ABŞ rəsmisi Azərbaycanın prezident seçkilərinə münasibət bildirib

"Baxmayaraq ki, Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə 2009-cu ildə referendum keçiriləndə bir sıra Azərbaycanlılar və beynəlxalq siyasi fəallar öz narazılıqlarını bildirdilər, biz deyə bilmərik ki, bu dəyişiklik yaxşı və ya pis haldır."

ABŞ Dövlət Katibi köməkçisinin müavini Thomas Melia cümə axşamı Bakıda keçirdiyi mətbuat konfransında, Azərbaycanda tənqid olunan sahələr olduğu halda Azərbaycanın hazırkı prezidentinin üçüncü müddət üçün seçkilərə qatılmasına münasibətini belə bildirib.

"Azərbaycanın gələcəyi Azərbaycan xalqı və Azərbaycan höküməti tərəfindən müəyyən ediləcək", o BBC Azərbaycancanın sualına cavab olaraq Azərbaycanın hazırkı prezidentinin 3-cü müddət üçün seçkilərə qatılmasına münasibətini açıqlayarkən bildirib.

O, bu il seçki kampaniyasının xarakterinin daha mühüm olduğunu bildirib. "Seçkinin nə qədər rəqabətli, medianın nə qədər açıq olduğu daha önəmlidir", ABŞ rəsmisi deyib.

"ABŞ bizə dost və müttəfiq ölkədir. Amma kimi seçib-seçməmək haqda bizə göstəriş verməyə haqqı yoxdur", bunu isə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Mediaforum saytına bildirib.

Cənab Melianın sözlərinə görə, seçki ilində siyasi sabitliyin qorunması üçün ABŞ Azərbaycana tövsiyə edib ki, jurnalistlərə və siyasi fəallara təzyiqlər ciddi şəkildə araşdırılsın, həbs edilən gənc siyasi fəallar azadlığa buraxılsın, Azad Fikir Universiteti kimi QHT-lər daxil olaraq vətəndaş cəmiyyətində dialoq aktivləşdirilsin və siyasi partiyalarla açıq debatlar keçirilsin.