You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Suriya münaqişəsi: Hava həmləsində "məktəblilər həlak olub"
Suriyanın şimal-şərqindəki İdlib əyalətində yerləşən Haas kəndinə hava həmləsi nəticəsində əksəriyyəti məktəbli uşaqlar olmaqla 26 adam ölüb, fəallar bildirir.
Üsyançıların əlində olan Haas kəndində başqa hədəflərlə yanaşı məktəbin də zərbələrə məruz qaldığı bildirilir.
Hücumun Rusiya və yaxud da Suriya təyyarələri tərəfindən həyata keçirildiyi barədə məlumat verilmir.
Dövlət mediası bildirir ki, İdlib vilayətindəki mövqelərə endirilən zərbələr nəticəsində "terrorçular öldürülüb".
Suriya Mülki Müdafiə təşkilatı hücumda 20 şagirdin öldüyünü bildirir. Britaniyada mənzillənən Suriya İnsan Haqları Müşahidə qrupu 15 uşaq olmaqla 26 nəfərin həlak olduğunu xəbər verir.
BMT-nin Unicef təşkilatına əsasən həmlədə 22 uşağın öldüyü xəbər verilir.
"Sonuncu vəhşilik 5 ildən çoxdur ki, davam edən müharibə ərzində məktəb üzərinə ən ölümcül hücumdür", - Unisef təşkilatının rəhbəri Anthony Lake deyib.
Rusiya və Suriya üsyançıların əlində olan Hələb şəhərinin şərqdəki rayonlarına hücumların dayandırıldığını bildirirlər.
İyun və iyul aylarında mühasirədə olan şəhərə hava zərbələri nəticəsində 100-dən artıq mülki sakin həlak olub, fəallar deyir. BMT Hələbin humanitar böhran şəraitində yaşadığını bildirir.
Belə görünür ki, Hələb şəhərindən 75 km cənub-qərbə doğru yerləşən Haas kəndinə hücum şiddətli olub və bir sıra binanı yerlə yeksan edib, BBC müxbiri James Longman Beyrutdan xəbər verir.
Haas kəndinin yerləşdiyi İdlib əyaləti Suriya müxalifətinin sonuncu isthekamlarından sayılır.
Bölgə müntəzəm olaraq Rusiya və Suriya hava qüvvələrinin bombardmanına məruz qalır.