Thomas de Waal: “Azərbaycan riskə getmək marağında deyil”
Carnegie Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramları üzrə baş eksperti Thomas de Waal “Qara bağ: Ermənistanla Azərbaycan sülhlə hərb arasında” kitabının ikinci nəşrini çapa hazırlayır. Bu barədə o, Yerevanda jurnalistlərlə görüşü zamanı bildirib.
Thomas de Waal düz on il bundan əvvəl çap olunmuş kitabın yeni redaksiyasını ictimaiyyətə cari ildə təqdim edəcək.
“Mən kitabı “Daha da qara bağ” adlandırmışam. Çünki Qarabağ problemi ilə bağlı vəziyyət olduğundan daha da pisləşib. Naşirimlə məsləhətləşdik ki, kitabı təzələmək lazımdı və yeni bir əsaslı kitab hazırlamaq qərarına gəldik. Kitabın əsas hissəsi eynidir, bir neçə yeni şəkil əlavə etmişik və nəticə hissəsini yenilənib. Deməliyəm ki, bu dəfə mənim qənaətlərim daha tutqundur”.
Jurnalistlərin suallarını cavablandıran Thomas de Waal Qarabağ münaqişəsində yaranmış durumu sabit qeyri-sabitlik kimi səciyyələndirdi.
Müharibə ehtimalı
“Hazırda hərbi əməliyyatların başlanması ehtimalı azdır. Əlbəttə, bu mənada biz ilk növbədə nəzərimizi Azərbaycan tərəfə yönəldirik. Lakin, digər tərəfdən, Azərbaycan riskə getmək marağında deyil, çünki müharibə sərfəsiz istiqamət alsa, illərlə əldə etdiyi var-dövləti bir həftədə itirmək təhlükəsi ilə üzləşə bilər”.
“Eyni zamanda, iki təhlükə mövcuddur. Hərbi ritorika ən axırı elə bir hala gətirər ki, Bakı sözündən dönə bilməz. Başqa bir təhlükə odur ki, təmas xəttində əhəmiyyətsiz bir insident müharibəyə səbəb ola bilər. Ermənistanda da bəzi dəliqanlılar kiçik bir insidentə cavab olaraq qərara gələ bilərlər ki, hərbi əməliyyatları tez başlamaq sərfəlidir”.
“Bu gün təmas xəttinin hər iki tərəfində əvvəlkindən qat-qat çox və daha təhlükəli silah cəmləşdirilib. Burada ildə hər iki tərəfindən 30-40 adam həlak olur”.
Qudrət
“Münaqişənin dinamikası eynidir. Son 10 il ərzində dəyişən Azərbaycanın daha da güclənməsi və varlanmasıdır. 1995-ci ildə Azərbaycanın ümumi daxili məhsulu 3 milyard dollar təşkil edirdisə, indi 70 milyarddır. Bu, çox böyük dəyişiklikdir. Lakin, onu da deməliyəm ki, bununla belə Azərbaycanın özünü dərk etməsindən başqa bir şey dəyişməyib. Azərbaycan özünü daha qüdrətli oyunçu hesab edir və buna görə də, 10 il əvvəlkindən daha az təsir ola biləndi”.
“Vasitəçi ölkələr və Minsk Qrupu tənzimlənmənin formasıdır, məzmunu münaqişə tərəfləri təşkil etməlidi. Lakin prosesin dinamikasını dəyişmək üçün dünya birliyi tərəfindən tətbiq edilən təzyiqlər münaqişə tərəflərinin daha güclü müqavimətilə qarşılaşır”.
Aqressivlik və emosialar
“Hər iki tərəfdə emosiyalar və aqressivlik münaqişənin həllini ləngidir. Məsələn, erməni tərəfi sülh naminə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənar əraziləri də güzəşt etməyə hazır deyil. Halbuki, 1988-ci ildə münaqişə başlayanda, heç kəs bu ərazilərdən danışmırdı. Ərazilərin təhlükəsizlik qarantiyası və ya status müqabilində bir şərt kimi müvəqqəti saxlanması bir məsələdir, heç vaxt qaytarmamaq iddiaları isə - tamam başqa şeydir. Emosiyalar və aqressivlik səngimir. Cəmiyyətlər dəyişməlidi. Məsələn, İsveçlər və ya finlər kimi xalqlar bir biri ilə tez dil tapardılar“.