You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Paşinyan Xankəndində Qarabağ münaqişəsinin həlli barədə danışıb
Ermənistanın baş naziri Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda yalnız Yerevanın adından danışmağa hazır olduğunu bildirib. Bu barədə Nikol Paşinyan Dağlıq Qarabağa səfəri zamanı xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, Dağlıq Qarabağ tənzimlənməsi üzrə danışıqların mövcud formatı məsələni həll edə bilməz, çünki münaqişənin əsas tərəflərindən biri danışıqlarda iştirak etmir.
Nikol Paşinyanın sözlərinə görə, əgər tərəflər problemi həqiqətən həll etmək niyyətindədirlər, nəzərə almalıdırlar ki, "məsələnin həllinin başlıca komponenti danışıqların düzgün formatda aparılmasıdır".
Azərbaycan bildirir ki, Qarabağ münaqişəsi üzrə danışıqlar formatının dəyişdirilməsi qeyri-məqbuldur.
"Mənim Qarabağ tənzimlənməsinə dair bəyanatlarımda çox ciddi yeniliklər vardır, ən ciddisi ondadır ki, mən Azərbaycan prezidenti ilə Ermənistan Respublikası adından danışıqlar aparmağa hazıram, Artsax Respublikası (tanınmamış DQR-red.) adından isə danışıqları respublika prezidenti simasında Artsax hakimiyyəti aparmalıdır", - Ermənistanın yeni baş naziri deyib.
Hazırda danışıqlar masası üzərində olan qarşılıqlı güzəştlər məsələsinə gəldikdə, Nikol Paşinyanın sözlərinə görə, bu barədə söhbət "yalnız o zaman gedə bilər, nə zaman ki, erməni tərəflərinə Azərbaycandan Bakının Artsax xalqının öz müqəddəratını həll etmək hüququnu tanımağa hazır olduğu haqqında konkret siqnal verilər".
Çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan Xankəndində (Stepanakert) 9 May münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Dağlıq Qarabağa səfər edib.
"Siyasi agitasiya"
Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı verdiyi açıqlamalar Bakıda tənqidlə qarşılanıb.
Azərbaycan XİN-i onun danışıqlar prosesi haqqında verdiyi "ziddiyyətli açıqlamaları"nın təəssüf doğurduğunu bildirir.
"Ermənistanın yeni baş naziri ilk addım kimi Ermənistan əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə Dağlıq Qarabağ mövzusuna müraciət edərək siyasi aqitasiyaya üstünlük verir", - Azərbaycan XİN-ın mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Dağlıq Qarabağın sakinləri Azərbaycanın sərhədləri daxilində "daxili" öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilərlər. Bu Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində erməni və azərbaycanlı icmalarının sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur".
Bəyanatda ümid edilir ki, Ermənistanın yeni siyasi rəhbərliyi sələflərinin "səhvlərini təkrar etməyəcək", və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq üçün "sivil münasibətlər qurmağa çalışacaq".
"Bir daha vurğulamaq istərdik ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud gündəlik əsasında münaqişənin tezliklə həlli üçün substantiv danışıqlara hazırdır", - XİN-in yaydığı açıqlamada deyilir.
9 May
Dağlıq Qarabağda bu gün "Böyük Vətən müharibəsində qələbə, Dağlıq Qarabağ müdafiə ordusunun yaradılması və Şuşanın azad edilməsi" günü qeyd olunur.
Nikol Paşinyan tanınmamış "DQR prezidenti" Bako Sahakyanla görüşüb və Xankəndində Qardaşlıq Xatirə Kompleksində Böyük Vətən və Qarabağ müharibəsində həlak olan həmvətənlilərin xatirəsinə həsr olunmuş mərasimdə iştirak ediblər.
Mərasimdən sonra Nikol Paşinyanla Bako Sahakyan Şuşaya baş çəkiblər.
Ermənistan parlamenti tərəfindən baş nazir vəzifəsinə seçilmiş Nikol Paşinyanı səfərdə xarici informasiya agentlikləri nümayəndələri müşayiət edir.
Bu arada Azərbaycan Xarici İşlər Nazirliyi "Financial Times", "Associated Press", "Agence France Press" kimi media qurumlarının rəsmi məktubla nazirliyə müraciət edərək Qarabağa səfər etmək üçün Azərbaycan hökumətinin icazəsini xahiş etdiklərini bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, sözügedən beynəlxalq KİV-lərin ölkəmizin qanunlarına, ərazi bütövlüyünə və suverenliyinə, həmçinin beynəlxalq hüquqa hörmətlərini nəzərə alaraq, onların nümayəndələrinin səfərinə etiraz edilməyib.
Təbriklər
Mayın 8-də Ermənistan parlamentində Nikol Paşinyan baş nazir seçildikdən sonra onun ünvanına təbriklər daxil olmaqdadır.
Həmin gün Nikol Paşinyanı Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedev təbrik ediblər.
Kremlin mətbuat xidməti tərəfindən yayılan məlumatda deyilir ki, telefon söhbəti əsnasında Putinlə Paşinyan "Qələbə Günü münasibətilə" bir-birini təbrik ediblər.
"İki ölkə arasında ənənəvi dostluq və müttəfiqlik münasibətlərin davam etdirilməsinin zəruriliyi qeyd olunub.
Çoxtərəfli və inteqrasiya birlikləri, ilk növbədə, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində tərəfdaşlıq əlaqələrini davam etdirməyə hazır olduqları qeyd olunub", - məlumatda deyilir.
Nikol Paşinyanı bu gün ABŞ Dövlət Departamenti də təbrik edib. Bu barədə Dövlət Departamentinin mətbuat katibi Heather Nauert bəyan edib.
"Biz səbirsizliklə Ermənistan hökuməti və xalqı ilə iki ölkə arasında hər iki ölkə üçün ümumi maraq kəsb edən bir çox, o cümlədən, geniş ticarət, demokratiya və qanun aliliyinin müdafiəsi üzrə, eləcə də regional və qlobal təhlükəsizlik sahələrdə sıx əməkdaşlığa ümid edirik", - ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş bəyanatda deyilir.
Putin- Paşinyan görüşü "istisna olunmur"
Bu gün Yerevanda Böyük Vətən Müharibəsində Qələbə gününə həsr olunmuş bayram tədbirlərində iştirak edən Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin yaxın zamanda Vladimir Putinlə Nikol Paşinyan arasında görüş baş turacağı ehtimalı istisna etməyib.
Serj Sarkisyan hakimiyyəti və onun rəhbərlik etdiyi partiyanın hakimiyyətdən kənar edilməsi tələbilə etiraz aksiyalarının lideri, müxalif "Yelk" (Çıxış) parlament fraksiyasının sədri Nikol Paşinyan mayın 8-də Ermənistan baş naziri vəzifəsinə seçilib.