki, bayramla əlaqədar alıcıların tələbatları artsa da, qiymətlərdə artım cüzidir.

“Yeni ilə baxanda bu bayram ucuzdur”, satıcılardan biri BBC Azərbaycancaya deyib.

Onun sözlərinə görə, təkcə bayramdan bir gün öncə qiymətlərdə artım olması ehtimal edilir. Artımın bir gün olmasının səbəbi isə, alıcıların bazarlara deyil, həmçinin bayram yarmarkalarına üz tutmasıdır.

“Ora ilə buranın qiyməti eynidir, nəyə görə bilmirəm camaat ora çox gedir, bilmirəm”, başqa bir satıcı qeyd edir.

Kənd Təsərrüfatı Nazirliyi martın 15-dən bəri Bakının bir neçə rayonunda Novruz yarmarkaları təşkil edib.

Bəzi alıcılar qeyd edib ki, yarmarkalar daha az gəlirli əhali üçün əlverişlidir.

Nazirliyin Nərimanov rayonunda təşkil edilmiş yarmarkanın işçi qrupunun rəhbəri Savalan Seyfəddinov bildirir ki, məqsəd əhali 50-60 cür ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etməkdir.

Hərçənd ki alıcılardan bəziləri BBC Azərbaycanca kamerasına fərqli fikirlər söyləyib.

“Bazarla bura eyni qiymətdir. Özü də nəyi keyfiyyətlidi, bazarda yaxşı keyfiyyətli məhsulu baha verirlər, amma yaxşısını verirlər, amma burada gətirib o xarab-xuravı bazar qiymətinə satırlar”, alıcılardan biri deyir.

Alıcının fikirləri ilə razılaşmayan cənab Seyfəddinov bildirir ki, bazarlarda qiymət artımının olmaması və ya qiymətlərin eyni qalmasına səbəb, yarmarkada məhsulların ucuz qiymətə təklif edilməsidir.

Azərbaycanlılar ənənəvi Novruz süfrəsini açmaq üçün 21 mart "Beynəlxalq Novruz Günü"ndən bir neçə gün əvvəl, sonuncu çərşənbə axşamına qədər bazarlıq edir.