Milli teleseriallar izlənilirmi?
74 yaşlı Zərifə Hüseynova hər gün saat 12-dən yerli seriallara baxmağa başlayır.
Seriallarla “vaxt öldürdüyünü” deyən xanım Hüseynova gününün altı-yeddi saatını televiziya qarşısında keçirir.
“Gəlinlər əlimi ağdan-qaraya vurmağa qoymur, uşaqlara da nağıllarım o qədər maraqlı deyil. Həm də dördüncü mərtəbədə nə işlə məşğul olum ki?”, bunlar Hüseynovanın seriala baxmasının əsas səbəblərindəndir.
Lakin o, təəssüratlarını heçkimlə bölüşə bilmir, çünki digər ailə üzvləri yerli serialları izləmir. Özü isə bu serialları “milli olduğuna” görə izləyir.
Azərbaycanda yerli teleseriallar təxminən bir il əvvəl - xarici serialların telekanallarda nümayişi qadağan olunandan sonra populyarlaşmağa başlayıb.
2012-ci il may ayının əvvəlinə kimi, ölkədə xarici serialların yayımlanması qadağası olmadığından həmin dövrdə mövcud olan bir neçə milli seriallar izləyici baxımından geridə qalırdı.
Teletənqidçilər, Azərbaycan teleseriallarının keyfiyyətini aşağı hesab edir və vəziyyəti yaxşılaşdırmaq üçün onların istehsalının prodakşn şirkətlərinə verilməsini tövsiyyə edir.
Dövlət maliyyəsi
Xarici teleserialların Azərbaycan telekanallarında nümayişinin qadağası vətəndaşların əksəriyyətinin narazılığı ilə qarşılansa da, kino sahəsinin insanları bunu stimul kimi qəbul edərək ümidlənib.
Qadağadan bir neçə ay öncə isə, Milli Tele-Radio Şurası (MTRŞ) milli teleserialların çəkilişi üçün dövlətin maliyyə ayırdığını açıqlayıb. Maliyyə telekanallara tendersiz bölüşdürülüb.
Milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək üçün ilk sərəncam 2011-ci ildə verilib və Prezidentin Ehtiyat Fondundan günün aktual mövzularına həsr olunmuş telefilmlərin çəkilişi üçün beş milyon manat ayrılıb.
Prosesi “davam etdirmək” üçün verilən altı milyon maliyyə ayrılmasını nəzərdə tutan ikinci sərəncam isə 2013-cü ilin aprelində verilib.
Serial istehsalçıları verilən dəstəkdən məmnun olduqlarını bildirsə də, yenə də maliyyə çatışmazlığından şikayətlənib.
Dram janrında ailə-məişət mövzusunda prodakşn çəkilişi olan 82 bölümlü “Pərvanələrin rəqsi” keyfiyyətinə görə tənqid olunsa da, ən çox izlənən milli seriallardan olub.
Serialının ssenari müəllifi və rol ifaçılarından biri Arzu Soltan deyir ki, ölkədə ilk belə işlər olduğundan teleserialların tənqidi normaldır, lakin görülmuş işlər “yetirincə qiymətləndirilmir”.
“Serial ciddi film olmasa da, hər bir işin ustası cəlb olunmalıdır, yaradıcı heyəti peşəkar olmalıdır”, xanım Soltan təəssüratlarını bölüşdürür.
İşlərin qiymətləndirilməməyinə gəlincə isə, xanım Soltan ssenarist kimi ona təklif edilən məbləğdən danışır.
“Bu yaxınlarda mənə bir ssenari üçün elə bir məbləğ dedilər ki, bir yazı yazsam o pulu qazanardım”.
"Havayı" pul?
Teletənqidçilər deyir ki, minimum şərtlərlə də, keyfiyyətə nail olmaq mümkündür. “Pul dövlətdən gələn havayı pul olduğu üçün məsuliyyətsiz yanaşılır”, teletənqidçi Sevda Sultanova deyir.
Xanım Sultanova təklif edir ki, serial çəkilişləri prodakşn şirkətlərinə verilərsə, keyfiyyətli məhsuldan söhbət gedə bilər.
“Prodakşnlar gələcəkdə televiziyaların onlarla işləməsi üçün çalışacaqlar ki, ortaya keyfiyyətli məhsul çıxarsınlar”.
Maliyyə ayıran TeleRadio Şurası bir neçə dəfə bildirib ki, maliyyə yalnız dəstək üçündür və yeni prodakşnların yaradılması üçün deyil.
Serialların mövzuları da qınaq obyektinə çevrilənlərin sırasındadır.
“Düşüncə azadlığına qadağa olduğundan kəskin sosial-sinfi, ailə institutundakı problemlər işıqlandırılmır, əksinə daha çox duyğu sümürgüsü olan mövzular efirə verilir”, Sultanova qeyd edir.
Ssenarist Arzu Soltan isə qeyd edir ki, ailə-məişət mövzuları ən çox izləniləndir.
Tənqidçi Sultanova ümumilikdə, hazırda serial sənayesinin “keyfiyyət mərhələsinə qədəm qoymadığını” deyir. Lakin o, istedadlı aktyor, rejissor bazasının olduğunu da vurğulayır.
“Azərbaycanda normal iqtisadi şərtlər olsaydı, reklam bazarı olsaydı, televiziya bazarı formalaşsaydı, prodakşnlar rəqabət şəraitində fəaliyyət göstərsəydi, ciddi serial bumundan danışa bilərdik. Bu bazar bizdə hərəkətsizdir”, deyən Sultanova səbəbi iqtisadi-siyasi şərtlərdə axtarır.
"İnkişaf hiss edilir"
Teleradio Şurası isə bu sahədə “inkişaf hiss edildiyini” deyir.
“Türkiyədə də belə idi, əvvəlcə serial inkişafı getmirdi, sonradan müəyyən keyfiyyət əldə edilib”, MTRŞ aparat rəhbəri Toğrul Məmmədov BBC Azərbaycancaya deyir.
Bir neçə ay öncə isə, Şura rəhbəri Nüşirəvan Məhərrəmli ikinci maliyyənin ayrılması zamanı serialları tənqid edib.
“Serialların özündə bayağılıq, şitlik, ümumiyyətlə, sünilik baş alıb gedir. Aktyorların seçimi, mövzunun seçimi belə bu sahədə mütəxəssis olmayanları belə qıcıqlandırır və bəzən bizi özünə cəlb edə bilmir”, Yurd TV-nin reportajında cənab Məhərrəmli deyib.
Hazırda Şura altı min manatlıq ikinçi maliyyəni televiziyalar arasında bölüşdürüb, hər bir kanala 400 min manat düşüb və pul hesablara köçürülmə mərhələsindədir.
Cənab Məmmədov deyir ki, bu il 200 min manat regionlara da yayımlanan Region TV-yə ayrılıb.
Ötən il region kanallarına pul ayrılmaması narazılığa səbəb olub.
2013-cü il sentyabrın 1-ə olan məlumata görə, filmlərin onlayn izləmə imkanını verən platformanın məlumatına görə, yerli seriallara nisbətən saytda izlənilən serialların 3/4 hissəsindən artıq xarici seriallar təşkil edir.
“Bu əsasən Türkiyyə istehsalı olan və ya rus dilinə dublyaj olunmuş Rusiya və Amerikada istehsal olunmuş seriallardır”, myvideo.az portalının layihə rəhbəri Hüseyn Hüseynzadə deyir.
Eyni zamanda, cənab Hüseynzadə qeyd edir ki, Azərbaycan seriallarının izləyicilərinin sayı minlərlədir.
Azərbaycanda xarici serialların yayımı 2012-ci ilin mayın 1-dən MTRŞ-nın qərarı ilə, Nuşirəvan Məhərrəmlinin təbirincə, “gənclərin xarici serialların ruhunda böyüməsinin qarşısının alınması” məqsədilə dayandırılıb.