Təxminən saat 11 radələrində Abşeron rayonu Məhəmmədi kəndində isə məntəqə sədrinin dediyinə görə, artıq 400-nəfərə yaxın seçici səs verib.
Məntəqəyə daxil olarkən məkanın qarşısında yanında uşaqlar olan bir neçə xanım gözə dəyir. Mən içəridə çəkiliş apararkən o xanımlardan biri məntəqəyə daxil olmaq istəyir, bu zaman komissiya üzvü ondan getməsini istəyir.
Komissiya üzvlərindən biri dolu olan bülleten qutularını göstərərək seçicilərin aktiv olduğunu danışır.
45 saylı Xırdalan seçki dairəsi üzrə 26 saylı seçki məntəqəsində də seçici azlığı müşahidə olunur, amma bülleten qutuları yarıya qədər doludur. Məntəqəyə bildiriş vərəqi ilə şəxsiyyət vəsiqələri olmadan yaxınlaşan iki xanım geri göndərilir. Bundan başqa 18 yaşı tamam olmayan bir gənc də səs vermək istəsə də, yaşı çatmadığı üçün bu arzusu həyata keçmir.
45 saylı Abşeron seçki dairəsinin 31 saylı seçki məntəqəsi isə bu saatadək rastlaşdığım ən çox seçici gördüyüm məntəqədir. Seçici sayı o qədər çoxdur ki, kabinlərin qarşısında növbə belə yaranır.
Bundan başqa məntəqəyə seçicilər qrup şəklində gəlirlər.
Eyni məktəbdə yerləşən 124 saylı Şuşa-Ağdam- Xocalı-Xocavənd seçki dairəsinin 38 saylı seçki məntəqəsi və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 26 saylı seçki məntəqələrində demək olar ki seçici yoxdur. Məntəqələrdə müşahidəçilərin sayı belə azdır. Bununla belə hər iki kommissiya sədri seçici aktivliyindən razılıq edir.