Panamada "cinçıxarma": hamilə qadın və beş uşağı öldürülüb

Şəklin mənbəyi, Reuters
Panamanın şimal-şərqindəki "Tanrının yeni işığı" təriqətinin nəzarət etdiyi bölgədə kütləvi məzarda 7 nəfərin cəsədi tapılıb.
Bu şəxslərin - hamilə qadınla beş uşağının və 17 yaşlı qonşularının "cinçıxarma" ayini zamanı işgəncəylə öldürüldükləri bildirilir. Uşaqlardan birinin cəmi bir yaşı varmış.
15 nəfərin yaralı olaraq xilas edildiyi bu mərasimdə öldürülən qadının atası da iştirak edib. Baş Prokurorluq 10 nəfərin həbs edildiyini açıqlayıb.
Müstəntiq Rafael Baloyes cəsədləri ayinin keçirildiyi kilsədən iki kilometr aralıda tapdıqlarını deyib.
Kilsədə qurban kəsilmiş keçi tapılıb
Şənbə günündən bəri davam edən "cinçıxarma" ayini haqqında polisə ordan qaça bilmiş iki şəxs məlumat verib. Kilsədə əyri ağızlı xəncər, bıçaq, çubuqlar və qurban kəsilmiş bir keçi tapılıb.
Baloyes bildirib ki, evlərindən çıxarılıb kilsəyə aparılan insanlardan tövbə etmək tələb olunub, sonra da onlara işgəncə verilib.
Çubuq və İncil kitabları ilə döyüldüyü bildirilən bu şəxslərin xəncər və bıçaqlarla öldürüldüyü məlum olub.
Aralarında bir uşaq da olan şübhəlilər "Tanrıdan onlara mesaj gəldiyini" və qətlləri buna görə törətdiklərini deyiblər.
Hüquq-mühafizə orqanlarına yaxın olan mənbələrdən biri AFP-yə verdiyi açıqlamada saxlananlar arasında hamilə qadının atasının da olduğunu bildirib.
Hadisənin baş verdiyi Ngabe-Bugle bölgəsi paytaxt Panama Siti şəhərindən 250 kilometrlik məsafədə yerləşir. Bura həyat səviyyəsinin və oxuma-yazma göstəricilərinin ən aşağı olduğu bölgələrdən biridir.
"Cin çıxarmaq" nə deməkdir?
Cinin təsiri altına düşdüyü hesab edilən insanları "müalicə etmək" üçün keçirilən dini və ya ənənəvi ayinlərə "cin çıxarmaq" deyilir.
"Cin çıxarmaq" (eksorsizm) populyar mədəniyyətdə mübahisəli mərasim hesab olunur və bunda qorxu filmlərindəki təsvirlərin də rolu var.
Notthingham Universitetinin hüquq fakültəsinin müəllimlərindən Helen Hall deyir ki, bu ayinlər neqativ ruhi təsir altında olan "yerləri, insanları və hətta əşyaları da təmizləmə" məqsədiylə həyata keçirilir.
Anqlikan kilsəsinə mənsub olan Hall qeyd edir ki, buna bənzər inanc və ayinlər, demək olar ki, bütün mədəniyyət və ənənələrdə mövcuddur.
"Katolik xristianlıqda eksorsizmin tarixi" kitabının müəllifi Fransic Young bunu katolik mədəniyyətinin əbədi və qaranlıq bir parçası adlandırır.
2018-ci ildə 50 ölkədən 250 min din adamı Vatikanın hər il təşkil etdiyi "cinçıxarma" kurslarına yazılmışdı. Katolik cəmiyyətlərdə bu ayinə marağın artdığı bildirilir.
Katolik kilsəsində "cinçıxarma" seansını bu yöndə təhsil almış rahiblər həyata keçirirlər. Ayin zamanı "şeytani varlıqları qovmaq üçün" dualar və İncildən parçalar oxunur.




