You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
ABŞ: Texasda bir ayda ikinci atışma - 5 ölü və onlarla yaralı
ABŞ-da, Texas ştatında bir ayda ikinci dəfə atışma hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb.
İlk öldürülən şəxs polis əməkdaşı olub - o, Midland və Odessa şəhərləri arasındakı magistral yolda atəş açan adamın avtomobilini saxlamağa cəhd edərkən öldürülüb.
Yoldan keçənlərə və sürücülərə avtomobilindən atəş açan həmin adam bir müddətdən sonra maşınını tərk edərək bir poçt furqonunu qaçırıb.
Polis əməkdaşları onu yerli kinoteatr kompleksi yaxınlığında güllələyiblər.
Həmin şəxsin təxminən 35 yaşında ağdərili bir adam olduğu bildirilib.
Cinayətinin səbəbləri naməlum olaraq qalır.
Təxminən bir ay əvvəl Texasın El Paso şəhərində atışmada 22 nəfər ölmüşdü.
Şənbə günü baş verən hadisə nəticəsində təxminən 20 nəfər yaralanıb - onlardan üçü polis əməkdaşı olub.
Odessa şəhər xəstəxanasının bildirdiyinə görə, güllə yarasıyla xəstəxanaya gətirilmiş yaralılar arasında yaşı iki yaşdan aşağı olan bir uşaq da var.
Yaralılardan yeddisinin vəziyyəti ağırdır.