İordaniya: İD-ə qarşı hava zərbələri "cavabımızın başlanğıcıdır"

Şəklin mənbəyi, n

İordaniyanın İslam Dövləti (İD) hədəflərinə hava zərbələri girov tutulan iordaniyalı pilotun öldürülməsinə görə "cavab tədbirlərimizin başlanğıcıdır", XİN başçısı Nasser Judeh deyib.

Cənab Judeh CNN telekanalına deyib ki, İordaniya İD-ə qarşı "bütün gücü ilə" vuruşur.

Bundan əvvəl İordaniya yalnız Suriyadakı İD mövqelərini bombalayırdı lakin cənab Judeh deyib ki, hazırda ölkə İraqdakı İD hədəflərinə də keçib.

Bu həftə İD Moaz al-Kasasbeh adlı iordaniyalı pilotun qəfəsdə diri yandırılmasını göstərən videonu dərc etmişdi.

Cümə axşamı həyata keçirilən hava zərbələrindən sonra İordaniyanın hərbi təyyarələri Leytenant Kasbehin yaşadığı kəndin üzərindən uçub.

Həmin vaxt pilotun ailəsi ilə görüşən Kral II Abdullah həmçinin kənddə idi.

Kral İD-ə qarşı mübarizəni gücləndirəcəyini vəd edib. İordaniya İD-ə qarşı hücumlar həyata keçirən, ABŞ-ın idarə etdiyi koalisiyada fəaliyyət göstərir.