COP26 sammiti nə üçün önəmlidir və nəticəsi nə olacaq?

Şəklin mənbəyi, Getty Images/BBC
- Müəllif, Nikolay Voronin
- Vəzifə, Elmi məsələlər üzrə müxbir, BBC Rus Xidməti
Glasgow-da start götürən builki iqlim sammitinin - COP26-nın nəticəsi milyonlarla insanın taleyinə təsir edəcək.
Sammiti bu qədər əhəmiyyətli edən nədir və ölkələr razılığa gəlməsələr, nə baş verəcək?
BBC Rus Xidməti sözügedən tədbir və iqlim dəyişikliyi ilə bağlı internetdə ən çox axtarılan suallara cavab verir.
İqlim niyə dəyişir?
Təxminən XIX əsrin ortalarında baş vermiş sənaye inqilabı və kütləvi istehsal havaya buraxılan sənaye qazlarının həcmini kəskin artırdı. Bu qazlar binaların isidilməsi və işıqlandırılmasında, o cümlədən, hər gün yediyimiz kənd təsərrüfatı məhsullarının istehsalında istifadə etdiyimiz istilik və elektrik enerjisinin yan məhsullarıdır.
Bu qazların çoxu istixana effektinə malikdir. İstixana, bildiyimiz kimi, yeri qızdıran günəş şüalarını qəbul edir, bu istiliyin çölə çıxmasına isə imkan vermir, sanki onu öz şəffaf divarları arasında həbs edir.
Sənaye qazlarının atmosferə yayılması istixana effektinin bütün planet miqyasında baş verməsinə səbəb olur. Metan, karbon dioksid (və ya CO2), su buxarı və digər sənaye emissiyaları Yerə gəlib çatan günəş istiliyini toplayır, geri buraxmır və planetdə orta temperaturun artmasına səbəb olaraq yavaş-yavaş, amma dayanmadan bizi "qızardır".
Temperatur nə qədər artıb?
150 il ərzində sənaye qazları emissiyasının, demək olar ki, durmadan artması Yerdəki temperaturun artıq orta hesabla təxminən 1,1 dərəcə artmasına səbəb olub.
Düşünmək olar ki, hə, nə olsun? 1 dərəcəlik artım - bu ki xırda məsələdir!
Halbuki məsələ çox ciddidir. Birincisi, ona görə ki, buz həmişəki kimi 0 dərəcədə əriməyə başlayır (dəniz buzu isə mənfi 2 dərəcədə).

Şəklin mənbəyi, Getty Images/BBC
Bu isə o deməkdir ki, ilin çox hissəsini qar və buz altında keçirən, ya da donu heç açılmayan şimalda və dağlıq ərazilərdə 1 və ya 1,5 dərəcə əlavə istilik kritik vəziyyət yarada bilər.
Ərinti suları çöllərə doğru axır və nəticə etibarilə dünya okeanına tökülür, bu isə okeanın səviyyəsini artırır, sahilyanı ərazilər su altında qalır.
İkincisi, 1,1 dərəcə artım ortalama rəqəmdir. Planetin bəzi hissələrində istiləşmə daha çox, bəzilərində daha azdır.
Planet isinirsə, niyə bəzi yerlərdə çox soyuqdur?
İqlim proseslərini modelləşdrimək olduqca çətindir, çünki həmin proseslərdə ən müxtəlif amillər rol oynayır. Yuxarıda qeyd etdiyimiz kimi, planet çox qeyri-bərabər şəkildə isinir, ona görə də bəzi yerlərdə atmosferin ənənəvi sirkulyasiyasının pozulmasına görə temperatur müvəqqəti olaraq çox aşağı düşə bilir (2018-19-cu illərin qışında olduğu kimi).
Əsas səbəblərdən biri budur ki, digər regionlarla müqayisədə Arktika daha sürətlə istiləşir, çünki orda əriyən qar və buzlaqlar yerin nisbətən qaranlıq hissələrinin və okean səthinin üstünü açır. Bu isə həmin hissələrin daha çox gün şüası udmasına və daha çox isinməsinə gətirib çıxarır. Proses sürətlənir. Qütblərlə mülayim enliklər arasındakı temperatur fərqi azalmağa başlayır, çoxəsrlik balans pozulur.
Beləliklə, nə qədər parodoksal səslənsə də, qlobal istiləşmənin nəticələrindən biri çox sərt və anomal qışların olmasıdır.
İstiləşmənin bizim üçün təhlükəsi nədədir? Gözlənən fəlakətin miqyası nə qədər böyük ola bilər?
Daşqınlar, torpaq sürüşmələri, qasırğalar, uzunmüddətli istilər və digər problemlər son iyirmi ildə, demək olar ki, iki dəfə artıb.

Şəklin mənbəyi, Getty Images/BBC
Bu proses davam edərsə, bütün insanlığın həyatı təhlükə altında olacaq, çünki son minilliklərdə əcdadlarımız illik orta temperaturun 13-15 dərəcə olduğu komfortlu iqlim şəraitində yaşayıblar.
Alimlər xəbərdarlıq edirlər ki, sonrakı iyirmi ildə iqlim dəyişikliyi nəticəsində baş verəcək ekstremal hava hadisələri qurunun xeyli hissəsini yanmış səhralara çevirə, planeti həyat üçün yararsız hala sala bilər.
Ona görə də tullantıları azaltmaq, yoxsa azaltmamaq kimi bir seçimimiz yoxdur. Məsələ buna nə qədər tez nail ola biləcəyimizdədir.
Çox az vaxtımız var: alimlərin hazırladığı iqlim modelləri göstərir ki, "dönüşü olmayan nöqtəni" - dəyişikliklərin çoxunu aradan qaldıra bilməyəcəyimiz məqamı 2030-cu ildə artıq arxada qoymuş ola bilərik.
İqlim böhranını aradan qaldırmaq nə üçün bu qədər çətindir?
Bu sualın bir neçə doğru cavabı var, amma iki əsas məqam xüsusilə prinsipialdır.
Əvvəla, belə bir fikir geniş yayılıb ki, qlobal istiləşmənin həqiqi səbəbi məlum deyil və sənaye tullantılarıyla dəyişən iqlim arasında səbəb-nəticə əlaqələri qurmaq üçün alimlərin əlində kifayət qədər sübut yoxdur.
Bu, doğru deyil. Həqiqətən də elm qlobal istiləşmənin səbəbləri haqda uzun müddət birmənalı fikir bildirməkdən çəkinib.

Şəklin mənbəyi, Getty Images/BBC
Amma beynəlxalq ekspert qrupu İPCC-nin avqust ayında dərc etdirdiyi hesabatında bununla bağlı dəqiq qənaət ifadə olunub: insan fəaliyyətinin təsiri olmadan belə kəskin iqlim dəyişikliyi sadəcə mümkün deyildi.
Qlobal istiləşməyə təbii faktorların hamısının birlikdə təsiri cəmi 0,02 dərəcədir - yəni iniki vəziyyətdən 30-50 dəfə az.
İkincisi, iqlimin dəyişməsi problemi sözün həqiqi mənasında qlobal xarakter daşıyır. Yer adlı bu istixanada hamımız birlikdə yaşayırıq. Nə qədər uğurlu və varlı olur-olsun, heç bir ölkə təklikdə bu problemin öhdəsindən gələ bilməz.
Hətta Donald Trump-dan nümunə götürüb qonşularla özümüz arasına daş divar hörsək belə, hava axınlarının qarşısını ala bilmərik. Ona görə də böhrandan çıxış yolunu birlikdə axtarıb tapmalıyıq - bir-birimizlə sıx əməkdaşlıq edərək.
COP26 nə deməkdir və nə üçün lazımdır?
COP (Conference of Parties) - tərəflərin konfransı deməkdir. 197 ölkənin nümayəndələri hər il toplaşıb qlobal iqlim dəyişikliklərini müzakirə edirlər və qlobal fəlakətin baş verməməsi üçün istər dövlət səviyyəsində, istərsə də fərdi şəkildə hansı şərtlərə əməl olunması haqda razılığa gəlməyə çalışırlar.

Şəklin mənbəyi, Getty Images/BBC
Sammit BMT-nin 30 il əvvəl Yer kürəsinin bütün ölkələri və əraziləri tərəfindən imzalanmış, insanın iqlimə təsirini məhdudlaşdırmağa yönəlmiş iqlim dəyişikliyi konvensiyası - beynəlxalq razılaşma çərçivəsində keçirilir.
COP26 isə razılaşmanın qüvvəyə mindiyi 21 mart 1994-cü ildən bəri sayca 26-cı toplantıdır. Bu il sammit Şotlandiyanın Qlazqo şəhərində, 1-12 noyabr tarixlərində keçiriləcək.
Glasgow-dakı sammit nə üçün bu qədər önəmlidir?
COP26 bu sahədə əsas nizamlayıcı sənədin - Paris İqlim Sazişinin imzalandığı 2015-ci ildən bu yana iqlim böhranından çıxmaq üçün görülən və görülməyən işlərin müzakirəsinə həsr edilmiş ilk tolnatı olacaq.

Şəklin mənbəyi, Getty Images/BBC
Həmin sənəddə iqlim fəalkətinin qarşısını almaq üçün 175 ölkənin imzaladığı strategiya öz əksini tapıb. Bu ölkələrin hər biri qeydsiz-şərtsiz qəbul edirlər ki, qlobal istiləşmə davam etsə və planetin orta temperaturu sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə artsa, "geriyə dönüş" nöqtəsi arxada qalmış olacaq: son onilliklər ərzində iqlimdə baş vermiş fəlakətli dəyişiklikləri aradan qaldırmaq mümkün olmayacaq.
Bu strategiyanın (necə ki, bütün startegiyaların) nəticə verməsi üçün ona əməl etmək lazımdır və prosesə məhz COP26 nəzarət edir. Sammiti bütün dünyadan olan nümayəndələrin qurultayı da hesab etmək olar - onlar taktiki qərarları müzakirə edib bütün iştirakçıların bu istiqamətdə çalışdığına əmin olmalıdırlar.
Paris Sazişinin tələbləri hansılardır?
Sənədin məzmununu detallara varmadan, tezis şəklində ifadə etmiş olsaq, Paris Sazişinə imza atmış ölkələr aşağıdakı şərtlərə əməl etməyə söz veriblər:
- parnik qazlarının həcmini azaltmaq;
- bərpa olunan enerji istehsalını artırmaq;
- qlobal temperatur artımının 2 dərəcədən xeyli az olmasına çalışmaq, idealda 1,5 dərəcə səviyyəsində məhdudlaşdırmaq;
- iqlim dəyişikliyinin nəticələriylə mübarizədə kasıb və inkişaf etməkdə olan ölkələrə kömək məqsədilə milyardlarla dollar vəsait tapmaq.
Saziş imzalanarkən həm də belə bir razılıq əldə olunub ki, hər 5 ildən bir ölkələr işlərin gedişini və nəticiləri müzakirə edəcəklər.
Beləliklə, COP26 2020-ci ildə baş tutmalıydı, amma pandemiyaya görə sammiti 2021-ci ilə keçirmək lazım gəlib.
Koronavirus pandemiyası vəziyyəti nə dərəcədə yaxşılaşdırdı və ya pisləşdirdi?

Şəklin mənbəyi, Getty Images/BBC
Pandemiya razılaşmaya ən azı sammitin təxirə salınmasına görə ziyan vurdu. Amma bütün dünya məcburi şəkildə "fasiləyə çıxdığı" üçün həyatın ənənəvi ritmi tamamilə pozuldu və biz iqtisadiyyatın pandemiyadan sonrakı bərpası barədə düşünmək üçün əlahiddə fürsət qazandıq.
Doğrudanmı, biz təyyarələrə bu qədər çox minməliyik? Evdən işləməyimiz pik saatlarda ictimai nəqliyyatın tullantılarını azalda bilərmi? Bəlkə dartıq e-urbanizasiyayla məşğul olmaq zamanıdır? Suallar çoxdur.
ABŞ prezidenti Co Bayden bu ölkənin Paris sazişindən çıxmasıyla bağlı Donald Trampın qərarını ləğv edib, pandemiyadan sonra Amerika iqtisadiyyatının bərpa edilməsi planında iqlim dəyişikliyi ilə mübarizəyə geniş yer ayrılıb.
Ancaq COP26-da dünya liderləri çox ambisiyalı hədəflər müəyyənləşdirməli, bu problemin həlli üçün yeni taktika müəyyənləşdirməlidirlər.
Liderlər Qlazqo sammitində hansı nəticəyə ümid edirlər?
Sammit iki həftəyə yaxın davam edəcək, çünki böhranın həllinə dair hər bir ölkənin öz baxışı var, yəni planlar həddindən artıq çoxdur.

Şəklin mənbəyi, Getty Images/BBC
Bundan əvvəlki Madrid görüşündən həll edilməmiş xeyli məsələ qalıb. İsveç aktivisti Qreta Tunberq özünün BMT-dəki çıxışını məhz Madrid sammitinə ithaf etmiş, dünya liderlərini fəaliyyətsizlikdə ittiham edərək gənc nəslin faktiki olaraq gələcəkdən məhrum edildiyini demişdi.
Hərçənd onun sözləri bir çox məsələlərdə ölkələrin razılığa gəlməsinə kömək etmədi. Məsələn, iqlim dəyişikliyinin fəsadlarını ilk növbədə inkişaf etməkdə olan ada dövlətləri hiss etdilər. Dəniz səviyyəsinin yüksəlməsi yavaş-yavaş onların ərazisini kiçildir, quraqlıq və uzunmüddətli istilər kənd təsərrüfatı məhsullarının istehsalını azaldır.
Qlazqo sammitindən əvvəl 100-dən çox inkişaf etməkdə olan ölkə aşağıdakı tələblərlə çıxış edib:
- inkişaf etmiş ölkələr qəbul edilmiş qərarların həyata keçirilməsinə yardım üçün onlara vəsait ayırmalıdırlar; başqa sözlə, iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini və yeni vəziyyətə adaptasiyanı bütünlüklə həmin ölkələr maliyyələşdirməlidirlər;
- inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına qlobal istiləşmənin indiyə qədər vurduğu ziyana görə inkişaf etmiş ölkələr onlara kompensasiya ödəməlidirlər;
- onların iqtisadiyyatının "yaşıl relslər üzərinə" keçməsi xərcini də… yenə inkişaf etmiş ölkələr ödəməlidirlər.
İndi isə özünüzü G7 və ya G20 liderlərindən birinin yerinə qoyun.
Siz öz həmkarlarınızla birlikdə bu məsələlərin həllinə 2020-ci ilə kimi toplam 100 milyard dollar ayırmağı vəd etmişdiz. Artıq 2021-ci ildir, amma hələlik 79 milyard toplanıb. Üstəlik, bu pulların çoxu qrantlar kimi əvəzsiz yox, borc olaraq verilən vəsaitlərdir.
Belə görünür, Qlazqoda müzakirə ediləcək əsas mövzu bu olacaq - inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə mübarizəsinin maliyyələşdirilməsi.
İqlim dəyişikliyi ilə mübarizədə əsas problem hansıdır?
Sadəcə yuxarıların qərarıyla parnik qazlarını azaltmaq faktiki olaraq mümkün deyil. İqlim dəyişikliyi ilə mübarizənin uğurlu olması üçün bu işə sözün əsl mənasında hər birimiz qoşulmalıyıq, amma hələ ki çoxları buna qətiyyən hazır deyil.
Məsələn, digər ölkələrlə müqayisədə Böyük Britaniyanın vəziyyəti kifayət qədər yaxşıdır: 1990-cı illərdən bu yana atmosferə atılan parnik qazlarının həcmi, demək olar ki, iki dəfə azalıb. Bu ona görə mümkün olub ki, enerji istehsalında ölkə zərərli kömürdən vaz keçərək təbii qazdan - xeyli dərəcədə daha zərərsiz yanacaqdan və bərpa olunan enerji mənbələrindən istifadə etməyə başlayıb.
Hərçənd enerji istehsalı problemin ancaq bir tərəfidir. Parnik qazlarının emissiyasını sıfıra endirmək üçün (Bunu mütləq etmək lazım gələcək, əks halda qlobal fəlakət qaçılmaz olacaq) hər birimiz öz şəxsi istehlak vərdişlərimizi radikal şəkildə dəyişməliyik.
Biz açıq nəfəsliklə yatmağa - bütün şəhəri öz batareyamızla "isitməyə" son qoymalı, ciddi şəkildə evimizin izolyasiyasıyla məşğul olmalı, şəxsi nəqliyyatdan tamamən vaz keçərək ancaq ictimai nəqliyyatdan istifadə etməli, çox ət yemək vərdişindən əl çəkməli və daha yaxşısı, vegetarian pəhrizə üstünlük verməliyik və sairə.
Bütün bunları reallaşdırmağa cəmi bir neçə ilimiz qalıb - təxminən növbəti onilliyin sonuna qədər. Ancaq hələ ki dəyişməmiz üçün pul təklif edənlər belə bizi inandıra bilmirlər.






