Heydər Əliyev Mərkəzində yanğın söndürülüb
Bakıda Heydər Əliyev prospektində yerləşən və yenicə istifadəyə verilən Heydər Əliyev Mərkəzində başlamış yanğın söndürülüb.
Yanğının törəmə səbəbləri barədə hələlik rəsmi məlumat verilmir.
APA xəbər verir ki, Bakıda güclü külək əsməsi binadakı yanğını yenidən şiddətləndirib.
Lakin alovlar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin briqadaları tərəfindən yenidən lokallaşdırıb və söndürülüb.
Yanğının söndürülməsinə əllidən artıq yanğınsöndürmə briqadası cəlb edilib.
Eyni zamanda alovun söndürülməsinə vertolyotlar da əlavə edilib.
Turan agentliyi məlumat yayıb ki, binaya gedən bütün yollar bağlanıb və təcili tibbi yardım da çağırılıb.
Yanğın söndürülərkən binaya tonlarla su vurulduğundan binanın daxilinə də ziyan dəydiyi deyilir.
Rəsmilərdən baş nazirin müavini Abid Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, səhiyyə naziri Oqtay Şirəliyev, nəqliyyat naziri Ziya Məmmədov, Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Bakı şəhər prokuroru Əziz Seyidov hadisə yerindədir.
Hadisənin səhər saat 11-də Mərkəzin damında başlandığı deyilir.
Britaniyalı memar Zaha Hadidin layihəsi ilə tikilən bina ekpertlərə görə, 300 milyon manata başa gəlib.