Səudiyyədən xəbərdarlıq: Qüds bəyanatı radikallar üçün "oksigen" olacaq

Şəklin mənbəyi, Getty Images
Qüdsün İsrail paytaxtı tanınması barədə Donald Trump-ın qərarı radikal qruplar üçün "oksigen" olacaq, nüfuzlu səudiyyəli şahzadə deyib.
Türki Feysal əl-Səud bu bəyanatla Bəhreyndə təşkil edilmiş təhlükəsizlik konfransında çıxış edib.
Şahzadə 24 il ərzində Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətinin başçısı olub.
Konfransı izləyən BBC Təhlükəsizlik müxbiri Frank Gardner-in xəbərində deyilir ki, Qüds barədə ABŞ-ın qərarından sonra Körfəz ölkələrində cihadçı hərəkatların güclənəcəyindən narahatdırlar.

Şəklin mənbəyi, Reuters
Bəhreyndə keçirilən Manama dialoqu forumu təhlükəsizlik məsələlərinə həsr olunub.
Konfransda nitqlə ABŞ-ın BMT-dəki nümayəndəsi də çıxış etməli idi. Lakin o foruma qatılmadı.
Cümə günü BMT Təhlükəsizlik Şurasında çıxış edən Nikki Haley deyib ki, "ABŞ aydın olan bir şeyi tanıyır: Qüds, İsrailin paytaxtıdır!".


