You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Cəbhə bölgəsində döyüşlər - ilk on gündə nə baş verib?
Azərbaycan və Ermənistan arasında sentyabrın 27-də başlamış döyüşlər bu gün də davam edir. Hər iki tərəf hərbi və mülki itkilərin olduğunu deyir. Azərbaycan Müdafiə Nazirliyi çərşənbə axşamı gününün ilk saatlarında "hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfində" olduğunu açıqlayıb.
Canlı reportaj
Tərtərin atəşə tutulması: 1 mülki şəxs həlak olub, iki nəfər yaralanıb - Baş Prokurorluq
Bu gün axşam saat 9-da Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu həlak olub, iki nəfər isə yaralanıb, Baş Prokurorluq bildirib.
Qurum yaralananların - kənd sakini 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu olduğunu bildirir.
Məlumata görə, onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
AİHM münaqişədə iştirak edən ölkələrə mülki sakinlərlə bağlı çağırış edib
Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın şikayətinə cavab olaraq münaqişədə "birbaşa və ya dolayısı ilə iştirak edən bütün ölkələri, o cümlədən Türkiyəyə" çağırış edib.
"Münaqişədə birbaşa və ya dolayısı ilə iştirak edən bütün ölkələri, o cümlədən Türkiyəni Mülki Şəxslərin Hüquqları Haqqında Konvensiyanın pozulmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq", - çərşənbə axşamı günü məhkəməmin yaydığı bəyanatda deyilir.
Məhkəmə ilk dəfə sentyabrın 29-da Ermənistan və Azərbaycanı mülki şəxslərin həyat və sağlamlıqlarına təsir edəcək hərəkətlərdən çəkinməyə çağırmışdı.
Ermənistan Yevlaxda Bakı-Tblisi-Ceyhan neft kəmərini "hədəfə alıb" - Baş Prokurorluq
Azərbaycanın Baş Prokurorluğu bildirib ki, bu gün axşam saat 9-da Ermənistanın silahlı qüvvələri Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirib.
Qurum bu cəhdin qarşısının alındığını qeyd edib.
Təcili xəbər, Nikol Paşinyan: “Putin məni əmin edib”
Ermənistan Baş naziri Nikol Paşinyan BBC-ə müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin onu əmin edib ki, Ermənistan ərazisinə hücum olarsa, Rusiya bu ölkəyə hərbi dəstək verəcək.
BBC müxbiri Jonah Fisher-in Yerevanda Paşinyana verdiyi “Putin son həftələrdə sizinlə telefon danışığında sizi əmin edibmi ki, Ermənistan ərazisi vurularsa, Rusiya Ermənistana dəstək verəcək” sualına Paşinyan “Bəli” deyə cavab verib.
Müsahibəni ingiliscə bu linkdə izləmək olar: https://www.bbc.co.uk/news/av/world-europe-54436859
Cəbrayılın Çaxırlı kəndində həyat işğaldan öncə necə idi: "Çox gözəl yaşayışımız vardı"
"Daha aktiv addımları təsəvvür etmək çətindir", Putinin sözçüsü Rusiyanın səyləri barədə deyir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, münaqişə tərəflərini danışıqlar masasına gətirmək üçün çox böyük səylər göstərilir.
"Hazırdakından daha aktiv addımları təsəvvür etmək çətindir,"– münaqişənin həlli üçün Rusiyanın daha fəal addımlar atıb-atmaması barədə jurnalistlərin sualını cavablandıran mətbuat katibi deyib.
Onun sözlərinə görə, indi Rusiyanın bütün səyləri “atəşi dayandırmağa, siyasi və diplomatik nizamlama prosesinin başlamasına kömək etmək” üzərində cəmləşib.
İran-Azərbaycan sərhədində "tezliklə sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur", Prezident İlham Əliyev deyib.
"İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və sərhəd boyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur".
Bu sözləri Prezident İlham Əliyev bu gün iranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı zamanı deyib.
Prezidentin saytında yazılıb ki, Həsən Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən "ölkəsinin narahatlığını" ifadə edib və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev bildirib ki, Ermənistanın davam edən hərbi təcavüzü və təxribatları regionda sülhün və təhlükəsizliyin təmin olunması işində "ən böyük əngəldir".
Ermənistan "qarşılıqlı güzəştlərə hazırdır" - Nikol Paşinyan AFP-yə müsahibəsində deyib
Ermənistan Baş naziri Nikol Paşinyan AFP agentliyinə deyib ki, Ermənistan Qarabağla bağlı Azərbaycanla "qarşılıqlı güzəştlərə hazırdır".
"Münaqişələri qarşılıqlı güzəştlər əsasında həll etmək lazımdır. Dağlıq Qarabağ hazırdır və Ermənistan Azərbaycanın hazır olacağı güzəştlərə cavab verməyə hazırdır".
Azərbaycan tərəfinin buna şərhi hələ məlum deyil.
Azərbaycan Prezidenti bundan əvvəl bəyan edib ki, Ermənistan qoşunlarını işğal edilmiş torpaqlarından çıxarmaqla bağlı öhdəlik götürməli, qoşunların çıxarılması ilə bağlı vaxt cədvəli təqdim etməli, Nikol Paşinyan “Qarabağ Ermənistan deyil” deməlidir.
"Bundan sonra əlbəttə ki, biz bu düşmənçiliyə son qoymağa və atəşkəs rejimini bərpa etməyə hazır olacağıq”, prezident Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Al-Arabiya telekanalına müsahibəsində demişdi.
Azərbaycan humanitar dəhlizin açılması ilə bağlı erməni əhaliyə və hərbçilərə müraciət edib
Azərbaycan humanitar dəhlizin açılması ilə bağlı erməni əhaliyə və hərbçilərə müraciət edib.
Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib ki, "Azərbaycan humanitar dəhlizlərin açılması, beynəlxalq humanitar hüququn norma və prinsiplərinin tətbiq edilməsinə hazırdır və bununla bağlı erməni əhalisinə müraciət edib".
Anar Eyvazov bildirib ki, müraciət "həyatını qurtarmaq məqsədi ilə könüllü qaydada təslim olmaq istəyən erməni hərbi qulluqçularına" da şamil edilib.
Xarici qəzetlər Azərbaycan-Ermənistan müharibəsi barədə nə yazır?
Zakir Həsənov xüsusi xidməti müşavirədə nədən danışıb?
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün günorta saatlarında keçirdiyi xüsusi xidməti müşavirədə əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyətin təhlil olunmasını və qarşı tərəfin qüvvələrinin "planlı, məqsədyönlü və ardıcıl vurulmasının" davam etdirilməsini tapşırıb.
O, qoşunlara göstəriş verib ki, azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlər görülsün.
Zakir Həsənov həmçinin deyib ki, Ermənistan tərəfi “İsgəndər” əməliyyat-taktiki raket komplekslərindən istifadə edərsə, adekvat tədbir görüləcək.
O, Azərbaycan Ordusuna əmr edib ki, "arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini" tətbiq etməklə, qarşı tərəfin "hərbi-strateji infrastrukturuna böyük zərbələr endirmək planlaşdırılsın", - Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Təcili xəbər, Azərbaycan MN: Yevlax, Goranboy və Beyləqan atəşə tutulub
Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 6-da bildirib ki, Ermənistan silahlı qüvvələri Yevlax, Goranboy və Beyləqan rayonlarının ərazilərini atəşə tutub.
Xankəndi "atəş altındadır" - Ermənistan tərəfi deyir
Ermənistan tərəfi bu gün axşam saatlarında Xankəndinin (Stepanakert) atəşə tutulduğunu deyib.
Bu barədə tanınmamış "DQR-in Xarici İşlər Nazirliyi" Twitter hesabında yazıb.
Bu məlumatın başqa mənbələrdən təsdiqi hələ ki, yoxdur.
Kanada Türkiyəyə silah satışını dayandırdığını bildirir
Kanada bazar ertəsi NATO üzrə müttəfiqi olan Türkiyəyə silah ixracatını dayandırıldığını bəyan edib.
Rəsmi Ottava bildirib ki, bu qərar "onun hərbi texnologiyalarının Azərbaycan-Ermənistan münaqişəsində istifadə olunması" ehtimallarının araşdırılması ilə bağlıdır.
Azərbaycan Müdafiə Nazirliyindən bu məsələ ilə bağlı şərh verilməyib.
Fransa xarici işlər naziri François-Philippe Champagne yaydığı bəyanatda deyilir ki, Kanadanın sərt ixracat nəzarət rejiminə əsasən və davam edən döyüş əməliyyatlarına görə, "vəziyyətin qiymətləndirilməsinə vaxt vermək üçün Türkiyəyə ixraca müvafiq icazələrin verilməsini" dayandırıblar.
Champagne həmçinin yerli KİV-lərdə paylaşılan iddialarla bağlı araşdırma aparmaq sərəncamı verib.
Qarabağda hava necədir?
Bu arada Qarabağda son günlərdə yağan güclü yağışlardan sonra hava dəyişməyə başlayır.
Sinoptiklər çərşənbə günü cəbhənin cənub sektorunda, Füzuli və Cəbrayıl şəhərlərində havanın isti və günəşli olacağını vəd edirlər.
Dağlıq Qarabağda isə yağışlar sabahdan tədricən kəsiləcək, cümə axşamı günü isə buludlar da seyrələcək.
Ermənistanın Baş naziri Dağlıq Qarabağda olub
Ermənistan Baş nazirinin mətbuat xidməti videogörüntü yayaraq bildirib ki, Nikol Paşinyan dünən tanınmamış “DQR"-ə baş çəkib.
Yayılan kadrlarda Paşinyanın hansısa otaqda hərbçilərlə nə isə müzakirə etdiyini görmək olar. Küçədə çəkilmiş kadrlar yoxdur.Videogörüntü səssizdir, lakin xəbər verilir ki, ön cəbhədəki vəziyyət müzakirə olunub.BBC-də bu videonun harada və nə vaxt çəkildiyinin müstəqil mənbədən təsdiqi yoxdur.
"Türkiyənin Azərbaycanın yanında olması, eyni zamanda bölgədə sabitliyin təminatı üçün rol oynayır" - İlham Əliyev, Çavuşoğlu Bakıya səfərini Türkiyənin Azərbaycana dəstəyini "bütün dünyaya göstərmək üçün reallaşdırdığını" deyib.
"Bu səfərin xüsusi önəmi var. Azərbaycan üçün asan olmayan dönəmdə gəlməyiniz xüsusi önəm daşıyır. Bu sizin açıq dəstəyinizin təzahürüdür. Bu dəstəyə görə Azərbaycan xalqı qardaş türk xalqına və onun Prezidentinə dərin minnətdarlıq hissi ilə yaşayır".
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı günü Türkiyə XİN başçısı Mevlüt Çavuşoğlunu qəbul edərkən belə deyib.
"Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə var və bu bizi ruhlandırır," - Azərbaycan Prezidenti vurğulayıb.
O bəyan edib ki, Türkiyənin Azərbaycanın yanında olması "eyni zamanda bölgədə sabitliyin təminatı üçün rol oynayır".
"Mən bunu bu günlərdə də demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda, Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir," - İlham Əliyev deyib.
Prezident daha sonra Azərbaycan-Türkiyə birliyinin önəmindən danışarkən bunun "bütün dünyaya örnək olmalı olduğunu" vurğulayıb.
"Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaq", - o bildirib.
Türkiyə XİN rəhbəri Mevlüt Çavuşoğlu bildirib ki, bu səfərini İlham Əliyevin də vurğuladığı kimi, Türkiyənin, türk xalqının Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün reallaşdırıb".
"Bu gün sizin liderliyinizlə Azərbaycan öz torpaqlarını azad etmək üçün mübarizə aparır və buna qadirdir, gücü var, potensialı var. Əlbəttə, Türkiyə və türk xalqı olaraq, biz də nə vaxt ehtiyacı olarsa, hansı sahədə ehtiyac duyarsa, Azərbaycana hər cür dəstəyi verməyə hazırıq. Bunu Prezidentimiz Ərdoğan və bizlər hər platformada izah edirik, vurğulayırıq”.
Daha sonra Çavuşoğlu “Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmağın “onların da borcu olduğunu” deyib.
O əlavə edib ki, bunun üçün Türkiyənin xarici ölkələrdəki səfirlikləri Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birlikdə çalışır.
“Bu gün sizdən alacağımız təlimatlarla daha böyük güclə bir yerdə çalışmağa davam edəcəyik. Azərbaycanın işğal edilmiş torpaqları artıq azad olunmalıdır. Azərbaycan hüquqi və mənəvi cəhətdən də haqlıdır və bu haqlı mübarizəsini hər yerdə izah edərkən bu mübarizəni də meydanda və masada birlikdə aparmağa, inşallah, davam edəcəyik.
Çavuşoğlu daha sonra deyib ki, İlham Əliyevlə görüşdən sonra o, azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb “bu məsələlərdə necə birlikdə hərəkət edəcəklərini” müzakirə edəcək.
Erdoğan və Merkel Azərbaycan-Ermənistan məsələsini müzakirə edib
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Almaniya kansleri Angela Merkellə keçirdiyi video konfransda Ermənistan-Azərbaycan məsələsini müzakirə edib.
Türkiyənin Anadolu Agentliyi yazır ki, Erdoğan Merkelə Azərbaycanın Ermənistanın işğalı altındakı torpaqları ilə bağlı problemin həlli üçün "BMT qərarlarının icrasının lazım olduğunu" bildirib.
Müdafiə Nazirliyi qurumun adına açılmış saxta hesabla bağlı açıqlama verib
Müdafiə Nazirliyi "Ermənistan tərəfdən Azərbaycan Müdafiə Nazirliyi adına saxta Twitter hesabı açıldığını" bildirib.
"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq,"- qurumun açıqlamasında deyilir.