Britaniya parlamentində Brexit üzrə səsvermə təxirə salınır

Şəklin mənbəyi, UK Parliament/ Jessica Taylor
Britaniya parlamentində ölkənin Avropa İttifaqından çıxmasının - Brexit üzrə yeni razılaşmaya dair səsvermə təxirə salınıb.
BBC-nin parlamentdəki müxbirlərinin bildirdiyinə görə, yeni Brexit müqaviləsi azı gələn həftəyədək səsverməyə çıxarılmayacaq.
Bu arada isə Boris Johnson-un yeni Brexit sövdələşməsiylə bağlı "yekun söz" səsverməsi keçirmək çağırışı ilə Londonun mərkəzində on minlərlə insan yürüş keçirir.

Şəklin mənbəyi, Getty Images
"Xalq səsverməsi" ("People's Vote") kampaniyasının təşkilatçıları bildiriblər ki, aksiyanın məqsədi Avropa İttifaqını Baş nazir Boris Johnson-un razılaşdırdığı şərtlərlə tərk etməkdən Britaniyanın məmnun olduğunu yoxlamaqdır.
Etirazçılar Londonun mərkəzi küçələriylə parlamentin yerləşdiyi Westminster binasına doğru hərəkət ediblər.
BBC müxbirlərinin məlumatına görə, yürüş yerli vaxtla günorta saat 12:00 radələrində başlayıb.

Brexit üzrə yeni razılaşmaya dair səsvermə təxirə salınması parlament üzvlərinin müstəqil deputat ser Oliver Letwin-in təklif etdiyi düzəlişə səsverməsindən sonra baş verib.
Letwin-in düzəlişinə görə yeni müqaviləyə razılaşma ilə əlaqəli bütün qanun layihələrinin Parlamentdə qəbulunadək səsvermə keçirilə bilməz.
Oliver Letwin-in təbirincə, onun düzəlişinin əsas məqsədi "müqaviləsiz Brexit variantının qarşısını almaqdır".
Oliver Letwin-in düzəlişiylə bağlı keçirilmiş səsvermə belə nəticəylə başa çatıb: lehinə - 332 səs, əleyhinə - 306 səs.
Beləliklə, Letwin-in düzəlişi parlament tərəfindən qəbul olunub və yeni Brexit müqaviləsi üzrə səsvermə təxirə salınıb.
Səsi önəmli sayılan Şimali İrlandiya Demoktratik Birlik partiyası da Letwin-in düzəlişinə səs verib.
Leyboristlərin lideri Jeremy Corbyn-nin fikrincə, parlamentin qəbul etdiyi düzəliş Britaniya hökümətinə Aİ-dən Brexit vaxtının uzadılmasını xahiş etməyə, deputatlara isə yeni Brexit müqaviləsini ətraflı araşdırmağa və müzakirə etməyə imkan verəcək.
Lakin Baş nazir Boris Johnson bəyan edib ki, "Aİ ilə Brexit-in vaxtının uzadılmasını müzakirə etməyəcək".
İclasda razılaşdırılmamış referendumun qarşısını almaq və ikinci referendumun keçirilməsinə mane olmaq üçün tərəflərarası düzəliş barədə səsvermə dayandırılıb.

Müzakirələrdə nə deyildi?
Baş nazir Boris Johnson-un Brexit müqaviləsiylə bağlı çıxış edən aparıcı müxalif partiya olan Leyboristlərin lideri Jeremy Corbyn deyib ki, "yeni Brexit müqaviləsi bundan əvvəlki müqavilə layihəsindən daha pisdir".
"Yeni müqavilə Britaniyada iş yerlərini, insan haqlarını və Milli Səhiyyə Sistemini risk altına alır, - Jeremy Corbyn vurğulayıb. - Bu müqavilə yoxsulları daha da yoxsullaşdıracaq".
Britaniya parlamentində Şotlandiya Millətçi Partiyası (SNP) fraksiyasının lideri Ian Blackford öz çıxışında qeyd edib ki, yeni Brexit müqaviləsində "Şotlandiyanın rəyi nə soruşulub, nə də ki, nəzərə alınıb".
"Şotlandiya Downing Street-i heç maraqlandırmır da", - Ian Blackford vurğulayıb.
Bundan əvvəl çıxış etmiş Baş nazir Boris Johnson isə yeni Brexit müqaviləsinin Britaniya üçün "əsas üstün cəhətinə" diqqəti çəkib.
"Bu müqavilə Britaniyaya Avropa İttifaqını tamamilə və bütöv şəkildə tərk etməyə imkan verir", - Aİ ilə əldə etdiyi müqavilə layihəsi barədə məlumatla iclası başlayan Baş nazir Boris Johnson vurğulayıb.

Şəklin mənbəyi, Getty Images
37 ildə ilk dəfə
Parlament 37 ildə ilk dəfə bir şənbə günü Boris Johnson-un Brexit müqaviləsinə səs verəcək.
Baş nazir Aİ ilə razılaşdırdığı müqavilənin İcmalar Palatasında baş tutacaq səsverməsindən öncə deputatları onu dəstəkləməyə inandırmağa çalışır.
Onun keçmiş DUP müttəfiqləri və müxalifət partiyaları bu təklifə qarşı səs verməyi planlaşdırır.

Şəklin mənbəyi, Getty Images
Brexit katibi Stephen Barclay səsvermənin "qapalı" ola biləcəyini bildirib. O, hökumətin "hər tərəfdən deputatların narahatlığını dinlədiyini" də söyləyib.
Azı 9 Leyborist deputatın hökuməti dəstəkləyəcəyi gözlənir. Baş Nazir isə keçən ay ona qarşı çıxdıqları üçün vəzifələrindən kənarlaşdırılan 21 Tory deputatın dəstəyinə ümid edir.
İcmalar Palatasında iş Britaniya vaxtilə 9: 30-da başlayacaq. Bu, 1982-ci ildə Falklandların işğalından sonra ilk həftəsonu toplantısıdır.
Cənab Johnson deputatlara açıqlama verəcək və Palatanın sazişlə əlaqədar müzakirəyə keçməzdən əvvəl suallara cavab verəcək.
Səsvermənin nəticəsi Britaniya vaxtilə 14:30-dan əvvəl gözlənilmir.
Cənab Johnsonun Aİ ilə yenidən işlənmiş müqaviləsi cümə axşamı Brüssel sammitində razılaşdırılıb.
Yeni razılaşmada təklif olunan əsas maddələr
- İngiltərə 2020-ci ilin sonunadək və bəlkə də daha uzun müddətdə Aİ-nın qaydalarına riayət etməyə davam edəcək. Bu, sahibkarlığın tənzimlənməsinə görə ediləcək.
- Böyük Britaniya hələ də təqribən 39 milyard funt sterlinqlik "boşanma pulu" ödəyəcək
- İngiltərədə yaşayan Aİ vətəndaşlarının və Aİ-da yaşayan Böyük Britaniya vətəndaşlarının hüquqları təmin ediləcək
- Şimali İrlandiya Aİ-nın vahid bazarına uyğunlaşdırılacaq
- Tənqidçilərin İngiltərəni Aİ ilə gömrük ittifaqında qeyri-müəyyən müddətə saxlaya biləcəyindən ehtiyat etdiyi mübahisəli "backstop" yığışdırılıb
- Şimali İrlandiya İngiltərənin gömrük ərazisinin bir hissəsi olaraq qalacaq, buna görə də Brexit-dən sonra hökumətin gələcək ticarət sövdələşmələrinə daxil ediləcək.
- Lakin Şimali İrlandiya Aİ-nın gömrük zonasına giriş nöqtəsi kimi qalacaq. Böyük Britaniya Şimali İrlandiyaya daxil olan və sərhəddən çıxarılmayacaq məhsullara tariflər tətbiq etməyəcək.
- Birgə Aİ / İngiltərə komitəsi hansı malların vahid bazara girmə riski altında olacağına qərar verəcək və İngiltərə Aİ adından Aİ-nın tariflərini toplayacaq.
- 2017-ci ilin yanvar ayından etibarən dayandırılmış Şimali İrlandiya Məclisi hər dörd ildən bir yeni ticarət tənzimləmələrinə davam edib-etməyəcəyinə dair səsvermə keçirəcək.
- Qərar həm ittifaqçıların, həm də millətçilərin əksəriyyətinin bu qaydaları dəstəkləmələrini tələb etmək əvəzinə, sadəcə çoxluğa əsaslanacaq.








