Canlı səhifəmiz başa çatdı
Lakin saytımızda seçkinin nəticələri barədə xəbərləri oxuya bilərsiniz.
Bizi izlədiyiniz üçün təşəkkür edirik.
You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Bu gün Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilib. Canlı səhifəmizdə seçki və səsvermə prosesi ilə bağlı xəbər və videolar paylaşmışıq.
Lakin saytımızda seçkinin nəticələri barədə xəbərləri oxuya bilərsiniz.
Bizi izlədiyiniz üçün təşəkkür edirik.
125 saylı Zəngilan-Qubadlı Dairəsinin 52 saylı məntəqəsində seçki prosesi bitdikdən sonra seçki qutusu məntəqədəki digər otağa aparıldı. Qutu otağa daxil edildi və məntəqənin işıqları söndürüldü.
Müşahidəçilər və məntəqə komissiya üzvləri arasında baş vermiş 15-20 dəqiqəlik mübahisədən sonra işıqlar yandırılıb və daha sonra seçki qutusu səsvermə otağına qaytarılıb və səslər səsvermə otağında sayılmağa başlanıb.
"Sayım zamanı istifadə olunmuş bülletenlərin qulaqcıqları öncə sayılmadı. Müşahidəçilərin israrından sonra istifadə olunmuş bülletenlərin qulaqçıqları sayıldı. Lakin istifadə olunmamış bülletenlər sayılıb ləğv olunmadı.
Məntəqə sədriəvvəlcə protokolu yazmaq istəməsə də,bir neçə müşahidəçinin təkidindən sonra protokolu yazmalı oldu", müxbirimiz bildirib.
125-ci Qubadlı-Zəngilan seçki dairəsi, 52-ci məntəqədə İmamverdi Kərimov 59 səslə irəlidədir. İkinci yerdə 52 səslə Faiq Kərimovdur, müxbirimiz deyir.
Bu məntəqəni izləyən müxbirimizin sözlərinə görə, hesablamalarda Ülvi Quliyev üstünlük təşkil etdiyi ortaya çıxıb. O bitərəfdir.
Müxbirimiz 10 saylı Binəqədi, 3-cü seçki dairəsi, 8-ci məntəqədə seçkinin nəticələrini izləyib.
Bu məntəqədə bitərəf Musayev Madər öndədir - 138 səs.
Rəbiyyə Məmmədova 39 səslə ikinci, İsmayılova Könül 35 səslə üçüncüdür.
Bu məntəqədə qulaqcıqların sayı 336 çıxsa da, qeydə alınmış imzalar və istifadə olunmuş bülleten sayı 339 çıxıb.
Burada protokollar hələlik müşahidəçi və səlahiyyətli nümayəndələrə təqdim edilməyib, onların DSK-da təsdiqlənəndən sonra veriləcəyi deyilib.
Müxbirimiz 10 saylı Binəqədi seçki dairəsi, 8-ci məntəqədə apardığı müşahidə zamanı seçkini müşahidə edən şəxslərdən birinin digər müşahidəçiyə qarşı kobud tərzdə davrandığını qeydə alıb. Həmin şəxs müxbirimizdən çəkilişi dayandırmağı tələb edib.
125-ci Qubadlı-Zəngilan seçki dairəsi, 52-ci məntəqədə müşahidə zamanı müxbirimiz məntəqədə işığın söndüyünün şahid olub. Həmin məntəqədə müşahidə aparan şəxslərdən biri isə elektrikin qəsdən kəsildiyini iddia edərək buna öz etirazını nümayiş etdirib və seçki qutularının olduğu otağı tərk etməkdən imtina edib. Müşahidəçi səslərin daha böyük otaqda sayılmasını tələb edib.
Sosial şəbəkələrdə 28 saylı Sabunçu III seçki dairəsinin 13 saylı məntəqəsində müşahidəçilərdən birinin digər iki müşahidəçiyə qarşı zor tətbiq etməsi barədə görüntülər yayılıb.
Məntəqə sədri Aygün Aydəmirova bununla bağlı deyib ki, "O yalan söhbətdi ki, Aygün xanım dedi ki, qızımı döyüblər. Yalan söhbətdi. Bizə şər atıb. Mən demişəm ki, məntəqəmi tərk edin. Biz müşahidəçilərdən xahiş etdik ki, bizim işimizə müdaxilə etməsinlər, kənardan baxıb müşahidələrini etsinlər."
"Amma mən başımı vərəqə salan kimi gəlib bitirdi yanımda, bu artıq normal hadisə deyildi. Bunun da şahidləri var. Bir dəfə xəbərdarlıq verdik, ikinci dəfə xəbərdarlıq verdik, axırda səbrimiz daşdı. Birinci müdaxiləni mən etmişəm."
Onun sözlərinə görə yayılmış videolarda müəyyən hissələr kəsilib.
Hazırki qonağımız Hərəkat seçki blokunun nümayəndəsi Azər Qasımlıdır.
Bundan əvvəl Müsavat partiyasının başqanı Arif Hacılı və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli seçki prosesi, namizədlərin qeydiyyatı və səsvermə günü barədə suallara cavab verib.
Bu linkə daxil olaraq canlı yayımı izləyin, ona suallarınızı verin:
76 saylı Lənkəran-Astara seçki dairəsi, 16 saylı məntəqədə müstəqil namizəd Xaliq Bağırovun müşahidəçisi Jalə Bayramova "fiziki təzyiqlə üzləşib".
Jalə Bayramova BBC Azərbaycancaya bildirib ki, onun saçından tutub sürüyərək seçki məntəqəsindən qovublar.
76 saylı Lənkəran-Astara seçki dairəsindən BBC Azərbaycancaya belə hadisənin baş verdiyi və müşahidəçinin məntəqədən qovulduğunu “yalan” adlandıraraq təkzib ediblər.
Müstəqil namizəd Xalid Bağırov baş verənlərlə bağlı ATƏT-in Müşahidə Missiyasını məlumatlandırdığını qeyd edib.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs veriblər, president.az saytı fotolar paylaşıb.
Azertag onların səhər saatlarında səs verdiyini yazıb.
19 Saylı Nərimanov Birinci Seçki Dairəsinin 14 saylı məntəqəsini gəzməyə gəlmiş DSK üzvü müxbirimizə aqressiv davranıb. O özünü təqdim etməkdən də imtina edib.
Müxbirimiz deyir ki, burada müşahidəçilər müvəqqəti yaşayiş yeri arayişı almış 13-15 nəfərin avtobusla gətirilməsindən şikayət ediblər və bunu "aktlaşdırıblar".
Müxbirimiz 10 saylı Binəqədi III Seçki Dairəsinin 8-ci məntəqəsində bir nəfər bir neçə vəsiqə ilə səs verməyə cəhd etdiyini müşahidə edib.
Ona bunu etməyə icazə verilməyib.
32 saylı məntəqədə özünü təqdim etməyən bir kişi müəllimələrin məktəbə, işçilərə yemək gətirdiyini və qazanlarını götürmək üçün gözlədiklərini bildirib.
Onlar əvvəlcə növbətçi olduqlarını, sonra nəzarətçi olduqlarını, sonra isə qəfildən ayağa duraraq otağı tərk etməyə çalışıblar.
125 saylı Zəngilan-Qubadlı Dairəsinin 52 saylı məntəqəsində isə məntəqə sədri və katib başqa bir otaqda əyləşiblər.
19 Saylı Nərimanov Birinci Seçki Dairəsinin 14saylı məntəqəsində seçici fəallığı belə təqdim olunub: 83 nəfər səs verib. Burada 1223 nəfər seçici qeydiyyatdadır.
Onlar seçici fəallığının "az olmasını havanın soyuq olması və namizədlərin zəif təbliğat aparması ilə izah ediblər".
Burada müşahidəçilər qeydiyatla bağlı 13 pozuntu halının olduğunu qeyd ediblər. Bu məntəqədə müşahidə kamera yoxdur.
28 saylı Sabunçu III Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində iki seçici adının qarşısında onlar məntəqəyə gəlməzdən 3 saat əvvəl imza atıldığı iddia edib.
Namizəd Aygül Süleymanlının Facebook səhifəsində paylaşılan və 28 saylı seçki məntəqəsində çəkildiyi iddia edilən video görüntülərdə seçicilər deyirlər ki, onların adı qarşısında səhər saat 9-da imza atılıb və onların adından bülleten atılıb.
“İndi bu necə olacaq, biz 12-də gəlmişik, amma adımızın qarşısında imza var”.
Bir qadın onlara “burda nə var ki, gəlin sizi burdan yazsın, qol çəkin” deyir. Və sonra seçicilərdən soruşulur ki, bəlkə, kimsə onların şəxsiyyət vəsiqəsi ilə gəlib səs verib.
28 saylı DSK-nın katibi Nurəddin Rəhimov BBC News Azərbaycancaya deyib ki, əgər bu məsələ öz təsdiqini taparsa, bu, qanun pozuntusu kimi araşdırılacaq və məsuliyyət daşıyanlar cəzalanacaq. Nurəddin Rəhimovun sözlərinə görə, amma bu məsələ ilə bağlı hələ DSK-ya rəsmi şikayət daxil olmayıb.
Namizəd Aygül Süleymanlı BBC News Azərbaycancaya deyib ki, onlar bu məsələni aktlaşdırıblar və bütün aidiyyətli qurumlara müraciət edəcəklər.
12 Saylı Qaradağ-Binəqədi-Yasamal Dairəsindən 5 saylı məntəqədə müşahidəçi Loğman Əlizadə BBC News Azərbaycancaya bildirib ki, saat 7-dən məntəqədədir.
"Bizə seçki qutularının üzərində olan möhürlərə və kodlara baxaq. Bu əhəmiyyətlidir...Yalnız onların bizə dediyi kodu qeyd edə bildik."
Bundan başqa, bu məntəqədə seçki qutuları ilə bağlı akt yazıldığı qeyd edilib:
"Qutuların bülletenləri atmaq üçün olan yarığı çox enlidir. Oradan 10 dənə-20 dənə bülleten atmaq olar. Lakin Seçki Məcəlləsində var ki, yalnız bir bülletenin atılması üçün yarıq olmalıdır".
Loğman Əlizadə onu da deyib ki, həmçinin qutulardan biri şəffaf deyil, bu isə Seçki Məcəlləsi ilə uyğunsuzluq təşkil edir.
Onun sözlərinə görə, DSK sədri onların xahişi ilə iki dəfə bu məntəqəyə gəlib. Çünki, onlara prosesi izləməkdə "çətinlik yaradılıb və onlar polislə hədələnib".
Bu məntəqədə də müşahidəçilər onlar üçün ayrılmış yerin standartlara uyğun olmadığını, buna görə ayaqüstə durmaq məcburiyyətində olduqlarını qeyd ediblər.
"Bizim müşahidə stollarımız həddindən çox uzaqda idi, müşahidə edə bilmirdik. Baxmaq nədir, heç qutunun bir hissəsini də görə bilmirdik", başqa bir müşahidəçi bildirib.
Məntəqə sədri bu iddialara cavab olaraq bildirib ki, "heç bir çətinlik yoxdur, heç bir problem yoxdur. Bunlar dövlət səviyyəsində verilmiş qutulardır."
O, müşahidəçilərə təzyiq barədə iddialara "qəti etiraz etdiyini" bildirib.
Bu məntəqə Lökbatanda yerləşir.
Seçki komissiyası burada indiyədək 148 nəfərin, müşahidəçilər isə 172 nəfərin səs verdiyini qeyd edib.
25 Nizami ikinci seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd İradə Cavadova 33 saylı məntəqədə qanun pozuntularından şikayətçidir.
Namizədin sözlərinə görə, onun müşahidəçisinə məntəqədə təzyiq olunur və sərbəst işləməyinə şərait yaradılmır.
Həmin dairənin 33 saylı seçki məntəqəsində naməlum müşahidəçi video çəkliş aparılmasına mane olub.
35 Saylı Xətai III Dairə Seçki Dairəsinin 26 Saylı məntəqəsinə səs verməyə gəlmiş seçicilərdən bəziləri onlara bildiriş göndərilmədiyini bildirib.
Onlar iki bloklu bir binada yaşadıqlarını bildiriblər. Onlardan bəziləri əlavə seçici siyahısına salınıb.
Bu məntəqədə hələlik 150 nəfərin səs verdiyi deyilir.