You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

Rus qoşunları Kiyevin kandarında - Rusiya Ukraynanın işğalına necə başladı?

Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatları davam edir. Prezident Putin müraciətində Ukraynanın şərqindəki ukraynalı əsgərləri silahları yerə qoymağa və evlərinə qayıtmağa çağırıb. Hazırda rus əsgərləri Kiyevin yaxınlığındadır.

Canlı reportaj

  1. Bir daha salam, canlı səhifəmizdə Rusiya Prezidenti Vladimir Putinin bu elanından sonra Rusiyanın Ukraynaya hücumuna dair xəbərləri oxudunuz.

    Bu səhifəni bağlasaq da, saytımızda Ukraynadan xəbərlər verməyə davam edəcəyik.

    Səhifəmizi izlədiyiniz üçün təşəkkür edirik.

    Hörmətlə, BBC News Azərbaycanca komandası.

  2. 57 ukraynalı həlak olub, 169 nəfər yaralı var

    Rusiyanın hərbi müdaxiləsi nəticəsində 57 ukraynalı həlak olub, 169 nəfər yaralanıb, Ukraynanın səhiyyə naziri təsdiqləyib.

    İnterfaks-Ukrayna xəbər agentliyi xəbər verir ki, Viktor Lyaşko ölkənin səhiyyə sisteminin hazırda stabil olduğunu bildirib. Bununla belə, ambulator yardım ala bilən insanlara xəstəxana çarpayılarını boşaltmaq tövsiyə olunub.

  3. Müharibə istəməyənlər Kremlin yaxınlığında toplaşıblar

    Moskvadan çəkilmiş kadrlarda Kremlə yaxın yerdə böyük izdiham görünür.

    Müxalifətin mitinqlərindəki həbsləri izləyən OVD-İnfo-nun məlumatına görə, bu gün Rusiyada keçirilən etirazlarda azı 735 nəfər, o cümlədən Moskvada 330-dan çox adam həbs edilib.

    MAFP xəbər agentliyi xəbər verir ki, Moskvanın Puşkin meydanı yaxınlığında 2000, Sankt-Peterburqda isə 1000-ə qədər insan toplaşıb.

  4. Araz Əzimov: Ukraynadakı vəziyyət "ciddi narahatlıq doğurur"

    Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Daimi Şurasının xüsusi iclasında “Ukraynada və ətrafındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu” qeyd edib.

    Azərbaycan XİN-in yaydığı məlumatda deyilir ki, onlayn iclasda vəziyyətin “beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həllinin vacib olduğu” vurğulanıb.

    Qeyd olunur ki, iclasda vəziyyətin daha da pisləşməsinin qarşısının alınması üçün təxirəsalınmaz dialoqa çağırış edilib.

  5. Rusiyanın Ukraynaya hücumü: şimaldan, cənubdan, şərqdən və havadan

  6. Tbilisidə Ukrayna ilə həmrəylik aksiyası keçirilib

    BBC müxbiri Nina Axmeteli xəbəri verir ki, Gürcüstanda müxalif "Droa" ("Zaman gəldi") partiyası olduqca genişmiqyaslı bir nümayiş keçirib. Digər müxalifət partiyaları, fəallar və yüzlərlə adi sakin də mitinqə qatılıblar. Oxşar tədbirlər Gürcüstanın digər şəhərlərində də keçirilib.

  7. Britaniyanın sanksiya tətbiq etdiyi Rusiya bankında Azərbaycanın da payı var

    Azərbaycan Dövlət Neft Fondu (ARDNF- SOFAZ) 2013-cü ildə VTB Bank ASC tərəfindən yeni emissiya edilmiş 500 milyon ABŞ dolları həcmində səhmləri alıb və bankın ümumi səhm kapitalında 2,99%-lik paya sahib olub.

    ARDNF-in saytında 2019-cu ilə aid bir xəbərdə deyilir ki, Fond həmin il bu banka pul qoymasına görə tənqid olunub.

    İqtisadçı Qubad İbadoğlu Facebook hesabında yazıb ki, "Böyük Britaniya VTB-yə sanksiya elan edən kimi Bankın səhmləri 41% dəyər itirdi."

  8. Rusiya-Ukrayna müharibəsi: Azərbaycanın bəzi müxalifət partiyaları hökuməti səssiz qalmaqda ittiham edir

  9. Polşa ukraynalılar üçün qatar göndərəcək

    Polşa Rusiyanın hərbi müdaxiləsində yaralanan ukraynalıları gətirmək üçün bu ölkəyə qatar göndərəcəyini açıqlayıb.

    Reuters agentliyinin xəbərinə görə, Polşanın səhiyyə naziri Adam Niedzielski yaralılar da daxil olmaqla, Ukraynadan gələn miqrantları qəbul edəcəklərini bildirib.

    O, ukraynalıların müalicəsi üçün 120 xəstəxanadan ibarət siyahı hazırladıqlarını qeyd edib.

    "Bu mərhələdə bir neçə min ukraynalı yaralını qəbul edəcək vəziyyətdəyik" - Niedzielski belə deyib.

  10. Rusiyada Ukrayna tərəfdarları həbs olunur

    Bu gün Moskvada və Sankt-Peterburqda Rusiyanın Ukraynanı işğal etməsinə etiraz olaraq aksiyalar keçirilib. Bu foto polislərin Moskvada aksiya iştirakçısını həbs etməsini göstərir.

    Rusiya Prezidenti Vladimir Putin cümə axşamı günü Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.

    Onlarla insanın ölümünə səbəb olan Rusiyanın başlatdığı müharibə, qərb liderlərini Kremlə qarşı misli görünməyən sanksiyalar qəbul etməyə məcbur edib.

    Rusiyanın hava qüvvələri Ukraynanın hərbi bazalarını vurduğu müddətdə quru qoşunları ölkənin şimal, cənub və şərq istiqamətindən hücuma keçib. Nəticədə çoxlu sayda ukraynalı bombalardan qaçmaq üçün evlərini tərk etməyə məcbur olub.

  11. Çernobıl uğrunda gərgin döyüşlər gedir, Ukrayna nəzarəti itirib

    Çernobıldakı keçmiş nüvə stansiyası ətrafında şiddətli döyüşlər gedir.

    Ukraynanın prezident köməkçisi Mixaylo Podolyak deyir ki, stansiyanın dağılıb-dağılmadığını bilmirlər.

    BBC-nin əldə etdiyi videoda görünür ki, Rusiya tankları keçmiş nüvə stansiyasının yanındadır.

  12. "Artıq Ukraynada heç yer əmin-aman deyil"

  13. 4000-dən çox ukraynalı Moldovaya qaçıb,

    Əksəriyyəti qadın və uşaqlar olmaqla 4 mindən çox ukraynalı sərhədi keçərək Moldovaya axın edib.

    Hələlik onların bu ölkədə qalacağı, yoxsa Rumıniyaya gedəcəyi məlum deyil.

    Ölkəni tərk edənlər arasında qadın və uşaqların üstünlük təşkil etməsi onu deməyə əsas verir ki, Ukrayna hökuməti hərbi xidmət yaşında olan kişilərin ölkədən çıxışının qarşısını alır.

    Lakin hələlik bu iddianı təsdiq edən heç bir fakt yoxdur.

  14. Ukrayna küçələrində təşviş və narahatlıq - fotolar

  15. Təcili xəbər, Böyük Britaniya Rusiya bankının aktivlərini dondurub, Aeroflot Britaniyada fəaliyyət göstərə bilməyəcək.

    Böyük Britaniyanın Baş naziri Boris Johnson Parlament qarşısında çıxışı zamanı Rusiyaya qarşı yeni sanksiyalar barədə danışıb.

    Hökumət rəhbərinin sözlərinə görə, iqtisadi qadağalar Rusiyanın dövlət şirkətləri olan VTB bank və Aeroflota (Rusiyanın Hava Yolları şirkəti) da şamil olunacaq.

    Boris Johnson bildirib ki, Aeroflot və Rusiya bankı daha Böyük Britaniyada fəaliyyət göstərə bilməyəcək.

    O, adı çəkilən bankın Birləşmiş Krallığın maliyyə sistemindən tamamilə çıxarılacağını bəyan edib.

    Baş Nazir eynisanksiya tədbirlərinin Belarusa qarşı da tətbiq ediləcəyini açıqlayıb.

    “Londonda olan oliqarxlar gizlənməyə yer tapa bilməyəcəklər”, o əlavə edib.

  16. Rusiyanın Ukraynanı işğala başlamasından çəkilmiş görüntülər və Putinin hədəsi

  17. Moskvada “Müharibəyə yox” şüarları səsləndirilir

    Moskvada Nikitskaya küçəsi boyunca yürüş müşahidə edilir.

    Hadisəni izləyən BBC müxbiri deyir ki, insanların sayı bir neçə yüz nəfər - min nəfərədək ola bilər. Onlar “Müharibəyə yox” şüarını səsləndirir və Kremlə tərəf gedirlər.

  18. Rus qüvvələri Kiyevin kandarındadır, BBC müxbiri Kiyevdən yazır:,

    Rus paraşütçülərinin bu gün səhərdən etibarən Kiyevdən 25-30 kilometr aralıda yerləşən Antonov aviabazasına nəzarət etdiyini bilirik.

    CNN-nin hadisə yerindən olan canlı yayımında ətrafda paraşütçülər aydın görünür.

    Ukrayna Milli Qvardiyası əks-hücuma başladığını bildirib. Qərb kəşfiyyatının proqnozlaşdırdığı kimi, bu hücum sürətlə baş verib, ehtimal ki bu, onların gözlədiklərindən daha sürətli olub.

    Rusiya zirehli kolonları Belarusla sərhəddən cənuba və Krım yarımadasından şimala doğru sürətlə irəliləyib.

    Ruslar bundan sonra nə edəcəklər?

    Əməliyyat bazasının yaradılması paraşütçülərə imkan verir ki, Kiyevi vursunlar və ya onlar indi irəliləyən rus zirehlilərini gözləyə bilərlər. Hər iki ssenari tezliklə baş verə bilər.

  19. Sankt-Peterburqda etirazlar: 10 yaxın şəxs saxlanıb

    Sankt-Peterburqda müharibəyə etiraz olaraq keçirilmiş aksiyada saxlananlar var.

    BBC News Rusca xəbər verir ki, polis saat 17:00-dan etibarən "Müharibəyə yox" plakatları olan insanları saxlayır, indiyədək 10-a yaxın adam saxlanılıb.

  20. Zelenski: Cənubda vəziyyət çətindir

    Prezident Zelenski canlı yayımda deyib ki, Ukrayna Silahlı Qvvələri Donbasda əla işlər görür:

    “Xarkov istiqaməti - şəhəri etibarlı şəkildə qoruyub, saxlayır. Ən problemli vəziyyət cənubdadır.

    Qoşunlarımız Xerson şəhərinin ətrafında gərgin döyüşlər aparır.

    Düşmən işğal altındakı Krımdan sıxışdırılır, Melitopola doğru irəliləməyə çalışır.

    Ölkənin şimalında düşmən Çerniqov vilayətinə doğru yavaş-yavaş irəliləyir, amma orada da onu saxlayanlar var.

    Jitomir vilayəti yaxşı müdafiə olunur. Düşmənin desantları Qostomeldə əngəlləndi, qoşunlar məhv etmək əmrini alıb."