BBC jurnalistlərinin xatirələri: “Mən Qorbini görmüşəm”

Şəklin mənbəyi, RIA Novosti
SSRİ-nin ilk və sonuncu prezidenti hesab edilən Mixail Qorbaçovun hakimiyyətinin son illərində BBC-nin əməkdaşları müxtəlif vaxtlarda ondan apardığı siyasət, uğursuzluğu və planları barədə müsahibə alıb.
Təbii ki, bu müsahibələr həmin jurnalistlərin xatirəsində xüsusi yer tutub, çünki Qorbaçov SSRİ-nin Mərkəzi Komitəsinin xarici mediaya müsahibəyə razılıq verən ilk Baş katibi idi.
BBC News Azərbaycanca həmin jurnalistlər arasında Kevin Bishop, Jamie Kumarasami və Andrew Harding-in Qorbaçovla bağlı ən çox xatırladıqları fikirləri bir araya toplayıb:
Kevin Bishop
Mən Mixail Qorbaçov ilə ilk dəfə 1987-ci ilin aprelində, Amerika televiziya şirkəti NBC-nin Moskvadakı bürosunda assistent işləyərkən görüşmüşəm. O zaman mənim 23 yaşım var idi.
Baş katib tarixdə ilk dəfə olaraq ona müsahibə verməyə razılaşır. Moskvaya aparıcı Tom Brokaw ilə yanaşı bir sıra mühüm simalar da gəlir.
O zamanlar Amerika televiziya şirkətlərinin büdcəsi böyük idi. Bizim komandamız - təxminən 20 nəfərdən ibarət - Kremlə, Borovits qapılarından bənzəri görüşlər üçün kirayə verilən qara "Çayka"-larda daxil oldu. Tom Brokaw-ın müsahibəsi bitdikdən sonra, yazılı lent dərhal Londona, oradan da axşam efirində təqdim olunması üçün "Concord" vasitəsilə New York-a göndərilir.

Şəklin mənbəyi, Getty Images
Mənim rolum, görüşün baş tutduğu binanın yanındakı Dövlət Teleradiosuna məxsus böyük furqonda oturub həm amerikalı, həm də Sovet rejissoru üçün tərcüməçilik etməkdən ibarət idi. Bizim nümayəndəmiz kameraları hansı anda hara tuşlamaq lazım gəldiyini deməli və Sovet nümayəndəsi əmrləri texniklərə çatdırmalı idi.
Onların hər ikisi xanım idi və heç şübhəsiz ki, işlərində təcrübəli və özündənrazı idilər. Hər biri açıqca təkbaşına daha yaxşı iş bacaracağını düşünürdü. Amerikalı enerjili şəkildə vəziyyəti idarə edir, mən danışırdım və Dövlət Televiziya və Radiosunun nümayəndəsi lazım bildiyini icra edirdi.
"Qorbaçov ilə görüşüb" - çox yüksək səslənir. Mən müsahibədən sonra birgə foto çəkdirilən və şəxsən rəhbərin əlini sıxan böyük qrupun bir üzvü idim. Yadımdadır ki, çox həyəcanlı idim və həmin gün vəziyyətin necə olması, hara getdiyim və ya harada dayandığımı dəqiq deyə bilmərəm.
Hər bir halda mən televiziyada cəmi yarım il idi işləyirdim və az əvvəl universitetdə diplom işimi Qorbaçov və aşkarlıq üzrə müdafiə etmişdim. İndi isə onu əyani görə bilmək imkanına layiq görülmüşdüm.
Qorbaçovun diqqət cəlb etmək bacarığı xatirimdə xüsusilə qalıb. Demək olar ki, burada təəccüblü nə var: o, böyük dövlətin başçısı idi. Lakin, mən eyni hissləri o, artıq keçmiş siyasətçi kimi Ottavada qarşıma çıxanda da yaşadım. Onun Hollywood ulduzu kimi bir havası var idi.
Uzun illər sonra, BBC-nin Moskva bürosunun rəhbəri olarkən mən, Qorbaçova həmin müsahibəni xatırlatdım. O dövrdə jurnalistin Qorbaçov ilə görüşü əlamətdar bir hal olmasa da, 1987-ci ildə elə idi.
Məhz o zaman mən əmin oldum ki, televiziya mənim ömürlük ixtisasımdır və karyeram Rusiya ilə bağlı olacaq.

Şəklin mənbəyi, Getty Images
Jamie Kumarasami
1980-ci illərin sonunda Moskvada tələbə ikən mən, "Pravda" nəşriyyatında işləyən insanlarla tanış oldum. Onlar danışırdılar ki, hər zaman verilən tapşırıqlardan biri Qorbaçovun xalını fotolarda retuşlamaq olur.
1992-ci ildə mən BBC-nin Moskva bürosunun prodüseri kimi SSRİ-nin son prezidenti ilə müsahibədə iştirak edirdim.
Qrup fotosunda yanda dayanan mənəm - cavan və zolaqlı kostyumda, parlaq qara saçlı və utancaq gülüşlü. Mixail Qorbaçov ortada qorxusuz və qürurlu görünür - eynən Puşkin meydanındakı "İzvesti" vitrinindəki xələfi Boris Yeltsinin şəkilin yanında asılmış fotosundakı kimi.
Təbii ki, Qorbaçova sualları mən vermirdim və danışığın konkret mövzularını çox da yaxşı xatırlamıram. Lakin, o, yadımda son dərəcə insani keyfiyyətlərə malik, maraqlı və zarafatcıl biri kimi qalıb.
Ən mühümü isə öz yeni ciddi rolunu dərk etməməsi idi. Uzun, hamar, lakin, dumanlı ifadələrdən istifadə edir, özü haqqında üçüncü şəxs kimi danışırdı. Rus xalqının onun geri qayıtmasını istəyəcəyinə inanırdı.
Bu, insanda mərhəmət oyadırdı. Məni, Qərb ilə Şərq arasındakı münasibətlərin yaxşılaşması üçün bu qədər iş görən insan ilə görüş həyəcanlandırırdı. Hətta, özümə də aydın idi ki, qarşımızdakı şəxs keçmiş siyasətçidir, amma, əksər rusiyalı üçün o, iqtisadi böhranların səbəbkarı idi.
Mən, 1996-cı ilə kimi onu, daha bir neçə dəfə gördüm. Mixail Qorbaçov prezidentliyə namizədliyini irəli sürdükdə ancaq yarım faiz seçici onu dəstəkləmişdi. Bir il sonra isə keçmiş lider "Pizza Hut" reklamında çəkilməyə razılıq verir. O, siyasi karyerasının bitdiyini açıq şəkildə elan etsə belə, bundan daha yaxşı göstərə bilməzdi.
Həmin dövrdə mən Polşaya köçmüşdüm və bu xəbəri Qdanskda başqa bir dahi şəxsiyyət Lex Valesa ilə müsahibə almağa gedərkən yolda oxuyub gözlərimə inanmamışdım.
Qorbaçovdan fərqli olaraq, Valesa demokratik seçkilərdə qələbə qazana bilmişdi. Və eynən Qorbaçov kimi getmək lazım gəldikdə dayanmamışdı.
Andrew Harding
Mən Moskvaya 1991-ci ilin payızında Mixail Qorbaçovun prezidentliyinin son günləri əsnasında gəldim.
Mətbuatın diqqəti artıq Boris Yeltsin, "şok terapiyası" və Rusiyanın sərhədlərində cərəyan edən münaqişələrə cəmlənmişdi.
Qorbaçov ilə ya 1996, ya da 1997-ci ildə onun fondunun ofisində görüşmüşdüm. Keçmiş prezident səmimi və ideyalarla dolu idi və - aydın hiss olunurdu ki - əvvəlki kimi cəmiyyətdə öz rolunu tapmağa çalışır. Həmin görüşdən ən çox yadımda qalan Qorbaçovun özünəməxsus cənubi Rusiya ləhcəsi ilə danışdıqları deyil, bizi müşayiət edən Rusiya dövlət televiziyası jurnalistləridir. Biz işləyirdik, onlar isə özləri üçün "BBC-nin Moskvada bir günü" adlı süjet hazırlayırdılar.
Həmkarlar praktik olaraq bizim nədən Qorbaçovdan müsahibə aldığımızı ağıllarına gətirmirdilər. Onlar Qərbin çoxdan tirajdan çıxmış birinə qarşı "qara sevdası" haqqında danışır və Qorbaçovun yeganə tarixi rolunu "Sovet İttifaqını dağıtmaqda" görürdülər.
Aydın idi ki, o zaman rusiyalıların əksəriyyəti də eyni düşüncəyə sahib idi. Buna səbəb isə imperiyanın itirilməsi və ələlxüsus yoxsulluğa düçar olmaları idi.
Uzun danışığına baxmayaraq, məndə bu şəxsə qarşı böyük rəğbət baş qaldırmışdı. Məhz bir səbəbdən: ümidini itirdiyi qüvvələrə qarşı güc tətbiq etməkdənsə o, ləyaqətlə kənara çəkildi.
Bunun əvəzində o, uğurlarının xaos və korrupsiya altında itib batmasının şahidi oldu.
"Bütün siyasi karyeralar məyusluqla bitir," öz aforizmləri ilə məşhur olan görkəmli Britaniya siyasətçisi Enoch Powell deyib. Fikir ilk baxışdan müqayisəli səslənsə də, dərindən düşündükdə doğru olduğunu anlayırsan.
Qorbaçov haqqında düşünərkən mən hər dəfə onun müttəfiqi Eduard Şevarnadzeni xatırlayıram. Onunla Gürcüstanda işləyərkən tanış olmuşdum. O, siyasi karyerasına yenidən başlayaraq Qorbaçovun ürəkdən arzu etdiyi şeyi bacarmışdı. Lakin, nəticə hər bir halda məyusedici oldu.







