Hindistan: Zorlamaya görə 5 kişiyə ömürlük həbs verilib

Şəklin mənbəyi, Reuters
Hindistanda Dehli şəhər məhkəməsi 2014-cü ildə danimarkalı qadını zorlamaqda ittiham edilən 5 kişiyə ömürlük həbs cəzası kəsib.
52 yaşlı turist 2014-cü ilin yanvarında bıçaq təhdidi qarşısında soyulub və zorlanıb.
Cinayətə görə 3 nəfər azyaşlı olmaqla 9 nəfər saxlanılıb. Şübhəlilərdən biri ölüb, azyaşlıların işi isə yeniyetmə məhkəməsinə göndərilib.
2012-ci ildə Dehlidə avtobusda bir tələbənin zorlanaraq öldürülməsindən sonra Hindistanda cinsi zorakılıq hadisələrinə diqqət artıb.
Həbs edilmiş 5 kişinin yuxarı instansiya məhkəməsinə şikayət hüququ var.
Danimarkalı qadın Paharganj ərazisində qaldığı otelə yolunu itirdikdən sonra kişilərdən yolu soruşub. O, başına gələnləri Danimarka səfirinin iştirakı ilə polisə danışandan sonra ölkəni tərk edib.
Bu hadisədən sonra Hindistanda zorakılıq əleyhinə yeni qanunlar qəbul edilsə və etirazlar keçirilsə də, qadınlara və uşaqlara qarşı zorakılıq halları barədə məlumatlar tez-tez üzə çıxır.
