You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Yeni il vədlərinizi yerinə yetirməyin beş yolu
Bir çox insanlar Yeni ildə özlərinə həyatlarını dəyişdirəcək vədlər verirlər.
Daha sağlam həyat tərzi sürmək, pul yığmaq, nəyi isə tərgitmək və ya yeni bir hobbiyə başlamaq bunlardan ən çox yayılanlardır.
Yeni il üçün özünüzə nə vəd edirsiniz, edin, onu həyata keçirmək üçün bir şeyə ehtiyacınız var: Motivasiya.
Motivasiyanın isə asanlıqla gəlmədiyini hamımız bilirik.
Scranton Universitetinin araşdırmasına görə, insanların yalnız 8 faizi yeni il vədlərinə əməl edir.
Əgər siz də bu şanslı bir neçə nəfərin arasında olmaq istəyirsinizsə, il boyunca sözünüzə əməl etməyə kömək edəcək bu beş yolu nəzərdən keçirin.
1.Kiçik addımlar atın
Özünüzə real hədəflər qoymaq uğur şansınızı artırır.
Psixoterapevt Rachen Weinstein'a görə, problemin bir hissəsi, "yeni ildə tamamilə fərqli bir insan ola bilərik" kimi səhv anlayış ilə çox böyük hədəflər təyin etməkdən qaynaqlanır.
Əgər özünüzə kiçik hədəflər qoysanız, bu hədəfə çatdıqdan sonra hədəfi yüksəltmək imkanınız olacaq.
Məsələn, marafon qaçacağınıza söz vermək əvəzinə, qaçış ayaqqabısı alıb, qısa məsafələrdə qaçmağa başlayacağınıza söz vermək uğurlu olmaq şansınızı artırır.
Bunun sirri böyük dəyişikliklərdən qaçmaq deyil, uzunmüddətli məqsədə çatmaq üçün real şəkildə irəliləməkdir.
Weinstein "Real həyatda dəyişiklik kiçik addımlarla baş verir" - deyir.
2. Dəqiq olun
Özümüzə məqsəd qoyarkən ona necə nail olacağımızı düşünməmək tez-tez edilən səhvdir.
Addımları dəqiq planlaşdırmaq vacibdir.
Oxford Universitetinin professoru Neil Levy deyir ki, "Çərşənbə axşamı günorta və şənbə səhərləri idman zalına gedirəm" deməyin uğur qazanma ehtimalı "daha çox məşq edəcəyəm" deməkdən daha çoxdur. Bu cür aydın və əldə edilə bilən məqsədlər sizə təkcə niyyəti deyil, həm də ona çatmağın yolunu göstərir.
3. Dəstək almaqdan faydalanın
Edəcəyiniz səyahətdə sizi müşayiət edəcək insanları tapmaq böyük motivasiya mənbəyi ola bilər.
Bu, dostunuzla kursa getmək və ya məqsədinizi başqa insanlarla bölüşmək ola bilər.
Vədlərin verilməsi və yerinə yetirilməsi ilə bağlı amilləri araşdıran Warwick Universitetinin filosofu Dr. John Michael deyir ki, əgər vədlərimizin başqaları üçün vacib olduğunu görsək, bu öhdəlikləri yerinə yetirmək ehtimalımız daha yüksəkdir.
Xüsusən də sözümüzün üstündə durmamağımız başqalarını məyus edəcəksə.Buna görə də, başqalarını hədəfinizə cəlb etmək ona çatmağınızı asanlaşdıra bilər.
4. Uğursuzluğun öhdəsindən gəlin
Məqsədinizə çatmaq çətinləşərsə, dayanın və vəziyyəti qiymətləndirin: Hansı maneələrlə qarşılaşdınız? Hansı metodlar ən yaxşı nəticəni verdi? Bəs hansı ən yararsız idi?
Daha realist olmağa çalışın və ən kiçik uğuru belə qeyd edin.
Əgər eyni məqsəddə qərarlısınızsa, iradənizi gücləndirəcək fərqli bir yolla getməyə nə deyirsiniz?
Gündəlik həyatınızdakı sadə dəyişikliklər düzgün yolda irəliləməyinizə kömək edə bilər.
Sağlam yemək istəyirsinizsə, ağ makaron və çörək yerinə taxıllı makaron və çörək yeyə bilərsiniz.Və ya tortlar və çipslər kimi doymuş yağ miqdarı yüksək olan qəlyanaltılar əvəzinə tərəvəzli qəlyanaltılar və ya smoothie'lər yeyə bilərsiniz.
5. Sözünüzü uzunmüddətli hədəflərlə birləşdirin
Davranış psixologiyası sahəsində çalışan Dr. Anne Swinbourne'yə görə, özünüzə verə biləcəyiniz ən yaxşı sözlər qeyri-müəyyən və keçici həvəslərə dayananlar deyil, uzunmüddətli hədəflərinizə çatmaq yolunda irəliləməyinizə kömək edəcək sözlərdir.
Məsələn, heç bir idman növü ilə məşğul olmamısınızsa, özünüzə böyük idmançı olacağına dair söz vermək əməl edə bilməyəcəyiniz vəd növüdür.
Swinbourne yalnız öz iradəsinə güvənən insanların uğursuzluğa düçar olduğunu deyir.Odur ki, sizi həyəcanlandıran və ya maraqlandıran bir hədəfiniz varsa, ilk gündən ətraflı planla başlayın.Və yolda qarşılaşacağınız canavarlarla mübarizə aparmaq üçün dəstək almaqdan çəkinməyin.