Fiziki çətinliyi olan insanlar hakimiyyətə narazılığını bildirib
Dövlət xəttilə Ukraynanın Krım şəhərindəki Burdenko adına Bərpa Mərkəzinə müalicəyə gedən bir qrup fiziki çətinliyi olan insan hava nəqliyyat yolunun “uzadılmasını” narazılıqla qarşılayır.
“İki il bundan öncəyə qədər, hər il dövlət xəttilə Bakı-Sinferopol reysi ilə rahat Krıma gedib-gəlirdik, sonra bunu hansısa turizm şirkətinə verdilər, bizi Bakı-İstanbul-Simferopol aparır ki, bu da bizə 17-24 saata başa gəlir”, şikayətçilərdən biri İlham Məhərrəmov BBC Azərbaycancaya deyir.
Məhərrəmov bu yolla gedən fiziki çətinliyi olan insanların yolda zədələnərək müxtəlif yataq yaraları aldıqlarını və nəticədə həmin zədəli yerin əlavə müalicəsi ilə məşğul olduqlarını bildirir.
Məhərrəmovla birgə şikayət edən Telman Əsgərov isə, müalicə günlərinin azalmasından şikayət edir. Birinci qrup əlil olan Əsgərov günlərin 45-dən 28-ə salındığını deyir. O, həmçinin son iki ildə müalicədə olmadığını qeyd edib.
Fiziki çətinliyi olan insanların şikayət etdikləri ünvan, Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək çinli nümayəndəsi birbaşa relslərin dəyişdirilməsini “bahaçılıqla” əlaqələndirir.
“Sizi müşayiət edib aparacaqlar”, nazir müavini Natiq Məmmədov fiziki çətinliyi olanlarla söhbətdə bildirib.
Nazirliyin digər əməkdaşı, Əlillərin Sosial Müdafiəsi Siyasəti şöbəsinin müdir müavini Saday Abdullayev isə, fiziki çətinliyi olan insanların birbaşa reyslə getməmələrinin səbəbinin onlardan asılı olmadığını deyir.
Birbaşa reyslərin iyunun sonu, iyulun əvvəlləri açıldığını bildirən Abdullayev, onlara Bərpa Mərkəzindən verilən yerlərin başqa aylara düşdüyünü qeyd edir. Abdullayev, fiziki çətinliyi olan insanların daha yaxın yolla getdiyini və cəmi üç saat gözlədiklərini deyir.