Basketbolçu Lebron James: ABŞ-da qaradərili olmaq çox çətindir

Şəklin mənbəyi, Getty Images
Amerika basketbolunun ulduzu Lebron James ABŞ-da qaradərili olmağın çətin olduğunu bəyan edib. Bu yaxınlarda onun Los-Angeles-dəki evinin qapısında irqçi yazılar peyda olub.
"Sənin nə qədər pulun olması və nə qədər məhşur olman vacib deyil, Amerikada qara dərili olmaq çox çətindir ", - deyə idmançı bildirib.
"İrqçilik dünyada həmişə mövcud olacaq və Amerikanın bir hissəsi olaraq qalacaq. İndi ABŞ-da, xüsusilə afrikalı amerikalılara qarşı nifrət adı haldır. Afrikalı amerikalıların özlərini bərəbər hiss etmələri üçün bizim cəmiyyət hələ çox şey etməlidir", - deyə James qeyd edib.
Yerli hüquq-mühafizə orqanları James-in qapısında yazılan sözlərin kifayət qədər təhqiredici olduğunu təsdiqləyiblər.
Hazırda polis sui-qəsdçini müəyyən etmək üçün müşahidə kameralarındakı kadrları araşdırır.
