Suriya ordusu Türkiyənin müdaxiləsinə qarşı hərəkətə keçib

Suriya ordusu türk hərbi qüvvələri ilə üzləşən kürd silahlıları ilə razılığa gəldikdən sonra ölkənin şimalına doğru hərəkətə keçib.

Dövlət mediasının bildirdiyinə görə, Rusiya tərəfindən dəstəklənən Suriya hökumət qüvvələri Türkiyə ilə sərhəddən 30km məsafədə yerləşən strateji Tal Tamer şəhərinə daxil olub.

Razılaşma, kürdlərin əsas müttəfiqi olan ABŞ-ın qoşunlarını Suriyanın şimalından çıxarmaq qərarından sonra baş verib.

Türkiyə kürd qüvvələrini sərhəd bölgələrdən çıxarmaq məqsədilə Suriyaya ötən həftə hərbi müdaxilə edib.

Keçən həftənin sonu kürdlərin idarə etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan ərazilər ağır bombardmana məruz qalıb. Türkiyə ordusu əsas sərhəd şəhərləri olan Ras əl-Ayn və Tal Abyad şəhərlərində nəzarəti ələ keçirib.

Hər iki tərəfdən onlarla dinc sakin və döyüşçü həlak olub.

Bazar günü ABŞ müadfiə naziri Mark Esper bəyan edib ki, Pentagon Suriyanın şimalından 1000 nəfərlik hərbi heyəti geri çağırır. O, ABŞ ordusunun "iki hərbi qüvvə" arasında qala biləcəyindən ehtiyat etdiyini bildirib.

Türkiyənin hərbi müdaxiləsi və ABŞ-ın qoşunlarını geri çağırması tənqidlərə məruz qalıb. SDQ özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanı məğlum edən Qərbin əsas müttəfiqi olub.

Razılaşma ilə bağlı nə məlumdur?

Suriyanın şimalına nəzarət edən kürd hakimiyyətinin verdiyi məlumata görə, bazar günü əldə olunmuş razılaşma Suriya ordusunun "türk işğalını dəf etmək" üçün kürd qüvvələrinin nəzarətində olan sərhəd bölgələrinə hərəkətini nəzərdə tutulur.

Bu, 2012-ci ildən bəri ilk dəfədir ki, hökumət qüvvələri həmin ərazilərə daxil olur.

Həmin vaxt Prezident Bəşər əl-Əsədə sadiq qüvvələr ölkənin digər bölgələrindəki üsyançılarla mübarizə apararkən kürd qüvvələrinə şimalda nəzarəti ələ keçirməyə imkan yaradıb.