You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Donald Trump nəhayət ictimai yerdə maska taxıb
ABŞ prezidenti Donald Trump koronavirus pandemiyası başlayandan bəri ilk dəfə olaraq ictimaiyyət qarşısında maska taxıb.
Donald Trump Washington yaxınlığındakı Walter Reed hərbi xəstəxanasına baş çəkib və orada yaralı əsgərlər və xəstəxananın işçi heyəti ilə görüşüb.
"Mən heç vaxt maska taxmağa qarşı olmamışam, amma hesab edirəm ki, bunun vaxtı və yeri uyğun olmalıdır", - Ağ Evi tərk edərkən prezident Trump deyib.
Trump bundan əvvəl maska taxmayacağını söyləmişdi və bunu etdiyi üçün Demokratik partiyadan prezident seçkilərində rəqibi olacaq Joe Biden-ə lağ etmişdi.
Lakin şənbə günü Trump deyib: "Düşünürəm ki, xəstəxanada olduğunuz zaman, o cümlədən, bəzi hallarda əməliyyat masasını təzə tərk etmiş bir çox əsgər və insanla söhbət etdiyiniz bu cür xüsusi bir yerdə olarkən, maska taxmaq əladır".
Prezident Trump-ın maska taxmaq məsələsi barədə fikrinin dəyişməsi ABŞ-da koronavirusa gündəlik yoluxma hallarının sayında şənbə günü yeni rekord göstərici olan 66528 hadisə qeydə alındığı dövrə təsadüf edib.