Louvre Abu Dhabi: BƏƏ-də yeni muzeyi Emmanuel Macron açıb

Şəklin mənbəyi, AFP
Əbu-Dabidə çərşənbə günü Louvre müzeyi açılıb.
Louvre Abu Dhabi muzeyinin açılış mərasimində Fransa prezidenti Emmanuel Macron iştirak edib.
Louvre Abu Dhabi-nin inşası 1,31 milyard dollara başa gəlib və 10 il çəkib.
Yeni Louvre muzeyinin daimi əsasda 600 eksponatı var, daha 300 sənət əsəri Fransa tərəfindən icarə əsasında verilib.
Muzeyin binası şəbəkəli günbəz formasında işləndiyindən, binanın içərisinə damın şəbəkəsindən təbii gündüz işığı saçır.
Muzeydə sərgilənən tarixi və dini əhəmiyyətli sənət əsərlərini Fransa prezidenti Macron "sivilizasiyalar arasındakı körpü" kimi səciyyələndirib.
"İslamın, digər dinlərı dağıtdığını deyənlər yalançıdır", - Emmanuel Macron deyib.
Muzeyin layihəsi Fransa ilə Əbu-Dabi arasında 2007-ci razılaşdırılıb və ilk olaraq, açılışı 2012-ci ilə planlaşdırılırdı.
Lakin həmin dövrdə baş vermiş qlobal maliyyə böhranı və neft qiymətlərinin kəskin düşməsi nəticəsində layihənin gerçək xərci $654 milyonluq ilkin büdcəni xeyli üstələmiş olub.
Abu-Dabi muzeyi Louvre adından istifadəyə görə, sənət əsərlərinin icarəsi və eləcə də muzeyin idarəçiliyi ilə bağlı məsləhətçi yardıma görə Fransaya yüz milyonlarla dollar pul ödəyir.
Bina tikintintisinə cəlb edilmiş fəhlələrin istismarı məsələsilə bağlı suallar bir ara bu muzey ətrafında ziddiyyətin yaranmasına səbəb olmuşdu.
Lakin tənqidçilər tikinti işləri bitdikdən sonra BƏƏ-nin Səadət adasını ölkənin mədəniyyət guşəsinə çevirəcək layihələrin ilki olan bu muzeyin tikintisinin başa çatmasını heyranedici uğur olduğunu qeyd edib.

Şəklin mənbəyi, AFP
Parisdəki Louvre muzeyi Fransa paytaxtının memarlıq abidəsi sayılır, Louvre dünyanın ən iri incəsənət muzeyidir, bu muzeyi ildə milyonlarla adam ziyarət edir.
Əbu-Dabidəki binanı Fransa memarı Jean Nouvel layihələşdirilib, muzeyin arxitektur quruluşu ənənəvi ərəb məhəlləsinə xas olan struktura bənzəyir.
Bina damının şəbəkəli konstruksiyası isə muzeyin zallarını təbii günəş işığı ilə işıqlandırılmasını təmin etməklə yanaşı, eyni zamanda tamaşaçıları qızmar istidən də qoruyur.
Muzeyin 23 sərgi zalı da daxil 55 otağının heç biri o birisinə bənzəmir.

Şəklin mənbəyi, AFP
Muzeydə Van Gogh, Gaugin və Picasso kimi klassik Avropa rəssamlarından tutmuş amerikalı James Abbott McNeill Whistler (rəssamın Whistler-in Anası adlı tablosu yuxarıdadır) və müasir Çin rəssamı Ai Weiwei-dək dünya şöhrətli sənətkarların əsərləri nümayiş etdirilir.

Şəklin mənbəyi, AFP
Muzeydə Ərəb mədəniyyətini də təmsil edən 28 qiymətli eksponat var.
Həmin tarixi artefaktlar arasında eramızdan əvvəl 6-cı əsrə aid olan əbülhövl fiquru və Qurani Kərimdə qeyd olunan şəxslərin təsviri.

Şəklin mənbəyi, AFP
Geniş ictimaiyyət üçün muzey şənbə günü açılacaq.
Bütün biletlərin qiyməti $16.80-dır, və ehtiyatda olan biletlərin hamısının artıq satıldığı deyilir.
BƏƏ rəsmiləri ümid edir ki, muzeyin əzəməti, binanı tikən işçilərin vəziyyəti və xərclərin ilkin büdcəni xeyli üstələməsi kimi sualları kölgədə qoyacaq.




