Şirqucaqlayan: heyrətamiz bir dostluğun hekayəsi
2012-ci ildə Valentin Gruener bir şir balasını xilas etdi və onu özü Botsvanadakı canlı aləm parkında böyüdüb başa çatdırdı. Bu, heyrətamiz bir dostluğun başlanğıcı idi, yazır BBC Dünya xidmətindən Jason Caffrey.
***
İndi onlar hər dəfə görüşəndə heyrətləndirici bir səhnə yaşanır – gənc şir ayaqlarını Gruenerin sinəsinə qaldırıb onu məhəbbətlə bağrına baslır.
“Üç il əvvəl bu şir bura gələndən bəri mən düşərgəni demək olar ki, tərk edtməmişəm” – deyir Gruener.
“Bəzən bir gecəliyinə şəhərə gedib bəzi işlərimi görürəm, amma qalan vaxtlarda burada şirlə birlikdə oluram”.
Onun öz həyatını həsr elədiyi bu dişi şirin adı Sirqadır. Onu bala vaxtı fermerin qəfəsindən xilas edib. Mal-qarasına hücum edən heyvanlara güllə atmaqdan bezən həmin fermer Sirqanı başqa şirlərlə birlikdə çəpərli mal axuruna salıbmış.
“Axurdakı şirlər iki, ya üç balanı öldürmüşdülər və ana şir sağ qalan yeganə balasını atmışdı. O lap balaca idi, bəlkə də on günlük olardı” – deyir Gruener.
Willy de Graaf adlı bu fermer Gruenerdən xahiş edib ki, imkanı olsa, bala şiri saxlasın. Onda Gruener bala şiri de Graaf tərəfindən maliyyələşdirilən canlı aləm parkına gətirib və ona “analıq” etməyə başlayıb.
"Belə kiçicik, zərif heyvan necə də kür olurmuş – deyir Gruener – sonra o böyüyüb onqat yekəldi, mən isə hələ də ona baxmalıydım”.
İndi şir böyüyüb, lakin Gruener hər dəfə onun qəfəsini açanda həyəcanla hoppanıb onun boynuna sarılır.
“Mən hər dəfə qəfəsin qapısını açanda belə edir. Bu çox heyrətamiz bir işdir. Belə bir heyvanın bu qədər mehriban olub adamı qucaqlaması doğrudan da qəribədir” – deyir Gruener, - Hərçənd başa düşürəm, niyə belə edir. Axı onun yanında başqa şirlər yoxdur. Odur ki, məni də öz həmcinsi hesab edib bu qədər sevinir”.
Beləcə, onlar iki yoldaş Botsvana cəngəlliklərində gəzib şirlərin xoşladığı əyləncələrlə məşğul olurlar: ağacların altında uzanır, dava-dava oynayır və ova çıxırlar.
“Məncə şirə ayrıca olaraq ovçuluq öyrətməyə ehtiyac yoxdur. Onlarda ovçuluq üçün ev pişiklərində və itlərdə oldiuğu kimi instinkt deyilən bir şey var. Pişik də, bir də görürsın quş və ya siçan tutur. Şir isə təbiidir ki, böyüyəndə daha böyük heyvanları, məsələn ceyranları ovlayır – deyir Gruener, - Mən də ona hazırda həftədə üç dəfə ov etmək imkanı verirəm. Hər bir gəzinti beş saat, bəzən 9 saat çəkir. Biz, bir növ, birlikdə ov edirik”.
Sirqanın ilk qanlı ovundan sonra Gruener fikirləşib ki, bəlkə “dost”undan uzaq dursa yaxşıdır. Amma deyir ki, şir onu özü yaxına buraxır və Gruener Sirganın cəld öldürə bilmədiyi heyvanların “əzabını azaltmaq üçün özü onları öldürür”.
“Bu bir az qəddar mənzərədir. Bir də görürsən, o ceyranı tutdu, sonra yorulub gedib qıraqda gəzir, gəlib bir də heyvanın boğazını dişləyir. Pişik tutduğu siçanla oynadığı kimi, o da öz ovu ilə oynayır”.
Gruener deyir ki, belə mənzərini seyr etmək ürəkaçan deyil.
Willy de Graaf “miniatür park” yaratması üçün Gruenerə 500 hektar torpaq ayırıb. Sirqa da burada yaşayır. Onu vəhşi təbiətə buraxmaq olmaz.
“Təkcə ona görə yox ki, o təbiətdə tək baş çıxara bilməz – deyir Gruener, - həm də ona görə ki, Sirqa insanlardan qorxmaq hissini titirb”.
Buna görə də Sirqa canlı təbiətdə olsa, insanlara həddən artıq çox yaxınlaşa bilər və onu vura bilərlər.
“Şiri buna görə böyütmürük axı”…
Gruenerin dediyinə görə, Sirqa parkda təhlükəsizlik şəraitində, amma vəhşi heyvan kimi yaşaya bilir.
“Onun gələcəyi belə yazılıb” – deyir Gruener.
Bəs görəsən, Gruenerin özü necə bir gələcək barədə düşünür? O, Sirqaya görə doktorluq işini bir kənara atmalı olub.
“Düşünürəm ki, əgər onu başqa, daha geniş qoruğa köçürsələr, bəlkə başqa bir şirlə rastlaşıb yoldaş ola bilər. Bax onda, mən də özümə bir az vaxt tapıb elmi işimi bitirərəm.” – deyir Sirqanın hamisi, - Amma nə qədər ki, onun mənə ehtiyacı var, mən onun yanında olmalıyam. Mənim üçün əsas olan budur”.
“Çətin ki, bizim münasibətlərimizdə nə isə dəyişsin” – deyir Gruener.