Trump-ın kürəkəni və müşaviri Kushner-i artıq "tam məxfi" iclaslara buraxmayacaqlar

Şəklin mənbəyi, Getty Images
ABŞ mediası prezident Trump-ın kürəkəni və müşaviri olan Jared Kushner haqqındakı təhlükəsizlik araşdırması bitənə qədər "tam məxfi" təhlükəsizlik iclaslarında iştirakına icazə verilməyəcəyini yazıb.
Təhlükəsizlik orqanları səbəb kimi Kushner haqqında araşdırmanın hələ başa çatmadığını göstərib.
Kushner-ə Ağ Evdəki məxfi təhlükəsizlik iclaslarına qatılması və məxfi sənədləri əldə etməsi üçün bir illik müvəqqəti müddət verilmişdi.
Kushner və barəsindəki təhlükəsizlik araşdırması hələ də başa çatmayan digər müşavirlər yüksək səviyyəli iclaslarda iştirak edə bilməyəcək.
Donald Trump prezident seçiləndən sonra qızı İvanka Trump ilə evli olan Kushner-i ticarət siyasəti və Orta Şərq məsələlərindən məsul müşaviri təyin etmişdi.
Kushner vəzifəyə təyin olunmasından bu yana kəşfiyyat xidmətlərində prezident Trump üçün olan gündəlik iclaslarda da iştirak edirdi.

Şəklin mənbəyi, Getty Images
Kushner-in vəkilləri xəbəri təsdiqləyib.
Politico jurnalı 37 yaşında olan Kushner-in cümə günü bu qərar haqqında məlumatlandırıldığını yazıb.
Kushner-in vəkili Abbe Lowell jurnala verdiyi açıqlamada "Bu vəziyyət Kushner-in prezidentin vacib tapşırıqlarını yerinə yetirməsinə mane olmur" deyib.
Kushner-ə ötən sentyabrda ölkə idarəçiliyi ilə əlaqəli yazışmalarını şəxsi elektron poçtundan etməsi səbəbiylə də istintaq başladılmışdı.






