Rusiyaya yeni “İpək yolu” lazımdırmı?

Şəklin mənbəyi, Getty
- Müəllif, Oleq Boldırev
- Vəzifə, bbcrussian.com
Moskvada keçirilən Qələbə paradına Qərb liderləri gəlməyəcəklər və beləliklə, əcnəbi qonaqların siyahısında ilk yerlərdən biri Çin Xalq Respublikasının sədri Si Dzinpinə qismət olub.
Moskvaya mərasimlərdə iştirak məqsədilə gələn başqa xarici qonaqlardan fərqli olaraq ola bilsin ki, Çin lideri yeni sazişlər də imzalayacaq.
Dar çevrədə gen məsləhət
Vladimir Putin və Si Dzinpin dar çevrədə geniş məsləhətləşmələr aparacaqlar. Rusiya və Çin liderlərinin hər bir görüşü bir qayda olaraq hansısa qaçılmaz tarixi sənədlərin imzalanacağı barədə proqnozlarla müşayiət olunur. Bu, Krımın ilhaqından sonra baş vermiş Şərqə doğru “böyük dönmədən” əvvəl də belə idi.
Belə proqnozlardan heç də hamısı doğrulmur və hətta Rusiya qazının Çinə nəqli kimi əvvəlcədən elan edilmiş razılaşmalara dair danışıqlar da nikbin rəsmi rəqəmlərin düşünməyə əsas verdiyindən daha çətin gedir.
Buna baxmayaraq, danışıqlar siyahısında bir neçə elə məqam da var ki, bunlar Rusiya-Çin münasibətlərində münasibətlərin yeni mərhələsi ola bilər.
Ekspertlər Çinin qlobal ideyası olan “İpək yolunun yeni iqtisadi qurşağı”na diqqət yetirməyi məsləhət görürlər. Bu layihə Çinin qərb sərhədlərindən Avropaya Mərkəzi Asiya və İrandan keçən infrastruktur şəbəkəsinin yaradılmasını nəzərdə tutur.
Çoxmilyardlı investisiyalar, şose və dəmir yollarının tikintisi, nəticə etibarilə ticarətin dəfələrlə genişlənməsi vəd olunub.
Birlikdə, yoxsa əvəzində
“Əgər Çin sədrinin səfərinin gündəliyinə baxsaq (O Moskvaya Astanadan gəlir, sonra isə Minskə gedəcək), görərik ki, məncə onun üçün əsas məqsədlərdən biri də Rusiyanın və Avrasiya İttifaqının bu layihədə iştirakı olacaq” – deyir Rusiya Elmlər Akademiyası Uzaq Şərq İnstitutundan Vladimir Petrovski.
Petrovski bu layihədə Rusiyanın marağa malik olduğunu düşünənlərin cərgəsindədir.
“İki lider bu məsələni ilk dəfə ÇXR sədri Soçi Olimpiadasına gələndə müzakirə ediblər. O vaxt prezident Putin demişdi ki, Rusiya bu layihədə maraqlıdır və bunda iştirak edəcək” – deyir Petrovski.
Lakin bu yeganə fikir deyil. Rusiya rəsmilərinin bu mövzuda bəyənatlarını izləyənlər qeyd edirlər ki, son iki ildə Çin təşəbbüsünə Moskvadan verilən qiymətlər ehtiyatlı olub.
Rusiyada, Mərkəzi Asiyada köhnəlmiş sovet infrastrukturunun əvəzində yeni infrastrukturun yaradılmasına edilən çağırışları Moskvanın keçmiş SSRİ-nin cənub respublikalarında onsuz da zəifləmiş nüfuzunun itirilməsi ilə nəticələnə biləcəyini düşünənlər az deyil.
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda şərqüşünaslıq kafedrasının müdiri Vladimir Korsun qeyd edir ki, bu konsepsiya ilk dəfə olaraq Si Dzipin tərəfindən 2013-cü ildə Qazaxıstanda səsləndirilib və bu, Avrasiya İqtisadi İttifaqı və Gömrük İttifaqının yaradılması ideayası ilə eyni vaxta təsadüf edib.
“Çinlilər bizim dəfələrlə Şanxay qrupu çərçivəsində azad ticarət zonası yaradılması ideyasına qarşı çıxmağımız və Çin malları ilə rəqabətə “sədd” çəkməyimizlə üzləşiblər. Və elə bu vaxt Avrasiya İttifaqından yan keçən belə bir konsepsiya ortaya atılıb” – deyir Korsun.

Şəklin mənbəyi, AP
Hazırda müzakirələr bu barədədir ki, Rusiya bu layihədə hansı yeri tutacaq və “İpək yolu”nun dirildilməsindən nə qazanacaq.
“Əgər xəritəyə nəzər salsaq, görərik ki, biz şimalda qalırıq. Bizim Transsib magistralımız geostrateji əhəmiyyətini itirir. Praktik olaraq bu o deməkdir ki, bizim məkanımıza maraq daha da azalacaq və bu, bizim Uzaq Şərqimizin geosiyasi əhəmiyyətini azaldır. Belə bir hal ehtiyatlılıq doğurmaya bilməz” – deyir təhlilçi.
Siyasi coğrafiya, yoxsa sadəcə olaraq xəritə?
“Çin bu layihəni bütün hallarda inkişaf etdirməyə çalışacaq və o, onsuz da həyata keçəcək, istər Rusiyalı, istər Rusiyasız və ya istər Avrasiya İttifaqı ilə, istərsə də onsuz – deyir Petrovski, - Əlbəttə, yaxşısı bu layihədsə iştirak etməkdir. Burda qarşılıqlı fayda var. Çin bu layihəni inkişaf etdirmək üçün nəhəng maliyyə və tikinti infrastrukturu layihələri yaradır. Rusiya və Avrasiya İttifaqının başqa üzvləri bu təsisatların resurslarından öz milli iqtisadiyyatlarını inkişaf etdirmək üçün faydalana bilərlər”.
Moskvanın və Pekinin yeni ittifaqı barədə bütün bu söhbətlər Rusiyaya qarşı Qərb sanksiyalarının tətbiqindən sonra ortaya çıxmış “Çin vektoru”nun fonunda baş verir.
Skeptiklər bu qənaətdədirlər ki, Rusiya hazırda güclü partnyor deyil və Çin danışıqçıları bu məqamdan fürsətlənməyə çalışa bilərlər.
Astana, Minsk və Moskva arasında fikir ayrılıqları Avrasiya İqtisadi İttifaqı yanvar ayında işə düşəndən bəri başlanıb və Çin məsələsinin lobbiçiliyində Qazaxıstan və Belarusun Moskva ilə eyni cəbhədən çıxış edəcəyinə bel bağlamaq olmaz.
Optimistlər və Pessimistlər
Petrovski kimi nikbin adamlar deyə bilərlər ki, Çin idxalı üçün ən qısa marşrutlar Avrasiya dəhlizlərindən keçir. Pessimistlər isə məsləhət görürlər ki, hər şey yeni yaranmış alyanslarla ölçülməsin və dünya xəritəsinə yaxşıca nəzər salınsın. Onların fikrincə, Çin və Avropa arasıldakı əsas yollar Rusiya ərazisindən daha cənubdadır.
Ola bilsin ki, tərəzinin gözünə Çinin Rusiya ərazisindəki bir sıra əlavə layihələri qoyulsun. ÇXR sədrinin Moskvaya səfərinin ərəfəsində Çin mətbuatı Moskva və Qazan arasında sürətli dəmir tyolunun tikinti kontraktında Çin şirkətlərininin iştirakına dair sazişin hazırlanmasından yazırdı. Bu dəmir yolu xətti gələcəkdə Pekinə qədər uzadıla bilər.
Putinin Si Dzinpinlə danışıqları belə bir məsələyə daha çox aydınlıq gətirə bilər ki, Rusiya köhnə ticarət marşrutlarının superyeni magistrallara çevrilməsindən nə qazanacaq?
Bu da ola bilər ki, görüş hesabatlarında ümumi müddəalar yer alsın – “yüksək qiymətləndirdilər”, “genişləndirmək barədə razılığa gəldilər” və sair. Bu isə ondan xəbər verəcək ki, Çin superlayihəsinə münasibət hələ də ehtiyartlı olaraq qalır.





