You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Şimal qütb parıltısının Şimal dənizində balinaların sahilə atılmasında rolu
- Müəllif, Matt McGrath
- Vəzifə, Ətraf mühit müxbiri
Alimlər, 2016-cı ilin əvvəlində Şimal dənizində 29 balinanın sahilə atılması ilə güclü Günəş qasırğalarından yaranan Şimal qütb parıltısı arasında bir bağlılıq aşkar ediblər.
Yeni bir araşdırmaya görə, qeyd edilmiş geomaqnit pozuntular balinaların naviqasiya qabiliyyətinə pozucu təsir göstərərək onları bəzən dənizin dayazlıq hissəsinə yönəldir.
Yolu azaraq dayazlığa düşən balinalar, tələdən çıxmağa cəhd edərkən, özlərini sahilə atıb və beləcə, Avropa sahillərində ölüblər.
Araşdırmanın nəticələri bu yaxınlarda Beynəlxalq Astrobiologiya jurnalında dərc olunub.
Müəmmalı hadisə
Həmin hadisə tədqiqatçıları məəttəl qoymuşdu, çünki balinların yarılması onların sağlam, tox və gənc olduğunu göstərmişdi.
29 balinanın sahilə atılması bu məsələyə böyük ictimai maraq doğurmuşdu.
Bu hadisəni izahı üçün alimlər xeli sayda nəzəriyyələr irəli sürmüşdü - zəhərlənmədən başlayaraq iqlim dəyişikliyinə qədər.
Belə ki, onlardan bəzilərinin fikrincə, iqlim dəyişikliyi nəticəsində balinaların yemi, suyu daha soyuq olan Şimal Dənizinə doğru hərəkət edir, balinalar isə onların arxasınca irəliləyir.
Balinalar dərin, nisbətən ilıq sularda yaşayır. Onların xeyli sayına Atlantikanın şimalında, Azor adaları ətrafında rast gəlinir.
Yaşı 10-15 arası olan erkək kaşalotlar buradan, adətən böyük sayda kalmarlarla dolu olan şimal sulara doğru hərəkət edir.
Həmin balinalar, bir qayda olaraq, Britaniya və İslandiya sahillərinə qədər və eləcə də Norveç dənizinədək yol keçir və elə eyni yolla da geri qayıdırlar.
Lakin 2016-cı ilin əvvəlində, bir aydan da az vaxt içində, Almaniya, Hollandiya, Britaniya və Fransa sahillərində, özünü quruya atmış 29 balina aşkar edilmişdi.
İndi tədqiqatçılar bu müəmmanın səbəbini başa düşdüklərini bildiriblər.
Alimlər, kaşalotların naviqasiya duyğusunun Yerin geomaqnit sahələrilə sıx bağlı olduğunu bildiriblər.
Yerin geomaqnit örtüyü isə hamar deyil, əksinə müxtəlif, gücü yüksək və aşağı olan elektromaqnit sahələrdən ibarətdir.
Alimlərə görə, nəhəng balinalar həmin maqnit anomaliyaları insan xəritəni oxuyan kimi tanımağa qadirdir.
Almaniyanın Kiel universitetindən doktor Klaus Vanselow və onun həmkarları deyirlər ki, güclü Günəş fırtınaları maqnit sahələrə təsir edir, bu isə, öz növbəsində, balinaların azmasına səbəb olur.
Günəşin kütlə püskürməsi nəticəsində yaranan Günəş fırtınası böyük sayda elektrik yüklü hissəcik və fotonlardan ibarətdir.
Həmin hissəciklər Yerin üst atmosfer qatı ilə toqquşanda Arktika üzərində Şimal qütb parıltısı yaranır.
Alimlər artıq sübut ediblər ki, Günəş fırtınaları quş və arıların naviqasiya qabiliyyətinə təsir edə bilər.