Batman filminin premyerasında atışma: 10-dan artıq adam öldürülüb

Denver şəhərində Batman haqqında yeni filmin premyerası vaxtı baş vermiş atışmada ən azı 12 nəfər öldürülüb. 50-dən artıq adamın yaralandığı bildirilir.

Yerli vaxtla 00:30-da başlayan “The Dark Knight Rises” filmini tamaşa edənlər əlehqaz taxmış adamın ətrafdakıları gülləbarana tutduğunu deyirlər.

Şahidlərdən biri başında kaska olan zirehli jiletdəki adamın qarşısına çıxanları güllələdiyini deyib.

Polis olaydan sonra avtomobil parkovkasında üstündə tüfənglə tapança gəzdirən 24 yaşlı kişinin həbs edildiyini bildirib.

Şəxs evində partlayıcı maddə saxladığını dedikdən sonra onun yaşadığı binadakı qonşularının hamısı evakuasiya edilib.

Bu barədə məlumat verən polis rəisi kinoteatrda silahın qaldığını güman edib.

Federal Təhqiqatlar Bürosu hadisənin terror aktı olmadığını bildirib.