You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
London, Bakı, Dubay, Qroznı – göydələn yanğınları
Londondakı Grenfell Tower bütün dünyada yanğına məruz qalmış göydələnlərdən sonuncusu olub.
Belə görünür ki, bir çox hallarda, Londonda olduğu kimi, binaya çəkilmiş üzlük yanğının sürətlə yayılmasına səbəb olur.
Tehran, Plasco ticarət mərkəzi
25 yanvar 2017-ci ildə İran paytaxtının ən köhnə çoxmərtəbəli binalarından biri - 1962-ci ildə tikilmiş 17 mərtəbəli Plasco ticarət-biznes mərkəzi yanaraq dağılıb.
Binanın uçuqları altında qalan 20 yangınsöndürən həlak olub. Daha 23 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara aparılıb.
Yanğın yuxarı mərtəbələrdə başlasa da sürətlə bütün binaya yayılıb. Buna baxmayaraq yanğınsöndürənlər binadakı bütün insanları oradan çıxarmağa macal tapıblar.
Sulafa Tower göydələni, Dubay
20 iyul 2016-cı ildə yaxşı söndürürlməmiş siqaret kötüyündən Dubaydakı 75 mərtəbəli Sulafa Tower göydələninin 35-ci mərtəbəsində yanğın başlayıb.
Alov binanın bayır örtüyü ilə 20 mərtəbə yuxarı qalxıb. Yanğın təhlükəsizliyi üzrə tanınmış Britaniya ekspertlərindən biri, BB7 firmasından James Lane o vaxt demişdi ki, göydələn çox tez alışan örtüyün qurbanı olub və Birləşmiş Ərəb Əmirliklərindəki bir çox binaların xarici örtükləri dəyişdirilməlidir.
Address Downtown oteli, Dubay
2015-ci il, dekabrın 31-də dünyanın ən hündür qülləsi olan Bürc Dubay-ın yaxınlığındakı 63 mərtəbəli Address Downtown göydələnində yanğın baş verib.
Yanğına səbəb qısa elektrik qapanması olub. İtki olmayıb.
Bir neçə başqa yanğın hadisələrində olduğu kimi, Address Downtown otelində yanğın ona görə sürətlə yayılıb ki, binanın bəzək-tamamlama işlərində tezalışan materiallardan istifadə olunmuşdu. Bunu nəzərə alan BƏƏ rəhbərliyi artıq 2016-cı ildən tikintidə örtük materiallarına tələbləri əhəmiyyətli dərəcədə artırıb.
Bakı, 16 mərtəbəli yaşayış binası
19 may 2015-ci ildə Bakının Binəqədi rayonunda yaşayış binası yanıb.
Bu yanğında 5 uşaq da daxil 15 nəfər həlak olub. Daha 63 nəfər yanıq xəsarətləri alıb və tüstüdən zəhərlənib.
Azərbaycan hakimiyyət orqanlarının rəyinə görə yanğın binanın tezalışan örtüyünə görə sürətlə bütün tikilini bürüyüb. Hətta belə deyilir ki, yanğın elə örtükdən başlayıb.
Torch Tower, Dubay
Fevralın 21-də yanğın sanki taleyin istehzası ilə "Məşəl Qüllə" - Torch Tower adlanan binanı bürüyüb.
Yanğının başlanmasına səbəb bu 82 mərtəbəli yaşayış binasının 50 mərtəbəsində kiminsə manqalda ət bişirməsi olub. Küləyin körüklədiyi alov tez bir zamanda binanın zirvəsinə dırmanıb.
Lakin heç kəs həlak olmayıb. Yalnız 7 nəfər tüstüdən zəhərlənib.
Qroznı, "Olimp" qülləsi
3 aprel 2013-cü ildə Qroznıdakı "Olimp" göydələnində böyük yanğın olub.
Rəsmi məlumata görə yanğına xarab kondisioner səbəb olub və binanın xarici istilik-izolə örtüyü yanırmış. Çeçenistan rəhbərliyinin dediyinə görə yanğında ölən olmayıb.